İlaxır çərşənbələr Mədəniyyət

İlaxır çərşənbələr

3-cü yazı
Azərbaycanda "Yerlə Göyün bəhsi", "Aranla Dağın bəhsi", "Aranla yaylağın bəhsi" və s. ritual nəğmərində təbiətin özünə və hadisələrinə canlı varlıq kimi müraciət edilir, Yer, Göy, Günəş, Dan üzü, Yel baba, Gilavar, Bulud, Aran, Dağ, Yaylaq və Duman kimi obrazların fəaliyyət dairəsindən fraqmentlər verilir. "Gün çıx, çıx..." çağırışında Günəş kəhər atın üstündə təsvir edilir. O, kainatın yaradıcısı və idarəedicisidir. Övladlarının, nəvə və nəticələrinin sayı-hesabı yoxdur. Duman, bulud onun oğlanları, od-alov, şüa isə qızlarıdır. Günəşin keçəl qızı - Bulud xəbisliyin və paxıllığın daşıyıcısıdır - istini adamlara qıymır, Günəşin nurunun qarşısını kəsir. Günəş ata uzaq səfərə çıxan kimi torpağın ixtiyarını qəddar köməkçilərinə - şaxtaya, qara verir. Adamlar onun əməllərindən təngə gəlib Ulu Günəşi çağırırlar:

Gün, çıx, çıx, çıx,
Kəhər atı min çıx...
Sonra başlarına gələnləri danışırlar:
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü.

Bulud köməkçiləri ilə adamları o qədər qorxutmuşdu ki, onlar dünyanın sahibkarı Günəşin yanında belə "Keçəl qızla" üz-üzə gəlməkdən çəkinirlər, ona görə də yalvarırlar ki:

Keçəl qızı qoy evdə,
Saçlı qızı götür çıx.

Günəş saçlı qızının haqqında xoş sözlər eşidib sevinir, ona şüalarından qırmızı don biçir və həmişə öz yanında gəzdirir, buludu aparıb uca dağlara atır. Saçlı qız uzun hörüklərini qarın gözünə batırır, onu əridib suya döndərir. Günəş dumanı qovub "qayadan asdırır", buduna damğa vurdurur:

Duman qaç, qaç, qaç,
Pərdəni aç, aç, aç,
Səni qayadan asaram,
Buduna damğa basaram.

B. e. ə. II yüzilliyin ortalarında Manixey mənbələrində türk dilində "Tang tengri" adlı nəğmə yazıya alınıb. V.Osmanlı türk alimi R.R.Aqatın "Əski türk şeri" kitabına istinadən yazır ki, "Tan Tanrı seher Tanrısıdır. O, geldiğinde insanlar onu öven sözlerle karşılıyorlar". İki min ildən çox yaşı olan şerdə Günəş və Ay tanrılarına müraciət olunur. Qəribədir ki, Azərbaycan türklərinin XIX yüzilliyin ikinci yarısında yazıya alınan "Gün çıx…" nəğməsi ruhən "Tang tenri" ilə səsləşir.
Herodot daha əvvəlki əsrlərdə Qafqazda yaşayan prototürk tayfalarının Günəş Ataya tapındığını göstərirdi. Mifik inama görə, qış, duman, bulud Günəşin naxələf övladlarıdır, onlar öz valideynlərinin üzünə ağ olurlar. Ellin və roma mifoloji sistemlərində daha kəskin şəkilli ata-oğul qarşıdurmasına (yunanlarda Kron - Zevs, romalılarda Saturn - Yupiter) rast gəlirik. Kainatın yaradıcısı kimi təsvir edilən Allahlar - Kron (xronos - yunanca zaman deməkdir) və Saturn öz övladlarına qarşı çıxır, onların bəzilərini hətta yeyirlər. Kron ilk vaxtlar əkin allahı hesab edilirdi. Bizcə, ilkin təsəvvürdə "övladın ata, yaxud ana tərəfindən yeyilməsi" - əkinçilikdə toxumun torpağa basdırılmasının (torpaq öz körpələrini - toxumları diri-diri udsa da, qısa vaxt ərzində daha gözəl övladlar dünyaya gətirir) mifik anlamından başqa bir şey deyil. Həmin motiv sinifli cəmiyyətin meydana gəlməsindən sonra ictimai məzmun kəsb etmiş və köhnəliklə yeniliyin, mühafizəkar nəsillə mütərəqqi ideyalar təmsilçilərinin toqquşmasına çevrilib. İran mifologiyasında Rüstəmin oğlu Söhrabla qarşılaşıb döyüşməsi və onu xəyanətlə öldürməsi buna misal ola bilər. Azərbaycan mifoloji sistemində ata-oğul qarşıdurması (Dirsə xan - Buğac, Qazan xan - Uruz) faciəli sonluqla tamamlanmır, tamamilə başqa məzmun kəsb edir. Oğul atanın yerini tutmağa layiq olduğunu nümayiş etdirib nəslin davamlılığını qoruyub yaşadan vasitəyə çevrilir.
Dünya xalqlarının mifologiyasında günəşlə bağlı təsəvvürlərdə onun atlarla idarə olunan təkərli arabada kainatın dörd tərəfini gəzib-dolaşmasından, hər şeyə can verməsindən danışılır. Təkərin və arabanın kəşfinin mifik zamana deyil, inkişafın yüksək pilləsinə aid olmasına əsaslanaraq bu cür miflərin qədimliyini şübhə altına alırlar. Lakin bu qənaətə qarşı daha maraqlı fərziyə irəli sürənlər tapılır. Günəşin özünün dairə şəklində görünməsi və təsviri təkər mifopoetik obrazının çox qədim zamanlarda meydana gəlməsi fikrinə dəstək kimi səslənir. Hind miflərində Şimşək allahı İndra döyüşdə Suryaya (Günəşə) qalib gəlir və Günəş tanrısının arabasının təkərlərindən birini ələ keçirir. İlk təkər Günəşə məxsus idi. Maraqlıdır ki, Azərbaycan mifik görüşlərində Günəş kainatı arabada deyil, kəhər atda gəzir ("Kəhər atı min çıx..."). V.V.İvanovun yazdığına görə, "bu cür mifik obrazlar arxaiklik baxımdan daha qədim tarixlə (minik vasitəsi kimi arabanın kəşfindən çox-çox əvvəlki zamanlarla) qeyd olunur". Ümumtürk mifik görüşlərinə görə, təkərin, arabanın kəşfi Oğuzun göy döüşçülərinin birinin adı ilə bağlıdır.
Azərbaycan rituallarında müraciət edilən mifik obrazlardan Yel Baba, Bulud və Duman da özündə ən əski təsəvvürləri əks etdirir. Ə.Axundov yazır ki, "taxıl biçilib xırmanın kənarına yığılır. Adamlar hər gün xırmana heşan salıb dərzi döyürlər, küləş tamam saman olandan, taxıl sünbüldən çıxandan sonra sovurub buğdanı samandan çıxarmaq lazımdır. Bunun üçün döyünçülərin ən yaxşı köməyi küləkdir. Bəzi hallarda yel əsmir, taxıl samanda qalır. Döyünçülər mahnı ilə yeli çağırırlar:

Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba,
Qurban sənə, gəl, baba!

Bir el bayatısında isə arxadan dəyən düşmən oxundan ölümcül yaralanmış igid axır nəfəsində üzünü Yelə tutub deyir:

Səhərdən əsən yellər,
Kəndirim kəsən yellər.
Mənim ölüm xəbərim
Anama de, sən yellər.

Mətn şifahi nitqdən yazıya alınanda iki söz düzgün köçürülmədiyindən bayatının məzmununa xələl dəymişdir. Sual doğur: nə üçün yel kiminsə kəndirini kəsməlidir? Bəlkə Fatma nənənin yumağının ipinin qırılmasından söz gedir. Bizcə, burada igid nəfəsinin daralmasına işarə edir: "Kələyim kəsən yellər" - demək istəyir. Ulu əcdad insanın canının bədəndən ayrılmasını nəfəsinin kəsilməsi ilə bilirdi. Axırıncı misrada isə "desin" yerinə "de, sən" işlənməlidir. Bu halda həm əvvəlinci misralardakı təbiət hadisəsinə müraciət forması qorunub saxlanılır, həm də qafiyə sistemindəki naqislik aradan qalxır.
Yunan miflərində titan Astreyanın (ulduzlu deməkdir) Eosdan güləoxşar üç külək - Zefir (yeri qərb tərəfdən sovuran), Borey (şimaldan), Not (cənubdan) - övladı olur. Başqa bir yunan mifində qorxunc məxluqlar Hey və Tartar Tifondan törəyən küləyi (oğlandır) öz allah atası qaranlıq diyara atdılır. Külək orada olmazın əzab çəkdiyindən əlinə imkan düşən kimi bütün canlılara pisliklər edir, yırtıcı heyvan cildinə girərək havada quşları udur, aşağı enəndə torpaqda əkilmiş məhsulları məhv edir, insanların azuqəsini əlindən alır. Nemirovski A.İ. yazır ki, "mifik küləklərdən ən xeyirlisi qərb ölkəsi Qasperidən əsən ölümə məhkum Zefirdir ki, özü ilə isti yağışlar gətirir, o, soyuqqəlbli Boreydən və quru Notdan əzab-əziyyət görür. Dəlisov xasiyyətli Borey yunanların təsəvvüründə ölü qızları çox sevir, onları həyasızcasına qaçırır və heç vaxt "oğurluq üstə" ələ keçmir". Azərbaycan inanclarındakı "qızların boğanağa ərə getmək istəyi" ilə Boreyin ölü qızları qaçırması arasıda hansısa əlaqə mövcuddur. Eləcə də bizdə insanlar yalnız iki küləkdən kömək diləyirlər. Ulu əcdadlarımız taxılı küləşdən təmizləmək vaxtı çatanda havalar sakit keçəndə hətta Yel babaya - külək tanrısına qurban da verirlər ("A Yel baba, Yel baba, Qurban sənə, gəl, baba...").
Azərbaycan ritual-mifoloji sisteminin aparıcı obrazlarından biri Xızırdır (Xıdır İlyas, Xızır Nəbi). Qışın son aylarında keçirilən bir ayinin gedişi barədə Ə.Axundov yazır ki, "Qovurğadan un çəkər, bişmişdən qalan unu teştə yığıb yükün altına qoyarlar. Guya gecə Xıdır İlyas gəlib əlini bu una çəkər, onu əfsunlar. Bu un müqəddəs və əfsunlanmış hesab edilər. Səhər açılanda yükün altındakı unu ortaya gətirib ailə üzvləri arasında paylayar, unu öpüb yeyərlər. Çox ehtimal ki, bu mərasim Xıdır İlyas əfsanələri ilə əlaqədardır".
Xızırı yazın gəlməsi mərasimi ilə bağlı mifoloji obraz kimi götürən M.Seyidov onun mənşəcə türklərə məxsusluğunu əsaslandıran tutarlı dəlillər gətirir. Doğrudan da Xızır Günəşlə, odla, istilərin düşməsi, təbiətin oyanması ilə əlaqələnərək dirilik, oyanma, bolluq, bərəkət, səadət, xoşbəxtlik gətirən ilahi varlıq statusunu almışdır. İ.Abbasovun qənaətinə görə isə, "Xızır qədimdə "yaşıl", Al-xızır isə "aşağı-yuxarı yaşıllıq" mənalarını daşıyıb". İslam inancında Xıdır şəklində formalaşıb yayılan mifoloji obrazla Xızırın eyniləşdirilməsi tarixin yaxın çağlarında baş vermiş prosesdir. Əslində müsəlman ənənəsində Xıdır ziddiyyətli göstərilir: bir tərəfdən onun əsas keyfiyyəti ölümsüzlükdür, buna görə də İlyasla qoşalaşdırılır, digər tərəfdən ölümsüz Xıdırın iki-üç "məzarını" nişan verirlər. Eləcə də ərəblərdə Xıdır bir neçə peyğəmbərin (hətta Məhəmmədin də) ustadı və məsləhətçisi sayılır. Tədqiqatçılar Xıdır, yaxud Xızır adında ("yaşıl" mənasını verdiyi üçün) bitkilər aləmi ilə əlaqəni göstərməklə kifayətlənir və vurğulayırlar ki, müsəlman təsəvvüründə özünə çox az yer tapıb. M.Seyidov isə "Xızır"ın türkdilli "xız" kəlməsindən törədiyini irəli sürür və V.V.Radlova, Ş.Samiyə istinadən bildirir ki, "Xız//Xuz bir çox türk dillərində çoxmənalıdır. Onun "qızmaq", "hərarət", "atəş", "qız(ğınlıq)", "coş(ğunluq)" və eləcə də "qüvvət-qut" (Azərbaycan dilində işlənən "Ürəyində qut olsun" ifadəsindəki "qut"la müqayisə et) mənası vardır" [86, 106]. M.B.Piotrovski Xadirlə [əl-Xadir, əl-Xidr (əl-Hadir, əl-Hidr)] bağlı Şərq ölkələrindən toplanan mifik təsəvvürləri ümumiləşdirərək yazır ki, "Müsəlmanlar onu dəniz səyyahlarının hamisi sayırlar. Hindistanda xoca Xıdır (Xızır) adı altında çay və quyu suların ruhu təqdim olunur. Orta Asiyada isə Həzrəti Xızır xeyirxah qoca sifətində verilir, layiq olanlara xoşbəxtlik, səadət bəxş edir. Əksər müsəlman ölkələrində Xıdırı oğurluğa qarşı çıxan, insanları seldən, yanğından xilas edən, əqrəb, ilan dişləməsindən qoruyan müqəddəs varlıq kimi tanıyırlar". Onu xristianların İlyası ilə də eyniləşdirirlər. Deyilənlərdən bu nəticə çıxır ki, M.Seyidovun qənaətlərində böyük həqiqət var: "Xızır (Xıdır yox!) türkdilli xalqların, o sıradan azərbaycanlıların öz doğma təfəkkürünün məhsuludur. Xızır-Xıdır birliyi o deməkdir ki, türkdilli xalqlarla ərəblərin mifoloji təfəkkürü tarixin hansı çağındasa qarşılaşıb və demək olar ki, hər obraz öz keyfiyyətini müəyyən müddət qoruyub saxlayıb. Güclü islam təbliğatına baxmayaraq azərbaycanlıların Xızırı "təslim" olmayıb, ərəb Xıdırı ilə yanaşı yaşayıb".

Ramazan Qafarlı
filologiya üzrə elmlər doktoru, professor