Uşaqlar nağıllardakı enerji, hərəkət, fəaliyyət və yumoru sevir Mədəniyyət

Uşaqlar nağıllardakı enerji, hərəkət, fəaliyyət və yumoru sevir

Alleqoriya qədim əcdadlarımızın ictimai şüurunu qüvvətləndirən mühüm bir amil olub. Nitq, dil və təfəkkürü inkişaf etdirən nağıl yaradıcılığı məhz şüur mərhələlərindən (animizm, fetişizm, totemizm, antropomorfizm, magiya, simvol və s.) keçəndən sonra onun nitq qabiliyyəti formalaşmağa başlayır, müəyyən psixi hadisələrin təsiri, söz demək ehtiyacının yaranması, düşüncəsini sözlə ifadə etmək məcburiyyəti dilin pozitiv inkişafına səbəb olur. Bu da birbaşa ilkin nağıl yaradıcılığına təkan verən böyük qüvvəyə çevrilir. Alleqorik nağıllarla uşaq nağıllarındakı alleqorikliyi fərqləndirən birinin dil, nitq və təfəkkür xüsusiyyətlərinə tabe olması, digərinin isə uşaq nağıllarındakı alleqorikliyin sifət məzmununda çıxış etməsidir. Məhz hər ikisi insanın insanın psixoloji yanaşma üsulu ilə bağlıdır.
Üçüncüsü, ictimai məzmun daşıyan uşaq nağılları insan və cəmiyyət arasındakı ziddiyyətlərə və problemlərə həsr olunur. Amma həyatdakı bu ziddiyyətlər, problemlər olduğu kimi yox, uşaq təfəkkürünə uyğun şəkildə nağıla daxil olur. Bu nağıllarda ziddiyyətlər tez həll olunur. Belə nağıllarda ziddiyyətləri yaradan insan və cəmiyyət amilinin yumşaq şəkildə üzə çıxması, nağıla transformasiya olunmasıdır. Bu xüsusiyyət nəzər yetirdiyimiz yuxarıdakı üç məzmunda olan uşaq nağıllarından çox ciddi şəkildə fərqlənir. Uşaq nağıllarının konkret tipində cəmiyyətin müvafiq quruluşu, idarəetmə funksiyası, ierarxiyası öz əksini tapa bilir. Məsələn, nağılda şir hökmdar, tülkü vəzir, qurd cəllad vəzifələrini icra edir. Uşaq nağıllarındakı heyvan obrazlarının ambisiyalı xüsusiyyəti ilə insanların xarakterləri arasında olan yaxınlığı bir tərəfdən cəmiyyətə təsiretmə qüvvəsi kimi qiymətləndiririksə, digər tərəfdən zorakılığa nifrət, ədalətsizliyə qarşı mübarizə ruhunu oyadan xüsusiyyət kimi də başa düşə bilərik.
Uşaq nağıllarındakı ictimai məzmun yaşa uyğun olaraq dəyişir. "Cik-cik xanım" nağılı ilə "Aslan, tülkü və canavar" nağılı arasındakı məzmunun sosial mahiyyəti bir-birindən fərqlənir. Sosial əlalətsizlik "Aslan, tülkü və canavar" nağılında daha qabarıqdır. Bu qabarıqlıq 10 yaşlı uşağın dünyagörüşünə daha çox uyğundur. "Cik-cik xanım" nağılı isə 5 yaşlı uşağın zövqünü oxşaya bilir. XX əsrin məşhur uşaq şairi Korney Çukovski 2 yaşından 5 yaşına qədərki uşaqlığın psixologiyasına uyğun olaraq uşaq nağıllarını şən nağıllar adlandırır. "Cik-cik xanım" nağılında istifadə olunan mübaliğə, şişirtmə kiçikyaşlı uşaq üçün sual doğurmur, o, bunu təbii qarşılayır. "Cik-cik xanım" nağılında ziddiyyət həll oluna bilir, bu da kiçikyaşlı uşağın tərbiyəsinə müsbət təsir edir. "Aslan, tülkü və canavar" nağılında isə ziddiyyətlər həlledilməzdir.
İctimai məzmun daşıyan uşaq nağıllarından biri də "Dana, keçi və qoyun" nağılıdır. Bu nağılda kiçik heyvan cəmiyyəti ilə qarşılaşırıq. Onlar insan cəmiyyətindən qaçaraq öz həyatlarını qarşılıqlı hörmət zəminində qurmaq istəyirlər. Keçinin ağıllı tədbirləri onlara hücum etmək istəyən canavarı pis vəziyyətə salır, qaçmaq məcburiyyətində qoyur. Zülmün ağıl vasitəsilə aradan qaldırılması nağılın ideyasının əsasında durur. "Cik-cik xanım" nağılı uşaq təfəkkürünün formalaşmasında böyük rol oynayır. Nağılda sərçə balası "zorakılıq" yolu ilə qarı nənəni, çobanı hədələyir ki, onun tikanını, çörəyini, qoyununu qaytarsınlar. Burada sərçə balası təkəbbürlü təsvir olunur. Nağılın əxlaqi nəticəsi ondan ibarətdir ki, təkəbbürlülük, zorakılıq fayda verməz. Nağılın sonunda sərçə balasının başına fındığın düşməsi nəticəsində öldüyü göstərilir. Sərçə balasının qeyri-etik əxlaqı onun ölümünə səbəb olur. Burada didaktika nağılın ideyasının əsasında dayanır.
Bütün bu kimi nağıllarda heyvanlar, quşlar göstərilən xarakterə sahib deyil. Bu xüsusiyyətləri onlara şamil edən insan təfəkkürüdür. Uşaqların ibrət dərsi götürməsi üçün insana xas xüsusiyyətlərin onlara aid edilməsi ilə qarşılaşırıq. Sadəcə olaraq qədim əcdadlarımız mənəvi hal kimi heyvanların xarakterini müşahidə etdikdə qarşılaşdırma metodundan istifadə edib. Güclü heyvanın zəifi, xəstə heyvanı məhv etməsi təbiətin harmoniyasıdır və bədii yaradıcılıqda güclü ilə zəif arasındakı həllolunmazlıq ictimai ziddiyyət kimi uşaq nağılına daxil olub.
Azərbaycan nağılları içində məişət nağılları üstün yer tutduğundan onun motivlərindən uşaq nağıllarında da istifadə olunur. Belə nağılların yaranması da orta əsrlərdən sonrakı dövrləri əhatə edir. Belə nağılların süjetini məişət lövhələri təşkil edir və nisbətən yuxarı yaşlı uşaqların dünyagörüşünə uyğundur. Məktəbyaşlı uşaqların təsəvvüründə məişət məsələləri konkretləşdiyindən onların davranış səviyyələri də sabitləşir. Buna görə də uşaq nağıllarının məişət məzmununun əhatəsi ayrıca növ olaraq deyil, səpələnmiş halda özünü göstərir. Bəzən isə qəhrəmanı pinəçi, dərzi, nalbənd, dəmirçi, papaqçı və s. olan nağıllarda əsas süjet xətti bu xalq sənətkarlarının fəaliyyəti ilə birbaşa bağlı olur. "Şəngülüm, Şüngülüm və Məngülüm" nağılında dəmirçi xalq sənətini yaşadan usta kimi həm də müdrik insandır. Onun köməyi ilə keçi və qurdun mübahisəsi həll olunur. Ümumiyyətlə, uşaq məişəti Keçi, Toyuq, Cırtdan, Qırmızıpapaq, Qoyun, Xoruz, tənbəl İt, vəfalı At, hiyləgər Tülkü, şər rəmzi Qurd və başqa heyvanlar aləmi ilə bağlı obrazlarla zəngindir. Xalq məişətinin heyvan və quşlarla bağlı olan hissəsi təbiəti anlama üsulu kimi də məişət səhnələrinin uşaq zehninə təsirini ifadə edir. Adətən belə nağıllarda şər və xeyirli qüvvələr iştirak etmir. Məişət səhnələrini əks etdirən belə uşaq nağıllarında heyvan və quşlar obrazlaşır, xalq məişətini uşaqlara anlatmaq vasitəsinə çevrilir. Məişət nağıllarından uşaq nağıllarına keçiddə mədəni qəhrəmana, triksterlərə və magik rituallara ironiya zamanı uydurmanın mahiyyətini "komik dublyorlar" haqqında əyləncəli uşaq nağıllarındakı gülməli obrazların mənşəyi təşkil edir (Molla Nəsrəddinlə bağlı lətifələrdə də belədir).
Uşaq nağıllarını mövzularına görə isə belə qruplaşdırmaq olar. Vəhşi heyvanlara həsr olunan nağıllar: Belə nağılların qəhrəmanları yırtıcı heyvan və quşlardır. Burada meşə təbiət ünsürü kimi heyvanların məkanına çevrilir. Belə nağıllarda heyvanlar meşədə icma şəklində yaşayır. Bu cəmiyyətin güclüləri və zəifləri vardır. Onların arasında mübarizə nağılın bədii forması kimi üzə çıxır. Ev heyvanlarına həsr olunan nağıllar: Bu qrupa daxil olan nağıllarda ev heyvanları iştirak edir. İnsana xas olan xüsusiyyətlər nağıllardakı ev heyvanlarının üzərinə köçürülür. Vəhşi heyvan və ev heyvanlarından bəhs edən nağıllar: Belə nağıllarda vəhşi heyvanlar güclü, amma axmaq, ev heyvanları isə zəif, amma ağıllı təsvir olunur. İnsanlar və heyvanlar haqqında nağıllarda təbiət, insan və heyvan münasibətləri əks etdirilir. Belə nağıllarda xalq məişətinin müxtəlif sahələrinin təsvirinə rast gəlirik.
Qarışıqtipli uşaq nağıllarında isə yuxarıdakı növlərin bir-birini izləməsi müşahidə olunur. Yəni həm vəhşi heyvan, ev heyvanı, insan və heyvanlar, həm də təbiət, məişət təsvirləri bir nağıl içində əks etdirilir. Uşaq nağıllarının içinə səpələnmiş məişət səhnələri ayrıca olaraq heyvanlar haqqında hekayətlər - təmsillər şəklində bədii yaradıcılıqda yaranıb. Onun ən bariz nümunələrinə "Kəlilə və Dimnə"də rast gəlirik. Ancaq sonrakı şifahi ədəbi prosesdə bu təmsil-hekayətlər quruluşca dəyişərək uşaq nağıllarının tərkibinə daxil ola bilir. Onlardan bəziləri tam şəkildə uşaq nağıllarına çevrilərək, məişət məzmununu birbaşa əks etdirir, ya da ayrı-ayrı süjet və hissələrlə uşaq nağıllarında əks olunur. "Kəlilə və Dimnə"dəki "Səvari və ilan" təmsili birbaşa süjet halında uşaq nağılına daxil olub. Biz təmsildəki süjet xətti ilə nağıldakı süjet xəttinin oxşarlıq təşkil etdiyini görürük. Amma nağılla təmsil arasında yeganə fərq ondadır ki, təmsildə didaktika, nağılda isə uşaq dünyagörüşünün artırılması əsas məqsəddir.
"Yaxşılığa yamanlıq" uşaq nağılı da "Kəndli və ilan" nağılı kimi uşaq dünyagörüşünün artırılmasına xidmət edir. Bu nağılda da məişət problemi əsas süjet xəttinin alt qatındadır. Nağılda Həmidin ilanı alovdan xilas etməsi, əvəzinə ilanın ona yamanlıq etmək istəməsi, onların arasındakı mübahisənin canavar və tülkünün əli ilə çözülməsi göstərlir, yaxşılığa yamanlıq etmənin düzgün olmadığı fikri əsas qayə hesab edilir. Yaxşılıq və yamanlıq etmək insanın xarakterini göstərir. Bu məsələ həyat və məişətlə bağlıdır. Elə nağılın sonunda Həmid ovçulara tülkünün yerini nişan verməklə nağılın məntiqini – yaxşılığa yamanlığın insan təbiətində olduğunu özü təsdiq etmiş olur.
"Yaxşılığa yamanlıq" nağılındakı obrazların xarakterləri onların psixologiyası ilə bağlıdır. "Yaxşılığa yamanlıq" nağılının ən qədim variantı "Kəlilə və Dimnə"dədir. "Kəndli və ilan" və "Yaxşılığa yamanlıq" nağılları məzmun və formasına görə oxşardır. Hər iki nağıla baxanda "Kəlilə və Dimnə"dəki süjet arxaik mətn, invariant hesab oluna bilər. Bu uşaq nağıllarındakı heyvan-qəhrəmanlar invariantdakı obrazlardan fərqlənirlər. Onları birləşdirən əsas cəhət isə hər üçünün məişətlə bağlı olmasıdır. Hər üç mətndən belə bir nəticə çıxır ki, yaxşılığa yamanlıq etmək məişətimizin problemidir. "Kəlilə və Dimnə"dəki bu problemi dərk etmək dolayısı ilə dinləyicinin ixtiyarına verilir, iki nağıldakı problemin birbaşa əks olunmasını görürük.

Ramil Əliyev
filologiya üzrə elmlər doktoru, professor