Yazıçılar Birliyi Çanaqqala döyüşləri ilə bağlı müsabiqə keçirəcək Mədəniyyət

Yazıçılar Birliyi Çanaqqala döyüşləri ilə bağlı müsabiqə keçirəcək

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Modern.az saytına ədəbi qurumun 2015-ci ildə görəcəyi işlərdən danışıb. Gənclər üzrə katib öncə bu ildə "Gənc ədiblər məktəbi-2"in davam edəcəyini bildirib:
"Gənc ədiblər məktəbi-2" 2015-ci ildə də fəaliyyət göstərəcək. Bundan əlavə, may ayında 20 gənc yazara prezident təqaüdü veriləcək. Gənclərlə yanaşı, 20 yaşlı qələm adamı da prezident təqaüdü alacaq. AYB-in qəbul komissiyası bu il də quruma yeni üzvlərin qəbulu ilə məşğul olacaq. Təbii ki, onların arasında gənclər də var".
Katib yeni ildə AYB-in həyata keçirəcəyi layihələrdən də danışıb: "Türkiyənin elm və sənət yönümlü təşkilatı ilə Azərbaycan Yazıçılar Birliyi arasında fevralın 4-5-də memorandum imzalanacaq. Memoranduma əsasən Azərbaycan yazarlarının kitabı Türkiyədə, türk yazarlarının kitabı isə Azərbaycanda çıxacaq. 2015-ci ildə həm orada, həm burada 2 kitab işıq üzü görəcək. Avrasiya Yazıçılar İttifaqı ilə AYB-in əlaqələri davam edir. Yəqin ki, bu il də təşkil olunacaq ənənəvi sərgidə Azərbaycan da iştirak edəcək.
Daha sonra onu qeyd etmək olar ki, bu il Çanaqqala hadisələrinin 100 illiyi münasibətilə AYB yazı müsabiqəsi elan edəcək. Yəqin ki, bu haqda tezliklə məlumat veriləcək.
Müsabiqəyə Çanaqqala savaşına həsr olunan şeir, hekayə və məqalələr qəbul ediləcək. Müsabiqənin qalibləri Türkiyədə keçiriləcək Çanaqqala mərasimlərinə qatılacaqlar".