Güney Azərbaycan folkloru Mədəniyyət

Güney Azərbaycan folkloru

Azərbaycan mədəniyyəti iki müxtəlif məkanda – Şimal və Cənub siyasi-coğrafi məkanında inkişaf etsə də eyni xalqın milli-mənəvi düşüncə, təfəkkür bütövlüyünü qoruyub saxlayıb. Müxtəlif ictimai-siyasi şəraitdə olmasına baxmayaraq bütün dövrlərdə Azərbaycan folkloru ümumtürk etnokulturoloji özəlliyini əks etdirib. Şimalda Sovet siyasi rejimi, Cənubda Pəhləvi rejimi, heç şübhəsiz xalqın mədəniyyətinə ideoloji baxımdan öz təsirini göstərib. Siyasi rejimlər Azərbaycan xalqının mənəviyyatı və taleyi üçün nə qədər təhlükəli olsa belə, xalq minillərdən gələn özəl dəyərlərə, ilkinliyə, soykökə bağlılığını yaşadıb. Bunun ifadəsi kimi istər Şimali, istərsə də Cənubi Azərbaycanda xalqın milli-mənəvi oyanışı nəticə etibarilə onun yaradıcılıq enerjisini daha çox folklor üzərində kökləyib, məhz şifahi ədəbiyyat xalq ruhunun özünüifadəsinə çevrilib. Ümumi Azərbaycan folklorunun Cənub şifahi xalq sənəti istiqamətində toplama, nəşr və tədqiqinin aparılması sözsüz ki, istər Sovetlər birliyi, istərsə də müstəqillik dövründə müəyyən çətinliklərlə bağlı həyata keçirilib.
Qeyd edək ki, məlum siyasi-ideoloji problemlərə baxmayaraq, Cənubi Azərbaycan folklorunun toplanması və nəşri Sovetlər Birliyi dövründə də Azərbaycan ziyalıları, alimlərinin diqqət mərkəzində saxlanılıb. Cənubda toplama işinin aparılmasındakı qadağalar, dövlətlərarası siyasi gərginlik şəraitində folklor örnəklərinin bir araya gətirilməsi əsasən əlyazma mətnləri, eləcə də cənublu soydaşlarla şəxsi görüşlər zamanı əldə edilmiş, bu materialların nəşri məsələsi də Sovetlər birliyi dövründə mövcud ideoloji düşüncə baxımından mümkünsüz olub. Lakin ümummilli lider Heydər Əliyevin güclü siyasi iradəsi sayəsində diplomatik şəkildə bu proqram həyata keçirilib. İlk dəfə olaraq Cənubi Azərbaycan folkloru nümunələrinin sistemli şəkildə bir arada nəşri məsələsi AMEA Nizami adına Ədəbiyyat İnstitutunun təşəbbüsü sayəsində mümkün olub. İnstitutun Cənubi Azərbaycan ədəbi mühiti ilə bağlı hazırladığı "Cənubi Azərbaycan ədəbiyyatı antologiyası" 4 cildlik topluda yazılı nümunələrlə yanaşı, müxtəlif folklor örnəklərinə də geniş yer verilib.
AMEA Ədəbiyyat İnstitutunun Cənub folkloru ilə bağlı məlum tarixi xidməti ardıcıl şəkildə ayrı-ayrı alim, mütəxəssislərin bu sahəyə olan marağını da artırıb. Belə ki, mərhum folklorşünas alim prof. Bəhlul Abdulla 1986-cı ildə yazıçı Mirzə İbrahimovun təşəbbüsü ilə Təbrizdə çap olunmuş kitab və məcmuələrdən topladığı folklor örnəklərini "Arazam, Kürə bəndəm" başlığı altında nəşr etdirir. Davamlı şəkildə cənublu soydaşımız Əhməd Azərlu tərəfindən toplanıb tərtib olunan atalar sözləri 1994-cü ildə yenə də prof. B.Abdullanın ön sözü ilə "Təbrizdən dörd dəftər" adı altında işıq üzü görür. Kitabda verilən məlumatlara görə, Əhməd Azərlu bu nümunələri vaxtilə ana babası Hacı Məhəmməd Cəfərzadə Batumçının tapşırığı ilə hələ kiçik yaşlarından toplamağa başlayıb, 1941-ci ildə babası vəfat etdikdən sonra da toplama işi ilə müntəzəm məşğul olub. Cənubi Azərbaycanın şəhər və kəndlərindən toplanan bu folklor nümunələri daha çox Qaradağ mahalından əldə edilib.
Azərbaycan folklor mədəniyyətinin Cənub şifahi ədəbiyyat ənənələri əsasında araşdırılması, tədqiqi müstəqillik dövründə daha çox aktuallıq qazanıb və həm də siyasi xarakter daşıyıb. Məlumdur ki, XX əsrin sonlarında Sovetlər Birliyinin dağılması ilə Azərbaycan yenidən tarixi müstəqilliyinə qovuşur, bu ərəfədə müstəqil dövlət olaraq daha çox təhdid və təzyiqlərlə qarşı-qarşıya gəlir. Güclənməkdə olan erməni təxribatının növbəti zərbəsi bilavasitə Azərbaycan mədəniyyəti, xüsusilə folkloru üzərində aparılır. Nəticədə xalqın milli mənlik ruhunu özündə yaşadan Azərbaycan folklorunun mövcud şəraitdə daha köklü, ümumi Azərbaycan folklor mədəniyyəti əsasında öyrənilməsi məsələsini aktuallaşdırır. Digər bir tərəfdən, işğal olunan bölgələrimizdən toplanılıb araşdırılan şifahi ədəbiyyat nümunələrinin bərpaya ehtiyacı olan bir çox sujet, motiv, obrazlarının tamamlanması üçün zəngin mənbə olaraq gündəmə gəlir.
Kiçik həcmli folklor janrlarından fərqli olaraq Cənubi Azərbaycan folklorunun dastançılıq ənənələri bu dövrdə el aşıqlarımızın repertuarları da daxil olmaqla toplama və nəşr işində daha geniş yer alır. Cənub aşıq mühütləri – Urmiya, Qaradağ-Təbriz, Qaşqay, Savə, Sulduz, Zəncan, Xorasan və bu mühitlərin məlum dastan söyləmə üslubları, havaları arasında müxtəliflik, fərqlər zəngin xəzinənin öyrənilməsinə daha çox maraq yaradırdı. Professor Məhərrəm Qasımlının "Aşıq sənəti" adlı monoqrafiyasında xüsusi olaraq Cənub aşıq mühitləri (Urmiya, Zəncan, Savə, Qaşqay) tədqiq olunub, müqayisələr aparılıb.
Cənubi Azərbaycan aşıqlarının arxivlərimizdə qorunan onlarca dastan variantlarına baxmayaraq, nümunələrin nəşri və tədqiqatlarda yer alması da məhz müstəqillik dövründə həyata keçirilir. Müşahidələr göstərir ki, Güney Azərbaycan aşıqlarının repertuarında bu və ya digər dastanlardan fərqli olaraq "Koroğlu" dastanına xüsusilə geniş yer verilib. Cənub folklor nümunələrinin zamanla toplanması ilə məşğulkən Əli Kəmali bu işdə "Koroğlu" dastanının müxtəlif variantlarının əldə olunmasına çalışıb. Toplanan nümunələrin çap etdirilməsinə imkan olmadığından folklor örnəkləri uzun zaman Əli Kəmalinin arxivində saxlanıb. 1991-ci ildə Tehranda olarkən Folklor İnstitutunun əməkdaşı folklorşünas Əli Şamil toplayıcıdan bu nümunələrin əldə edilməsinə nail olub və dastanın Təbriz variantları 2009-cu ildə Folklor İnstitutu tərəfindən nəşr olunub.
Müstəqillik dövrü Cənubi Azərbaycan folklorunun sistemli şəkildə toplanma, nəşr və tədqiqi məsələlərinin bir arada elmi istiqamətdə öyrənilməsi sözsüz ki, AMEA-nın Folklor İnstitutu tərəfindən həyata keçirilib. İnstitutun nəzdində yaradılan "Cənubi Azərbaycan folkloru" şöbəsi Güney folklorunun qaynaqları, təşəkkül, inkişaf qanunauyğunluqlarının nəzəri və təcrübi əsaslarını müəyyənləşdirərək mətnlərin toplanması, tərtibi, transliterasiyası və nəşri məsələlərini bir arada planlaşdırmaqla tarixi bir ilkə imza atmış oldu. Folklor İnstitutu rəhbərliyinin təşəbbüsü ilə Güney folkloruna dair 6 kitab işıq üzü görüb, əlavə 2 cildi isə hazırlanaraq çapa təqdim edilib. İlk cilddə güneyli həmkarımız Məmmədəli Qövsü Fərzanənin uzun illər Cənubda topladığı folklor materialları professor İsrafil Abbaslının elmi redaktorluğu ilə hazırlanıb nəşr olunub, II cild Məmmədəli Qövsi Fərzanə və Behruz Həqqinin toplama materialları əsasında tərtib olunaraq çap edilib. Növbəti III cilddə Səməd Behrəngi və Bəhruz Dehqaninin uzun illər xalq arasından topladıqları müxtəlif nağıllar orijinaldan transliterasiya olunaraq kitab şəklində hazırlanıb. Bölgə materiallarının toplanılması işində Güney mətbuatından əldə olunan nümunələr də ayrıca yer tutur.
Məlumdur ki, xalq illərlə öz mənəvi ünsiyyətinin daha çox mətbuat vasitəsilə həyata keçirib və mətbuat bunun üçün əsas vasitə olub. Siyasi-ictimai problemlərin sırasında burada milli-mənəvi məsələlər də mətbuatın güzgüsündən kənarda qalmayıb. Bu baxımdan Güney mətbuat orqanları sırasında ənənəvi olaraq "Varlıq" dərgisinin də xüsusi rolu olub. Məlumdur ki, doktor Cavad Heyətin redaktorluğu, onun aparıcı əməkdaşlarının – H.Nitqi, M.Fərzanə, S.S.Niya, Q.Beqdili və b. səyi ilə 1979-cu ilin aprelində ilk nömrəsi işıq özü görüb. Elmi-ədəbi toplu olaraq jurnal öz səhifələrində klassik irs, türkologiya, çağdaş ədəbiyyat məsələləri ilə yanaşı, Azərbaycan folkloru nümunələri, onların toplama variantlarının nəşri, tədqiqini də işıqlandırıb.
Doktor Cavad Heyət ixtisasca həkim olmasına baxmayaraq, Azərbaycan ədəbiyyatı, folkloruna xüsusi maraq göstərmiş, bir çox araşdırmalarını məhz bu istiqamətdə aparıb: "Azərbaycan ədəbiyyatına bir nəzər" (Tehran, 1980, 1990; Bakı, 1993); "Azərbaycan şifahi xalq ədəbiyyatı" (Tehran, 1948; Bakı, 1989); "Dədə Qorqud kitabı", "Ölməz söz xəzinəmizdən incilər" ("Varlıq" dərgisi, 1981) və s. "Varlıq" dərgisi ilə yanaşı, folklor örnəklərinin toplanması, eləcə də Güney folkloru ilə bağlı aparılan araşdırmaların öyrənilməsində "Xudafərin", "El bilimi" dərgilərinin də ayrıca yeri var. Folklor örnəklərinin toplanması, nəşri və tədqiqində "Varlıq" jurnalının tarixi fəaliyyətinin araşdırılması bu baxımdan ayrıca tədqiqat işi olaraq öyrənilib. Güney Azərbaycan folklorunun IV və V cildləri "Xudafərin"jurnalının təsisçisi doktor Hüseyn Şərqidərəcək və əməkdaşlarının topladıqları materiallar, Cənub folkloruna aid kitablardan transliterasiyalar əsasında hazırlanaraq dərc olunub.
Qeyd edək ki, folklor nümunələrinin xalq arasından toplanması işinin surətləndirilməsi istiqamətində İnstitut tərəfindən konkret bölgə materialları Təbriz folklor örnəkləri də işlənib hazırlanıb. Çapa təqdim olunan son iki cilddə isə Güney folklorundan dastan yaradıcılığına geniş yer verilib, Cənub aşıqlarının repertuarından seçilən bir çox dastan mətnləri canlı ifalardan dinlənilərək yazıya alınıb. Folklor araşdırmalarının istiqaməti müasir şəraitdə daha çox elmi, elmi-publisistik məqalələr üzərindən aparılır. Məsələn, Ə.Şamilin "Urmiya aşıqları"; "Savəli Tilim xan"; "Əli Kamalinin toplayıçılıq və araşdırışılıq fəaliyyəti"; S.R.Bayatın "Zəncan folklor mühitində bayatılar"; M.Kazımoğlunun "Güney Azərbaycandan "Koroğlu" töhfəsi" və s.
Bu gün Güney mədəniyyətinin – memarlıq, xalçaçılıq, klassik və müasir ədəbiyyat, mətbuat tarixi, dramaturgiyasının öyrənilməsi müxtəlif monoqrafik tədqiqatlarda yer almasına baxmayaraq, folklorla bağlı daha ciddi tədqiqatların aparılması hələ də öz həllini gözləyir. Güney folklorunun Azərbaycanda təbliğ və tədqiqinin aparılması istiqamətində zəruri şəraitin yaradılmasına baxmayaraq, İranla Azərbaycan arasında bu sahədə işgüzar əlaqələrin qurulmaması nəticə etibarilə
Güney folklorunun yerindəcə toplama və araşdırılması işində böyük çətinliklər yaradır. Hal-hazırda bu problem Güneydə ayrı-ayrı vaxtlarda nəşr olunan folklor ədəbiyyatlarından uyğun materialların transliterasiyası, müxtəlif dərgilərdən ("Xudafərin", "Varlıq", "El dili və ədəbiyyatı") toplanan nümunələr, güneyli həmkarlarımızın bilavasitə təqdim etdikləri örnəklər, eləcə də, az sayda da olsa, söyləyicilərlə birbaşa söhbətlər əsasında aradan qaldırılır.
Müstəqillik dövrü Azərbaycan folklorşünaslığında Arazın o tayında 30-35 milyonluq cənublu soydaşlarımızın milli-mənəvi irsi gündəmə gətirilməklə ümumazərbaycan folklorunun bərpası, öyrənilməsi işi tarixi bir hadisəyə çevrildi. Gəlin unutmayaq ki, folklor yaddaşı, folklor irsinin bütövlüyü bu gün həm də Azərbaycançılıq, Azərbaycan dövlətçiliyinin əsasında dayanan milli özünüdərkin tarixi-bədii qaynağı kimi əvəzsiz və təkrarolunmazdır.

Mətanət Abbasova
filologiya üzrə fəlsəfə doktoru