“Nizami Gəncəvi XIV əsrdə özbəkcəyə çevrilib” Mədəniyyət

“Nizami Gəncəvi XIV əsrdə özbəkcəyə çevrilib”

Tanınmış özbək alimi, filologiya elmləri doktoru, professor, tərcüməçi, ədəbiyyatımızın dostu və bilicisi, professor Səadət xanım Mahmudova ilə Özbək-Azərbaycan ədəbi əlaqələri haqda söhbət

Səadət xanım Mahmudova 1970-ci ilin mart ayının 13-də Daşkənd şəhərində ziyalı ailəsində anadan olub. Atası Özbəkistan Dövlət Universitetdə fizika fənnini tədris edib, anası isə orta məktəb müəlliməsidir. Uşaq vaxtlarından kitaba, elmə böyük marağı olub. Daşkənd Dövlət Universitetini (indiki Özbəkistan Milli Universiteti) bitirdikdən sonra, əyani olaraq həmin universitetin aspiranturasına daxil olub. 1999-cu ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. 1999-cu ildən 2004-cü ilə qədər universitetin özbək dili kafedrasının dosenti kimi çalışıb.

2004-2011-ci illərdə isə Daşkənd Dövlət Pedaqoji Universitetində dosent, professor, 2011-ci ildən isə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin Ümumu dillər kafedrasının müdiridir. 100-dən artıq elmi işin müəllifi olan Səadət xanım 15 monoqrafiya, dərslik və dərsliklərə yardım kitablarının da müəllifi kimi tanınır. Mətbu orqanlarda 85 elmi məqaləsi dərc olunub.

Ailəlidir. Həyat yoldaşı bizneslə məşğuldur. Oğlu İqtisadiyyat Universitetinin 4-cü, qızı isə Akademik liseyin 3-cü kurs tələbəsidir.



- Səadət xanım, əvvəlcə sizi "Vektor" Beynəlxalq Akademiyasının akademiki seçilməniz münasibət ilə təbrik edirəm.

- Təbrikə görə çox sağ olun. Mən çox şadam ki, "Vektor" Beynəlxalq Akademiyasının üzvləri mənim namizədliyimə səs veriblər. Bu diplom mənim türkdilli xalqların elm, mədəniyyət və ədəbiyyat əlaqələrində çalışmama daha da təkan verəcək. Məsuliyyətim artacaq.


- Çox istərdim Özbək-Azərbaycan ədəbiyyatının tarixi və bugünkü əlaqələri haqda danışasız.

- Xalqlarımızın dostluğunun qədim və dərin kökləri var. Əsrlər keçsə də, bu dostluq heç zəifləməyib, əksinə, möhkəmlənməkdədir. Buna görə də iki qardaş xalqın ədəbi-mədəni əlaqələrinə minnətdar olmaq gərəkdir.

Hələ XIV əsrin ortalarında Kutub Xarəzimi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını özbək dilinə çevirmişdi. Nəvai isə Nizamini özünün müəllimi hesab edib. Onun "Xəmsə"səsindən ilhamlanaraq özünün "Xəmsə"sini yazıb. 15-ci əsrdə isə Heydər Xarəzmi Nizaminin "Sirlər xəzinəsi" əsərini, Oqaxi isə 19-cu əsrdə şairin "Yeddi gözəl" poemasını özbək dilinə tərcümə edib. Nəvai özünün əsərlərində Nizami və Xəqani ilə yanaşı Azərbaycanın böyük şairləri və elm adamları olan Şeyx Şirvani, Abu Abbas Suxraverdi, Abu Abdulla Xəqani Sufi, Şeyx Təbrizi, Qasım Ənvərididən də söz açıb. 17-ci əsrdən başlayaraq Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması Türküstanın mədrəsələrində əsas ədəbiyyat dərsliyi vəsaiti kimi tədris olunub.

Nəvainin əsərləri hələ sağlığında Azərbaycan şairləri tərəfindən tanınıb və sevilib. İşvari və Füzuli Nəvaini müəllimləri kimi tanıyıblar. Füzuli onu Nizami ilə bir sırada tuturmuş.

Bu ənənələr bu gün də davam edir. Onlara Azərbaycan yazarının əsərləri orijinaldan dilimizə çevrilib. Cəfər Cabbarlının "Od gəlini", "Sevil", "1905-ci ildə" pyesləri teatrlarımızda özbək dilində oynanılır. Hər iki ölkənin Yazıçılar Birliyi arasında əlaqələr genişlənir. Rüstəm Cabbarov, Usman Kuçkar, Şərif Babaxan Azərbaycan dilini gözəl bilir və tərcümələr edirlər.

Özbək ədəbiyyatına Azərbaycan xalqının böyük oğlu Maqsud Şeyxzadənin xidmətləri çox olub. O bir xəzinə qoyub sanki. Eləcə də özbək türkoloq Xalid Səidin hər iki xalqın ədəbi əlaqələrində xirmətləri yetərincədir. O, uzun illər Bakıda yaşayıb və ailəsi indi də paytaxtınızın sakinidir.

2008-ci il sentyabrın 11-12-si Özbəkistan Prezidenti İslam Kərimov Bakıda olarkən Heydər Əliyev Fondu ilə də yaxından tanış olub. Bu tanışlıq sonra hər iki xalqın ədəbi-mədəni əlaqələrində mühüm rol oynayıb. Sentyabrın 12-də prezidentimiz Bakıda Əlişir Nəvainin heykəlinin açılışında iştirak edib.

2012-ci ildə Sabir Rüstəmxanlının "Göy tanrı" kitabı dilimizə çevrilərək dərc olundu. Bundan əlavə Rüstəm Cabbarovun çevirməsində azərbaycanlı yazarların hekayələrindən ibarət "Ömürdən uzun gecə" kitabı da nəşr olundu.
Professor Almaz Ülvinin iki qardaş xalqın ədəbiyyatı qarşısında sərf etdiyi əməyi də xüsusi olaraq dəyərləndirmək istərdim. O, "Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında" və "Azərbaycan-özbək (cığatay) ədəbi əlaqələri" adlı gözəl monoqrafiyaların müəllifidir

- Siz Azərbaycan ədəbi mühitində yaxşı tanınırsız. Səhv etmirəmsə, ötən il Bakıda da olmusuz.

- Bəli, 2014-cü ilin yayında Azərbaycanda olmuşam. Artıq bir neçə ildir ki, Özbəkistanda böyük uğurla Özbəkistan-Azərbaycan dostluq əlaqələri davam edir. Nizami adına DDPU-nun rektoru professor Ş.S.Şərifov bu cəmiyyətin sədridir. Komissiya üzvləri münasibətlərin daha möhkəm tellərlə bağlanması istiqamətində işlər aparır.
Bakı Dövlət Universiteti və Gəncə Dövlət Universiteti ilə əlaqələr daha sıxdır.

- Yazarlarımız və onların əsərləri haqda geniş yazılarınız var. Bu sizin elm adamı olaraq öhdənizə düşən iş idi, yoxsa seçiminiz?

- Mənim ixtisasım dilçilikdir. Namizədlik və doktorluq işim dilçilik və onun problemləri ilə bağlı olub. Düz dediniz, çoxlu elmi məqalələr yazmışam. Maqsud Şeyxzadənin, Xalid Səidin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Elçin İsgəndərzadənin, Qulu Ağsəsin, Elçin Mirzəbəylinin və başqalarının yaradıcığığı haqda yazdığım yazılar dərc olunub.

- Кimlərlə daha çox əlaqələriniz var?

- Mənim dostlarım arasında dünyanın bir çox ölkələrinin professorları var. O cümlədən Azərbaycanda da şair, yazıçı, tarixçilər arasında dostlarım yetərincədir. Azərbaycan Elmlər Akademiyası ilə sıx əlaqələrim var.

- Səhv etmirəmsə, elmi yaradıcılıqla yanaşı tərcüməçi kimi də fəaliyyətiniz var.

- Mənim daha çox xoşuma gələn müasir Azərbaycan şairlərinin şerlərini tərcümə etməkdir. Amma Nizami və Nəsiminin də qəzəllərini dilimizə çevirmişəm. Eyni zamanda Azərbaycan ədəbiyyatı ilə bağlı da xeyli araşdırmalarım var.

- Sizcə, Azərbaycan ədəbiyyatı postsovet məkanında sözünü deyə bilirmi?

- Sözsüz ki, Azərbaycan ədəbiyyatı postsovet məkanında və dünya ədəbiyyatında özünəməxsus yer tutur. Bunu Azərbaycan yazarlarının əsərlərinin xarici dillərə tərcümə olunması sübut edir. Məsələn, bizim universitetlərdə dünya ədəbiyyatı tədris olunur. Özbək tələbələr həm klassik, həm də müasir Azərbaycan yazarlarını oxuyur, məlumatlanırlar. Nizami Gəncəvi, Füzuli, Xəqani, Fələki Şirvanı, Məhsəti Gəncəvi, Vaqif, A.A. Bakıxanov, M.Ş. Vazeh, M. Axundov, M.Ə. Sabir, A. Səhhət, H. Cavid, S. Vurğun, M. İbrahimov, R. Rza və digərləri.

- Bəs sizcə, özbək ədəbiyyatı Azərbaycan oxucusuna nə qədər tanışdır?

- Biz sizin Pedaqoji Universitetinizdə olanda bizə "MDB xalqlarının ədəbiyyatı" kitabını verdilər. Bu dərslikdə çox sayda özbək yazarlarının adları vardı. Azərbaycanda Abdulla Qədirinin, Aybəkin, Zülfiyyənin yaradıcılığı ilə yaxından tanışdılar.

- Siz özünüz kimləri tərcümə edibsiz?

- 2014-cü ildə universitetimizdə "XX əsr Azərbaycan şeir antologiyası" kitabının təqdimatını keçirtdik. Mənə Nigar Rəfibəylinin, Sabir Rüstəmxanlının, Ramiz Rövşənin, Musa Yaqubun, Ülvi Bünyadzadənin, Elçin İsgəndərzadənin, Qulu Ağsəsin, Səlim Babullaoğlunun şeirləri daha çox xoş gəldi. Bundan əlavə Elçin Mirzəbəylinin, Faiq Balabəylinin, Maarif Soltanın, Xanım İsmayılqızının, Sahibə Rəşidin, qəzəlxan şairlər Yasin Xəlilin, Səxavət Talıblının şeirlərini özbəkcəyə çevirmişəm. Adlarını çəkdiyim müəlliflərin şeirləri məni o qədər valeh edib ki, imkanım, vaxtım olsa onların bütün şeirlərini dilimizə çevirərdim ki, özbək oxucular bundan bəhrələnə bilsin.

- Azərbaycana arzularınızı bilmək istərdik.

- Daşkənddə nəşr olunan "kitab dünyası" qəzetində Ramiz Rövşənin və Almaz Ülvinin müsahibələrini oxuduqda onların özbək xalqına olan böyük sevgisindən gözlərim yaşardı. Bu sevgi bütün Azərbaycan xalqının sevgisi kimi xarakterizə oluna bilər. Fürsətdən yaralanaraq mən də öz növbəmdə Özbək xalqına nəyi arzulayıramsa, onu Azərbaycan xalqına da arzulayam. Hər kəsə xoşbəxtlik və uğurlar...