Bakı-Novorossiysk kəməri bu gündən fəaliyyətini bərpa edir İqtisadiyyat

Bakı-Novorossiysk kəməri bu gündən fəaliyyətini bərpa edir

Rövnəq Abdullayev: "Bakı-Supsa kəməri ətrafında baş verənlər Gürcüstanın siyasi məsələsidir"

"Ötən ay Bakı-Novorossiysk kəməri ilə neftin ötürülməməsi emal zavodlarının təmirə dayandırılması ilə əlaqədar olub".
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın boru kəmərləri ilə ixrac etməyə istənilən həcmdə nefti var: "İyunda emal zavodlarını təmirə dayandırdıq və bu zaman yığılıb qalan nefti Bakı-Tbilisi-Ceyhan əsas boru xəttinə yönəltdik. Hazırda bütün kəmərlərimiz işlək vəziyyətdədir. Bizim istənilən kəmər vasitəsilə neft ixrac etmək imkanımız var".
SOCAR prezidenti bildirib ki, bu gündən etibarən Bakı-Novorosiysk kəmərinə neftin vurulmasına başlanılacaq: "Bakı-Novorossiysk kəməri bizə lazımdır. Bu il ərzində bu kəmərlə təxminən 1,5 milyon barrel neft ixrac ediləcək".
Rövnəq Abdullayev Bakı-Supsa boru kəməri ətrafında baş verən hadisələrə münasibət bildirib.
Rövnəq Abdullayev deyib ki, Azərbaycanın bütün boru kəmərləri işlək vəziyyətdədir və bütün işlər öz qaydasında həyata keçirilir.
"Supsa kəmərinə gəldikdə, bu, Gürcüstanın siyasi məsələsidir. Biz siyasi məsələlərə qarışmırıq. Texniki cəhətdən bizim bütün kəmərlərimiz buna hazırdır".
Xatırladaq ki, Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze APA-nın Gürcüstan bürosuna bildirib ki, Rusiya sərhədçiləri tərəfindən Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükə yaranarsa biz alternativ layihəmizi həyata keçirəcək. Onun sözlərinə görə, Bakı-Supsa layihəsi ilə bağlı 2008-ci ildən etibarən problemlər yaşanır: "BP şirkəti avqust müharibəsindən sonra borunun 1,5 kilometrlik hissəsinə nəzarət edə bilmir. Çünki bu sahəyə rus hərbiçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var".
Onun sözlərinə görə, Gürcüstan hökumətinə "osetinlərlə dil tapmağı təklif edirlər".
"Onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Bu isə Gürcüstan üçün qəbul edilməzdir", - Kaxa Kaladze bildirib.