Müasir dövrün folklor prosesləri: kənddən şəhərə, şəhərdən virtual dünyaya “köç” Mədəniyyət

Müasir dövrün folklor prosesləri: kənddən şəhərə, şəhərdən virtual dünyaya “köç”

1-ci yazı

Məkanından və zamanından asılı olmayaraq, insanın fiziki və metafiziki aləmlərlə, eləcə də digər insanlarla ünsiyyətə girmək, özünüifadə etmək ehtiyacı və tələbatı mövcud olub. Əslində, bütün növ yaradıcılığın mahiyyətində elə məhz insanın daxili psixoloji kompleks və narahatlıqlarının, ehtiyac və arzula-rının ifadə olunma istəyi və bu istəyin mədəniyyət tərəfindən dəstəklənməsi və yaxud da "veto" qoyulması dayanır. Bu mexanizm o qədər universaldır ki, dilindən, dinindən, irqindən, etnik kimliyindən asılı olmadan bütün insanları ehtiva edir. Odur ki, sərlövhədə folklor proseslərinin kənddən şəhərə, şəhərdən isə virtual dünyaya doğru istiqamətənməsi şərti xarakter daşıyır. Əslində, bu yanaşmada diqqət mərkəzinə gətirmək istədiyimiz fikir folklorun sinxron olaraq həm daha kiçik miqyasda - kənd səviyyəsində, həm bir qədər iri diapazonda - şəhər səviyyəsində, həm də qlobal formatda - virtual mühitdə təzahür etmək potensialının, fasiləsiz və kəsilmədən mövcud olma spesifikasının ortaya çıxarılmasıdır. Odur ki, biz kənd, şəhər və virtual mühitlərin xüsusiyyətləri və onların folklora təsiri barədə bir qədər əhatəli danışmaq istərdik.
Qapalılıq, lokallıq, ənənəvilik, konservativlik, tabu və yasaqlara, adət və ənənələrə kəskin bağlılıq və s. kimi parametrlərlə müəyyənləşən, vahid dil, din, etnik mənşə və ideologiyaya əsaslanan kənd mühiti folklorik həyat tərzinin müşahidə olunduğu ən bariz məkandır. Nəsillərin və tayfaların təbii kombinasiyası əsasında qurulan bu mühit özü-özünü təşkil etməklə ənənəvi davranış və həyat tərzini konkret sosial-mədəni institutlara (ağsaqqallıq, ağbirçəklik, seyidlik və s.) nəzərən nizamlayır. Kənd mühitinin ən mühüm özəllikləri ənənəvi davranış və həyat tərzidir ki, bu da fəsillərin ritmik, periodik hərəkəti ilə korelyativ şəkildə müəyyənləşir. Peşə sahələri baxımından müşahidə olunan "qıtlıq", eləcə də etnik çalarlılığın olmaması toplumun alt qruplar üzrə diferensiasiyanı da məhdudlaş¬dırır. Kənddə rast gəlinən ictimai iaşə obyektləri və peşə sahələri təxminən bun¬lardır: maldarlıq, qoyunçuluq, bağbanlıq, bərbərxana (bərbər), dərzixana (dərzi), çayxana, dükan, bazar, məscid (molla) və s. (bunların sayını bir qədər də artırmaq olar, lakin şəhərlə (xüsusən də sənayeləşmiş şəhərlə) müqayisədə bu kəmiyyət həddindən artıq az görünür). Təbii ki, belə peşə qruplarının özünəməxsus, spesifik davranış, dil, üslub, leksikon xüsusiyyətləri var ki, bu da son nəticədə alt qruplara məxsus folklor fakturasını müəyyənləşdirir. Kəndin doğum (onunla bağlı inanc və adətləri yaşadan və ötürən institutlar), toy (müxtəlif mərhələlərə və zəngin adətlərə əsaslanan institutsional akt), yas (dəfnetmə və mərasimi inanclarla müşayiət olunan qaydalar) mərasimlərinə müvafiq olaraq mamaça, aşıq (musiqiçi mənasında) və molla subyektləri də vardır ki, bu da həmin sahələrə məxsus özəllikləri özündə cəmləşdirir. Bu, eyni zamanda kənd mühitinin inanc mərkəzli mühit olduğunu da göstərir. Burada adət və ənənələr, qayda və qanunlar, tabu və yasaqlar inanc (mifoloji, mistik, dini) və lokal ictimai nəzarət forması olan "üz-üzdən utanar" mexanizmi ilə şərtlənir.
Kənd həyatı eyni zamanda təbiətə, iqlimə, relyefə və bir sıra digər coğrafi faktorlara görə nizamlanan və məzmunlanan hadisədir. Təbiətin ritminə, fəsil-lərin dəyişmə ardıcıllığına adekvatlıq kəndin əsas mövcudluq qanunudur. Çünki kənd təbiətlə birbaşa təmasdadır və onun diqtəsi altındadır. Bu ritmdən bir qədər kənara çıxmaq məhv olmağa gətirib çıxara bilər. Odur ki, kənd həyat tərzi cəmiyyətdən daha çox təbiətin "dilini" bilməyi tələb edir. Xalq müdrikliyinin də əsasında təbiətlə düzgün davranmaq haqqında ezoterik və ekzoterik biliklər dayanır. Peşə sahələrinin də müəyyənləşməsində təbiətlə təmas və təbiətə uyğun olaraq maddi nemətlərin əldə olunması zərurəti əsas rol oynayır.
Cəmiyyət inkişaf etdikcə, sənayeləşmə, texnologiya, elmi, iqtisadi və s. sahələrdə yeni biliklər və münasibətlər formalaşdıqca kənd və şəhər arasında inteqrasiya, mübadilə və təmas imkanları çoxalır ki, bu da sonda kəndin həyat tərzinə, peşə istiqamətlərinə, bütövlükdə isə məzmununa təsir etmiş olur. Kəndə elektrikin, məktəbin, poçtun, telefonun, idarəetmənin gəlişi onu tamamilə fərqli, keyfiyyətcə yeni mərhələyə keçirir.
Şəhərlə münasibətlər dərinləşdikcə, gediş-gəliş (mədəniyyət və davranış mü-badiləsi mənasında) artdıqca həm şəhərin, həm də kəndin mahiyyəti və məzmunu dəyişməyə başlayır. Burada ən mühüm ortaq nöqtələrdən biri ondan ibarətdir ki, şəhərin kontingentinin bir hissəsini "əslən" kənddən və ya rayondan (şəhərin kənd¬dəki modelindən) olanlar təşkil edir. Lakin bir çox cəhətlər baxımından, o cümlə¬dən təbiətdən uzaqlaşma, adət və ənənələrin unudulması və ya yeniləri ilə əvəz olunması, dil, din, etnik kimlik, dünyagörüş və ideoloji aspektdən, yaşayış məskən¬lərinin strukturlaşması (kənddə evlərin coğrafi və mənəvi düzümü "çəpər-çəpə¬rə"dirsə (horizontal quruluş), şəhərdə isə evlərin həm fiziki, həm də "mənəvi" qu¬ruluşu vertikaldır), həmçinin həyat tərzi və həyat rejiminin dəyişməsi və s. cəhət¬lərindən şəhər mühiti kənddən fərqlənir. Təbii ki, şəhər mühitinin peşə istiqamət¬ləri də kifayət qədər zəngindir. Bütün bunlar isə şəhərin və şəhər əhalisinin məz¬mununu formalaşdırır ki, bu da onun folklorunda da açıq şəkildə təcəssüm olunur.
Şəhər folklorunun ən müxtəlif cəhətləri ilə bağlı folklorşünaslıqda çoxsaylı tədqiqat işləri, araşdırma və təhlillər mövcuddur. Rus alimi S.Y.Neklyudovun şə¬hər mühiti və şəhər mədəniyyəti haqqında fikirlərinə diqqət yetirək: "Mədəniyyət¬də kənd ənənəsi ilə yanaşı, bərabərhüquqlu yer tutan şəhər folkloru (postfolklor) şifahi ənənənin əvvəlki formalarında mövcud olmayan tamamilə fərqli janr və mətn çeşidlərini özündə əks etdirir... Şəhər folkloru mədəniyyətdə və həmçinin elmi bilikdə başqa cür funksionallaşmaqla fərqli yer tutur. Onun (şəhər folkloru nəzərdə tutulur - H.Q.) ənənəvidən fərqi sistemli və paradiqmatikdir".
Göründüyü kimi, alim şəhərdə və ya kənddə yaranmasından asılı olma¬yaraq, bu folklor nümunələrini mədəniyyəti formalaşdıran bərabərhüquqlu yara¬dıcılıq məhsulları kimi şərh edir. Onlar arasında mövcud olan fərqliliklərin sistemli və paradiqmatik xarakter daşıdığını irəli sürür. Yəni bu mühitlərin hər birinin daxili mahiyyətindəki özəlliklər onların doğurduğu folklor korpuslarının da spesifikasında özünü göstərmiş olur.
Təbii ki, kənd həyatı ilə şəhər mühiti arasında çoxsaylı fərqlər var: "İnsan torpaqdan uzaqlaşır. Qeyd olunduğu kimi, şəhərdə təbiətin tsikllərindən asılılıq kənddəkindən çox az olur. Təbii ki, burada da insanlar mövsümlərin də-yişməsinə reaksiya verirlər (qışda soyuq, yazda çirkli, yayda isti, payızda sulu), lakin ilin fəsillərinin dəyişməsi iqtisadi və sosial planda, ailə və sosial həyatda iqtisadiyyatın tənzimləyicisi ola bilmir və s. Dünənki kəndlilər - gəlmələr özləri ilə öz folklorlarını gətirirlər ki, bu, xüsusilə güclü kənd axını olan şəhərlərdə, rudiment halında özünəməxsus şəkildə "mədəni getto" kimi yaşamağa davam edir, ya da yeni urbanistik formalara adekvat olaraq əriməyə başlayır. Təəssüf ki, biz hələ də şəhər bılinalarının və şəhər əfsanələrinin meydana gəlməsində kənd demonologiyasının rolunu kifayət qədər qiymətləndirməmişik".
Aydın məsələdir ki, kəndlə şəhər arasında kəskin sərhədd çəkmək və ya onları biri-birindən ayırmaq qeyri-mümkündür. Çünki onlar fərqli coğrafi məkanlar üzərində olsalar da, eyni təfəkkür platformasının məhsuludurlar. Odur ki, şəhər folklorunun da semantik əsasında kənd folkloru dayanır (təbii ki, spesifik təza-hürləri istisna etmək şərtilə), daha doğrusu, onları yalnız şərti mənada bir-birin-dən ayırmaq mümkündür. Lakin bu, heç də onu deməyə əsas vermir ki, folklor elə kənddə, ucqarlarda mövcud olan, savadsız (və ya az savadlı) kütlənin, xüsu-sən yaşlı insanların keçmiş haqqında, adət-ənənələr barədə yadda saxladıqları hekayətlərdir. Öndə də vurğuladığımız kimi, "... kənd folkloru kəndli Amerikan dəyərlərini və dünya görüşünü əks etdirirsə, eyni ehtimalla ümumi bir şəhər folkloru da müasir şəhərli Amerikan yaşayışındakı əsas mövzuları əhatə edir".

Hikmət QULİYEV
filologiya üzrə fəlsəfə doktoru