Nəsimi ili:  klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği Mədəniyyət

Nəsimi ili:  klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği

Nəsiminin milliliyi və bəşəriliyi

Azərbaycanın dünyaya bəxş etdiyi dəyərlər sırasında İmadəddin Nəsiminin ayrıca yeri var. Onun poeziyası 650 ildir ki, bəşəri mahiyyəti ifadə və təsdiq etdiyinə görə yaşayır, bundan sonra da yaşayacaq. Nəsimi Azərbaycanın mənəvi obrazının yaradıcılarındandır. Onun poeziyasındakı mətinlik, döyüşkənlik, eyni zamanda aşiqliklə yanaşı filosofluq, aqibətinə düşən qüdrəti şeirlə ifadə edə bilmək qabiliyyəti əvəzsizliyinin göstəricisidir. Ustadı Fəzlullah Nəiminin yaratdığı hürufilik təriqətinin mahiyyətini yaradıcılığında böyük bir eşqlə car çəkən Nəsimi əbədi aşiqdir. Onun yaradıcılığı sözün gerçək mənasında Azərbaycanın ulusal ruhunu ifadə etdiyi dərəcədə də bəşəriliyə tam uyğundur.

Hürufilik təriqətinə görə, Allah hər bir zərrəcikdə təcəssüm edir. Hürufiliyin - Nəimi, Nəsimi obrazının uğurlu bədii həllini xalq yazıçısı İsa Hüseynov – Muğannanın “Məşhər” romanında və ssenari müəllifi olduğu “Nəsimi” filmində görürük. Romanda belə bir məqam var: “Fəzlin üzünün kəhrəbasında naxışlar əmələ gəlmişdi və ilbəil artıb dərinləşən naxışlar onu daha zərif, daha məlahətli edirdi. O məlahəti yaxından gördükdə, Nəsimi hər şeyi unutdu”.

Bu, Nəsiminin şəxsində aşiq obrazının təsviridir. O sevgi, ilahi anlamda eşq ki bədii əsərlərdə görülürdü, gerçəkdən Nəsimi bunu müqəddəs aqibət səviyyəsində yaşadı. Nəsiminin yazdıqlarının ünvanı mahiyyətcə ustadı Nəimidir. Bu, insanın uca tutulmasının təsdiqidir, Azərbaycan ruhundan gələn, bundan sonra dünyaya daha çox gərək olan bənzərsiz insanlıq olayıdır – hava-su kimi. Ona görə ki, bu gün dünyada baş verən hadisələr daha çox insansızlığın ifadəsi kimi meydana çıxır. Bu gün dünyadakı terrorların, qətl-qarətlərin, amansızlığın miqyası durmadan artır. İri güclər ardıcıl şəkildə müharibələr yaradır, varlığını, ruhunu qorumaq istəyən ölkələri tapdaq altına salmaq istəyirlər. Tarix boyunca bəşərin yetirdiyi bütün gözəl, müqəddəs duyğuların bədii, yüksək sənət səviyyəsində ifadəsinə baxmayaraq qan-qadaçılığın, terrorizmin dünyanın siyasi gündəmində bu və ya başqa biçimdə qaldığı, bu və ya başqa insansızlıq olaylarına məharətli hüquqi don geydirildiyi bir çağda Nəsiminin poeziyası mənəvi güc qaynağı olub, bəşəri mahiyyətli ulusal ruhumuzun dövlətçiliyimizin mayasında olduğunu bir daha sübut edir.

Nəsimi özünəməxsusluğu

Tarixə vardıqda hürufilərin Teymurləngin hakimiyyəti dövründəki fəaliyyəti diqqəti daha çox cəlb edir. Dünyaya yiyələnmək iddiasında olan Teymurun zamanında hürufilərin insana bu dərəcədə yüksək dəyər verməsi doğrudan da misilsiz hünər idi.

Nəsimi poeziyasında İslam dinindən gələn rəmzlərdən bəhrələnmə kifayət qədərdir. Onun poeziyasının, ömrünün, ümumən hürufiliyin hərtərəfli tədqiqi göstərir ki, hürufilər fikirlərini rəmzlərlə deməyə məcbur idilər. Əks halda onları çox az vaxtdan sonra məhv edəcəkdilər. Adı, şöhrəti ustadı Nəimini də hərdən qabaqlayan Nəsimi elə bir qüdrət yiyəsi oldu ki, onu asanlıqla məhv etmək mümkün olmadı.

Ancaq Nəsimini cismən öldürmək – əslində onu ölümsüzləşdirməyə xidmət etdi.

Nəsimi duyğusu adi duyğu deyil, fikri adi fikir deyil, eşqi adi eşq deyil. O, gerçəkdən zamandan üstündür. Azərbaycanda elə şəxs tapmaq olmaz ki, Nəsiminin adını eşidəndə düşüncəli bir hala gəlməsin. Nəsiminin poeziyası insanın ilahi-insani imkanlarını aşkarlamağa, özünə yetməyə, düşünməyə, var olmağa xidmət edir.

Nəsiminin irsi niyə aktualdır?

Ona görə ki, insanla bağlı yüzillər öncə deyilən uca fikirlər bu gün də insanlara – bütün bəşərə gərəkdir. Ona görə ki, çağdaş elmi-texniki tərəqqinin ən yüksək nailiyyətlərini yaradan insanın Nəsimi kimi özündən keçən aşiq-filosof-qəhrəmana böyük ehtiyacı var. Bu gün Avropanın poeziya sahəsində dünyaya təqdim etdiyi adların içərisində bəşəriliyi təsdiq edənlər az deyil. Ancaq Nəsimi kimi şair gerçəkdən yoxdur.

İslam dininin yayılmasından sonra Şərqdə sufilik cərəyanı yarandı və yayıldı, xüsusən musiqidə, poeziyada, habelə başqa yaradıcı sahələrdə böyük təsirini buraxdı. Bu gün muğamatın ruhu sufilərin ruhu olaraq duyulmaqdadır. Muşamda ümumşərqilik olsa da, ayrıca olaraq “Azərbaycan muğamı” anlayışı var. O deməkdir ki, muğamatın yaranması və inkişafında Azərbaycan-türk əsilli insanların mühüm xidmətləri olub. Habelə poeziyada təkcə Füzulinin adını çəkmək yetər ki, sufilikdə möhtəşəm imzamızın olduğunu deyək. Sufilər Allaha yetib onda itirdilər. Hürufilikdə isə insan Allaha yetib ilahi imkanlarını aşkarladığına – ilahiləşdiyinə inanırdı.

Nəsimi vəcdi adi ağlın görmədiyini görür, duyur...

Nəsimi inanır ki, insan gerçəkdən cahana sığmaz.

O, vəcdlidir, ruhludur, insanlıdır.

İnsan möhtəşəmdir, deməli, dünyaya sığmır, dünyadan üstündür.

Kainatda nə varsa, mənalandıran insandır. Hər şey insana görə mənalıdır...

Bu, sadəcə, şair qənaəti deyil.

Gənc yaşlarında ustadı Nəiminin fəlsəfəsindən, təlimindən nurlanmış Nəsiminin vəcdi, duyumu adi təsəvvürlərdən ona görə üstündür ki, insanın sığmazlığını, böyüklüyünü öz şəxsində görə bilir, bu həqiqətə yetir.

Çox zaman açıqca görünür ki, Nəsiminin eşqini ifadə etməsinə söz yetmir...

İnsanın böyüklüyünə inanan Nəsimi vəcd məqamında onu Allah da sayır.

Ona görə ki, həqiqətə yetir. Həqiqət onu insanın böyüklüyünə yetirir.

Nəsiminin insanı o qədər uca, ülvidir ki, onu sözlə vəsf etmək olmur.

Nəsiminin insanı müəyyən məkanda olsa da, məkansızdır, ruhu zamana sığmır. Keçici ölüm qisməti belə insanı ruhən əbədilik aqibətindən məhrum edə bilməz. Bu səbəbdən də insan hər şeydir.

Mən mülki-cahan, cahan mənəm mən!

Mən həqqə məkan, məkan mənəm mən!

Mən surəti-mə’nidə həqəm həq,

Mən həqqi-əyan, əyan mənəm mən!

Mən cümlə cahanü kainatam,

Mən dəhrü-zaman, zaman mənəm mən!

…İnsanü bəşərsən, ey Nəsimi,

Həq der ki, haman, haman mənəm mən!

Nəsiminin insan obrazı qüdrətlidir, o, heç bir keyfiyyətə sığmır... Nəsiminin vəcdi, həqiqət təşnəliyi adi təsəvvürlərə sığmır. O, insanlığa, insana vurğundur. Nəsiminin insana inamı, idrakı, vəcdi bəşəri ləyaqəti təsdiq edir. Bu, mahiyyətcə Azərbaycan ruhunun ərdəmli ifadəsidir.

Nəsimi məğrurluğu...

Nəsimi – hünər, məhəbbət, kamillik, bənzərsizlik, müdriklik deməkdir... Nəsimi inanır ki, insanın mənəvi gözəllikləri ölümsüzdür. Nəsiminin insanının gözəlliyi, bənzərsizliyi onun sifətində ifadəsini tapır. İnsanın gözəlliyini, bənzərsizliyini bunca vəsf etmək olarmı? Nəsiminin insana olan ilahi sevgisi bunu sübut edir:

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım,

Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım.

Şəhim, mahım, dilaramım, həyatım, dirligim, ruhim,

Pənahım, məqsədim, mеylim, muradım, sərvərim, хanım.

…Çırağım, şəmimü nurim, ziyamü yıldızım, şəmsim,

Həzarım, bülbülüm, kəbkim, Nəsimiyi-хoşəlhanım!

Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks etdirir

Akademik İsa Həbibbəyli bu fikirdədir ki, böyük əqidə sahibi İmadəddin Nəsiminin faciəli şəkildə öldürülməsi haqqında geniş yayılmış rəvayətlər dünya ədəbiyyatında təkrarı olmayan qəhrəmanlıq mifidir. Nəsiminin həyatı və sənəti əqidəsi yolunda şəhidlik zirvəsinə yüksəlməyin ibrətamiz nümunəsidir: “Cəmi 48 il ömür sürmüş, böyük və zəngin ədəbi irs yaratmış Nəsiminin şeirlərində ifadə olunan yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları zamanı daha da irəli aparan çağırışlardır. Nəsiminin böyük idealları müasir dövrün də ideyalarını əks etdirir, onun əsərləri insanlığı mənəvi kamilliyə, ədalətə, humanizmə çağırmaqda davam edir”.

Akademik Rafael Hüseynov: “Türk, fars, ərəbdilli şeirimizin son 1200 illik tarixi boyunca yazıb-yaratmış çox məşhur, yaxud ən parlaqlardan olmasa da, hər halda yetərincə tanınmış və adı təzkirələrdə keçən, irsi sanballı şairlər cərgəsində anılan, ədəbi mirasına da bilavasitə bələd olduğum minlərlə şairin arasında, tam qətiyyətlə təsdiqləyirəm ki, özünə və dünyaya bu qədər sual vermiş ikinci şairimiz yoxdur. Nədən Nəsimi suala bunca həvəslidir? Sual insanı kamilləşməyə aparan ən qısa yollardan biridir. Məhz dil açdığı ilk illərdə verdiyi bol-bol sualların sayəsində insan oğlu adamlaşmağın əsas yolunu qısa zaman kəsiyində adlayır, nə qədər inanılmaz səslənsə də, həyatı boyu götürəcəyi informasiya yükünün əsas hissəsini elə bu dövrdə mənimsəyir”.

Nəsimi bizim müasirimizdir

Akademik Teymur Kərimli Nəsimini Azərbaycanda anadilli ədəbiyyatın beşiyi başında duran şairlərdən sayır: “Bizim anadilli ədəbiyyat XIII əsrdə Həsənoğludan başlayır və həmin dövrə aid, lakin müəllifi məlum olmayan “Dastani Əhməd Harami” poeması var, XIII əsrin əvvəllərində Qul Əli adlı bir şair “Qisseyi-Yusif” əsərini yazıb. Nəsimi də onların sırasında anadilli ədəbiyyatın beşiyi başında duran bir sənətkardır”.

AMEA-nın müxbir üzvü Kamran Əliyevin fikrincə, Nəsimi yaradıcılığında Xızırla - dirilik suyu ilə bağlı sirr həm həqiqi, həm də mifoloji mənada Nəsimi ilə İsgəndərin davasının görünməyən mərtəbəsidir: “Şair Xızırın simasında dirilik suyu obrazını canlandırdıqca, sanki İsgəndərə acıyır, onun zülmətlər içərisində faydasız axtarışlara sərf etdiyi vaxta heyifsilənir. Nəsimi çox böyük inamla demək istəyir ki, ey İsgəndər, dirilik suyu qaranlıq mağaralarda, zülmətlər içərisində deyil, sənin yanında olan gözəlin duruşunda, baxışında və danışığındadır. Nəsiminin inandığı doğru olandır. Yəni özü dediyi kimi, "doğruya zaval yoxdur". Şair altı əsr bundan qabaq necə deyibsə, biz də indi eləcə deyirik. Deməli, Nəsimi bizim müasirimizdir”.

Nəsiminin yaradıcılığı indiyə kimi ədəbiyyata, incəsənətə geniş yaradıcılıq imkanları versə də, gedişat göstərir ki, bu misilsiz xəzinədən daha geniş şəkildə yararlanmaq imkanımız var. Belə ki, Nəsiminin insançılıq fəlsəfəsinin poeziyada yüksək sənətkarlıq ölçüsündə ifadəsi onun təkcə Şərqdə deyil, Qərbdə də geniş şəkildə təqdim olunmasını gərəkli edir. Bu dünyagörüş bizim xalq olaraq mənəvi zənginliyimizin sübutu kimi daha geniş biçimdə diqqət cəlb etmək, ümumən bəşərin bundan sonrakı yaşamına ciddi mənəvi təsir göstərə bilmək qüdrətinə malikdir.

Nəsiminin döyüşkənliyi, aşiqliyi, insana uca səviyyədə yanaşması, onu ilahiliyin qaynağı bilməsi bugünümüzdə və sabahımızda ulusal, bəşəri ölçümüzün cilalanmasında ardıcıl mənəvi güc qaynağımız ola bilər. Ona görə ki, nə qədər elmi-texniki tərəqqi yüksək səviyyədə inkişaf etsə də, bunun yaradıcısı olan insan heç bir halda gözdən düşməməli, onun duyğusu, insana, xalqına, başqa xalqların fərdlərinə, təbiətə ilahi münasibət bəsləməsinə səbəb olar.

İnsanın mənəvi xilasının dünyada ciddi ölçüdə qayğıya çevrildiyi bir çağda Nəsimi poeziyası, Nəsimi şəxsiyyəti bizi əbədi sabahlarda təsəvvür edəcəyimiz, etməyəcəyimiz çoxsaylı təhlükəli məqamlardan qurtarmağa qadir olan mənəvi qüdrət qaynaqlarımzdandır.

Elçin Qaliboğlu

"Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün”