Azərbaycan - Rusiya işgüzar görüşü İqtisadiyyat

Azərbaycan - Rusiya işgüzar görüşü

Tural


Oktyabrın 2-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Rusiya işgüzar görüşü keçirilmişdir. Görüşdə hər iki tərəfdən sənaye, kənd-təsərrüfatı, logistika, tikinti və əczaçılıq sahəsində fəaliyyət göstərən 50-dən çox iş adamı iştirak etmişdir.
Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulamışdır. Rüfət Məmmədov Rusiya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edərək rusiyalı iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.
Sankt-Peterburq hökumətinin Sahibkarlığın və istehlak bazarının inkişafı komitəsinin rəhbəri Elgiz Kaçayevin "Sankt - Peterburq və Azərbaycan: kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq", İnvestisiyalar Komitəsinin sədri İrina Babyukun "Sankt-Peterburqun investisiya potensialı", Sənaye və innovasiyalar üzrə komitənin sədri Maksim Meyksin "Sankt-Peterburqun sənaye və innovasiya potensialı" mövzusunda məruzələri dinlənilmişdir.
AZPROMO-nun departament müdiri Zaur Qardaşov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış etmişdir. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.