Xalq artistinin Şuşadakı evinin görüntüləri yayılıb - VİDEO Mədəniyyət

Xalq artistinin Şuşadakı evinin görüntüləri yayılıb - VİDEO

Beynəlxalq Muğam Mərkəzi Xalq artisti, Dövlət mükafatı laureatı, dirijor, tanınmış pedaqoq, ictimai xadim, professor Süleyman Ələsgərova həsr olunmuş videoçarxı nümayiş etdirib.

Bəstəkarın Şuşadakı evinin videogörüntüləri, həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət videoçarxda sənətkar ömrünə səyahət etmiş oluruq. Süleyman Ələsgərov musiqimizdə özünəməxsus fəxri yer tutan bəstəkarlardan biridir. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir. Bəstəkarın zəngin musiqi irsi Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın («Bahadur və Sona» və «Solğun çiçəklər»), 12 musiqili komediyanın, 2 simfoniyanın («Gənclik» və «Vətən), «Bayatı-Şiraz» simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün «Ikili konsert»in, simfonik orkestr üçün «Uvertüralar»ın, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün, xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir.

O, daima çalışmışdır ki, qədim və zəngin bir tarixə malik olan xalq musiqimizin ən gözəl ənənələrini öz yaradıcılığında əks etdirsin.Bəstəkarın xatirəsi musiqisevərlərin qəlbində əbədi yaşayır.