Şumer mifologiyası:  şumer tanrılar panteonu - 8-ci yazı  Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 8-ci yazı 

Dünyanın və insanın yaranması

Dünyanın və insanın yaranması bütün xalqların əfsanə və miflərində öz əksini tapıb. Hər bir xalq dünyanın və insanın necə yarandığı barədə düşünüb, bu məsələləri öz bədii təfəkkürünün süzgəcindən keçirib ədəbi-mifoloji mətnlərdə qəlibləşdirib, yaddaşlarda yaşada-yaşada nəsildən-nəsilə ötürüb. Bunların hamısını sadalamaq fikrində deyiləm. Bircə şeyi xatırlatmaq istəyirəm ki, dünyanın və insanın yaranması haqqında ən uzaq xalqların belə mifik düşüncələri bir-birinə çox yaxındır. Bu da həmin düşüncələrin eyni qaynaqdan süzülüb gəldiyini göstərir.
Hər şeydən öncə nəzərə almaq lazımdır ki, insan bütün canlılardan emosional-psixoloji keyfiyyətlərinə və qeyri-adi (poetik) düşüncə tərzinə görə seçilir. Emosionallıq yalnız insana xasdır. Bəs bu emosionallığı yaradan nədir? Tanrı insana göz verib ki, ağacın yarpağında, suyun axarında, buludun arasında, quşun uçuşunda, ceyranın qaçışnda heç kimin görmədiyi sirləri görsün. Tanrı insana qulaq verib ki, pıçıldayan yarpaqların, şırıldayan suların, lal-kar qayaların, guruldayan şimşəklərin nə dediklərini eşitsin. Görünməyənlərin görünməsi, eşidilməyənlərin eşidilməsi ürəkdə toplanır, hissləri, duyğuları qıcıqlandırır, alovlandırır, bütün sinirləri oyadıb sim kimi tarıma çəkir və bunlar da insanı emosionallaşdırır. Emosiya və poetik düşüncə bir-birilə qırılmaz tellərlə bağlıdır. Tanrı da yalnız bu poetik düşüncə və emosionallığı verdiyinə görə boynumuza minnət qoyur, göz, qulaq, ürək vermişəm deyəndə məhz onu nəzərdə tutur.
Tanrı insanı gözəl yaradıb, ona öz sifətini verib, özünə oxşar yaradıb. İnsan bütün yaranmışların əşrəfidir. Tanrı özündən başqa yaratmaq hüququnu-haqqını yalnız insana verib. İnsan yaradandı, tikib-qurandı, düzüb-qoşandı, bəzəyib-düzəyəndi. Dünyanın bütün möcüzələrini insan yaratmışdır. Bütün yaradıcılıqların tacı olan söz sənətinin altında yalnız insanın imzası var.
İlk insanın yaranması haqqında Şumer yazılı qaynaqla-rındakı bir çox bilgilər gəlib bizə çatıb. O qaynaqların da bəzilərində ilk insanın Quranda və Bibliyada olduğu kimi, gildən-palçıqdan yaradıldığı vurğulanır. Lakin Şumer qaynaqlarının əksəriyyətində insanın tanrıların övladları olduğu, ilk insanın insan kimi doğulduğu qabarıq şəkildə gözə çarpır. Ayrı-ayrı Şumer qaynaqlarında insanın necə yaranmasına toxunulsa da, “Atraxasis haqqında əfsanə”də ondan geniş danışılır.
İnsandan öncə tanrılar dünyanı-yeri, göyü yaratdılar. Dənizləri, gölləri, çayları, dağları, dərələri yerbəyer elədilər. Gecəni-gündüzü nizama saldılar, ayları, illəri düzüb qoşdular, illəri fəsillərə, fəsilləri aylara, ayları həftələrə böldülər.

Məkan da olmayanda,
Zaman da olmayanda.
Nə yer, nə quru, nə su,
Cahan da olmayanda.
Nə göylər, nə də göydə
Ulduzlar, işıqlı Ay,
Nə Yerlər, nə də yerdə,
Dəniz, bulaq, axan çay.
Nə günlər, nə həftələr,
Nə aylar, nə də illər,
Nə isti, nə də soyuq,
Nə dəyişən fəsillər.
Yay, payız, şaxtalı qış,
Bahar da olmayanda.
Rənglər əlvan-əlvan
Çalar da olmayanda.
O olmayan zamanda,
Tarixdən qabaq anda.
Yoxdu nə uca dağlar,
Nə də dərin dərələr.
Nə axşamlar, gecələr,
Nə gündüz, doğan səhər .

Tanrılar dünyanı yaratmağa Xəzər dənizini göydən yerə endirməklə başladılar. O zaman Xəzər dənizi Absu adlanırdı. Tanrı Ab göyün yiyəsiydi. Bu ad da onun şərəfinə qoyulmuşdu - Tanrı Abın suyu deməkdir! Absu (Xəzər) dənizi səma-göy dəniziydi. Alman alimi Erix Seren də Xəzərin həqiqətən səma dənizi olduğunu söyləmişdir. Onun fikrini olduğu kimi verirəm: “Второе дерево, местонахождением которого также было Каспийское море (первоначально это, несомненно, было «Небесное море»), называлось Хаома Гокорд (или Тао керена)” .
Xəzər dənizinin Səma dənizi olması bir çox qaranlıq mətləblərin açılmasına imkan verir. Aparılan hərtərəfli tarixi-filoloji tədqiqatların nəticələri göstərir ki, dünyanın da, ilk insanın da yaranması Xəzər dənizilə bağlıdır. Şumer miflərində bu barədə yetərincə bilgi var. Özü də onlar yazılı şəkildə gil lövhələrdə gəlib bizə çatıb.
Bu qədim mətnlərin sonrakı mətnlərlə həm oxşar, həm də fərqli cəhətləri var. Bütün miflərdə insanları yaratmaqda məqsəd eynidir: Tanrılar özləri ağır işlər görürlər, onların öhdəsindən gələ bilmirlər, çox əzab-əziyyət çəkirlər. İnsanı yaradırlar ki, bütün bu ağır işləri onlara tapşırsınlar.
Qədim mətnlərdə ağır iş görən tanrılar tanrı Enkiyə müraciət edirlər. O dərin yuxuya gedib heç kəsi eşitmir. Bu zaman bütün tanrıların və Enkinin anası Hammu öz oğlunu oyadıb ondan xahiş edir ki, tanrıları bu ağır yüklərdən azad etmək üçün insanları yaratsın. Enki onun sözünə qulaq asır və insanı yaratmağa razılıq verir. Tanrıların anası Nammu və Yerin tanrısı Ninmax insanı yaratmağa başlayırlar, Enki özü də onlara kömək edir. Sonrakı mətnlərdən fərqli olaraq burada insanın yaranmasında Anın, Enlilin, Mamanın, Nintunun adları çəkilmir.
Başqa bir mifdə isə ilk insanı tanrı Arurunun yaratdığından söhbət açılır. Bu artıq Şumerə qədərki dövrə aiddir. Bu mətn sözsüz ki, ən qədim motivləri qoruyub saxlasa da, sonralar üzü köçürülərkən güclü şəkildə təhrif olunub. Bu mətnə görə, guya yeri Xıdır (Marduk) yaratmışdır. Halbuki şumerlər dövründə Xıdır (Marduk) böyük tanrı olmayıb. O yalnız Babil dövründə böyük ad qazanıb. Mətn də həmin dövrə uyğunlaşdırılıb.
Nəhayət, ən böyük mətn bir poemadır. Burada əsas motivlər eyni olsa da, süjet bir qədər başqadır. Burda məsələ belədir ki, tanrılar dünyanı yaradandan sonra özləri ağır işlərə qatlaşır və əziyyət çəkirlər. Bu işləri görmək onları heç cür razı salmır:

Bir vaxt tanrılar insan
kimi yaşayırdılar,
Ağır işlər görərək,
zənbil daşıyırdılar.
Onların zənbilləri
o qədərmi böyükdü,
Bir zaman gördülər ki,
bunlar çox ağır yükdü.
Onda Annunakların
yeddi böyük tanrısı,
Mələklərə verdilər
bu işi axırısı.
Böyük rəhbər seçildi
An-özcə ataları,
Oldu məsləhətçisi
əsgər Enlil onların.
Mələklərin üstündə
böyük oldu Ninurta,
Nəzarətçi qoydular
üstəlik Nerqalı da.
Əllərini üst-üstə
qoyub bir gün tanrılar,
Püşk atıb bu işləri
hamıya payladılar.
Göylərin ağalığını
götürdü Anın özü,
Enlilin oldu bütün
göyün altı, yer üzü.
Suların çəkilməsi,
Okeanın qapısı,
Hökmdar kimi Enkiyə
tapşırıldı hamısı
An öz işini görüb
qalxdı uca göylərə,
Enki də ordan birbaş
endi dərinliklərə.
Onlar uca göylərdən
gələn annunaklar,
Mələklərin boynuna
ağır işlər qoydular.
Mələklər başladılar
çay yatağı qazmağa,
Ölkəyə can verəcək
kanallar yaratmağa.
Çayların yatağını
mələklər qazırdılar
Kanallar çəkməyə
can-başla hazırdılar.
Onlar Dəclə çayını
gencə-gencə qazdılar,
Sonra Fərat çayını
pəncə-pəncə qazdılar.
Mələklər çalışdılar
suların lap dibində,
Bir məbəd ucaltdılar
onlar da Enki üçün,
Abzunu ucaltdılar
sularda Enki üçün
***
Onlar həmin məbədi
göylərə qaldırdılar.
Ağır-ağır işlərə
dözdülər onlar on il,
Ağır-ağır işlərə
dözdülər iyirmi il.
Ağır-ağır işlərə
dözdülər düz otuz il .

Mələklər düz iki min beş yüz il bu ağır işlərə birtəhər dö-zürlər, lakin artıq bezirlər. Palçıqda, bataqlıqda, tozda, torpaqda işləmək onlarda mələklik qoymur. Yavaş-yavaş Enlildən şikayətlənirlər, onun vəzifəyə düzgün qoyulmadığını dilə gətirirlər, onu dəyişmək tələbləri səslənir. Külünglərini sındırıb, bellərindən tonqal çatıb, zənbillərini oda atıb Enlilin məbədinin qapısına yığışırlar. Mələklər burda əməlli-başlı üsyan qaldırırlar, hətta bu işlərdən ölüm qoxusu gəlir. Enlil yubanmadan böyük tanrıları yanına çağırır. An gəlir, Enki gəlir. Ninurta, Nerqal gəlir. Hətta böyük tanrıların burdakı söhbətlərindən bəlli olur ki, mələklər Enlilin öz oğlanlarıdı. Enlilin məsləhətçisi Nusku Enlilə deyir ki, sən öz oğlanlarından niyə qorxursan?”

Qapının rəzəsini
çəkib Nusku yenidən,
Yaraqlanıb dayandı
düz Enlilin önündə.
Nusku açdı ağzını
ona nəzər salaraq,
O davakar Enlilə
söylədi beləcə bax.
“Mənim ağam, bu nədi
ağappaq ağarmısan,
Öz oğlanlarındanmı
belə möhkəm qorxmusan?”

İslam Sadıq
filologiya üzrə elmlər doktoru