“Keyfiyyətli pensiya təminatı sistemində vətəndaşların yaxından iştirakına nail olunmalıdır” İqtisadiyyat

“Keyfiyyətli pensiya təminatı sistemində vətəndaşların yaxından iştirakına nail olunmalıdır”

Pərviz Heydərov: "Bu sahədə dövlət büdcəsinin üzərinə düşən yük tədricən azaldılmalıdır"

Bu gün Azərbaycanda kifayət qədər pensiyaçı var və onların pensiya təminatının hansı səviyyədə olması aktual mövzudur. Qeyd edək ki, Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxuna şamil olunur. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumat bazasında 1 milyon 290 min pensiyaçı, 2 milyon 976 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl tədbirlər davam etdirilir.

Əlavə pensiya təminatı

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılması nəzərdə tutulub. E.Mehdiyev vurğulayıb ki, Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq məqsədilə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaların nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması zəruridir: "Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi imkanların ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir. Göstərilən vəzifələrin həlli üçün Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi islahatın əsas istiqamətlərindən birini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı imkanı verən mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur".

Strateji vəzifənin həlli

DSMF sədri bildirib ki, Azərbaycanın sığorta-pensiya sistemi qlobal çağırışlar fonunda sürətlə dəyişən kənar amillərə çevik adaptasiya imkanına malik olmalıdır və bununla bağlı iki əsas strateji vəzifənin həlli hədəflənir ki, bunlardan birincisi sistemin uzunmüddətli maliyyə dayanıqlığının, digəri isə pensiyaçıların adekvat gəlir əldə edə bilməsinin təmin olunmasıdır: "Birinci müstəvi dövlətin sığorta pensiya sisteminin Dövlət Sosial Müdafiə Fondunun bu fəaliyyətlə məşğul olması üçün qanunvericiliyin hazırlanması məsələsidir. Qanun lahiyəsinin ilkin variantını artıq yekunlaşdırmışıq. İkinci məsələ isə maliyyə bazarının digər subyektləri - özəl pensiya fondları tərəfindən bu fəaliyyətin reallaşdırılmasıdır. Bütün hallarda Azərbaycanda yığım komponentinin tətbiqi könüllü sosial sığortalanma hesabına formalaşdırılacaq. Real yığım sisteminin fərqi odur ki, toplanan pullar real pul vəsaitləri olacaq və maliiyə bazarında yerləşdirilməklə artırılacaq. Yalnız bundan sonra pensiyaların məbləğinə əlavə ediləcək. Burada müəyyən risklər də var. Hazırda sosial sığorta hissəsinə pensiya kapitallarının təminatçısı dövlətdir". E.Mehdiyev qeyd edib ki, prosesin reallaşdırılması qanunvericiliyin təsdiqindən sonra mümkün olacaq.

İlk təşəbbüs...

İqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, Azərbaycanda dövlətin iqtisadi siyasətinin əsasını həm də əhalinin sosial müdafiəsinin təşkilini fasiləsiz olaraq gücləndirmək olduğu məlumdur. Onun sözlərinə görə, bu özünü vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi sahəsində görülən işlərdə əyani göstərir: "Düzdür, dünyanın müxtəlif ölkələrində də fərqli quruluş və formada fəaliyyət göstərməkdə olan pensiya sistemləri daima təkmilləşdirilir və dövlətlər bu sistemlərin təşkilinə aid özlərinin strategiya, o cümlədən taktikalarını fasiləsiz olaraq dəyişirlər. Bu təkmilləşmə və dəyişmələr isə işəgötürmənin əmək-sosial şərtlərinin mükəməlləşdirilməsi, eləcə də pensiya-sığorta sistemlərinin cəmiyyətdəki roluna dair təsəvvürlərin yenilənməsi zərurətindən irəli gəldiyi sirr deyil. Lakin bu məsələlərə dair Azərbaycanda özəllik ondan ibarətdir ki, sözügedən sahədə zəngin təcrübə yoxdur. Çünki ölkəmiz 25 ildir ki, müstəqildir. Və bunun ilk illərində iqtisadiyyat dağılmış vəziyyətdə idi. Odur ki, bu istiqamətdə də ilk işlərə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb".

Qanunvericilik bazası

Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin təyin etdiyi islahat istiqamətlərinə uyğun olaraq, ölkəmizdə də sığorta-pensiya sistemi və dövlət sosial yardımı sistemlərinin ayrı-ayrılıqda beynəlxalq standartlar əsasında fəaliyyət göstərmələri müəyyənləşdirilmiş və bu məqsədlə 2001-ci ilin noyabrında "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Qanun qəbul edilərək, 2006-cı ilin 1 yanvarından isə 3 qanun - "Əmək pensiyaları haqqında", "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar qüvvəyə minib: "Bununla da, hər iki sistemin fəaliyyətini təmin edəcək qanunvericilik bazası yaradılıb. Hazırda sığorta-pensiya sistemi 3 qanun - "Sosial sığorta haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında", "Əmək pensiyaları haqqında" qanunlar, dövlət sosial yardım sistemi isə ayrıca 2 qanun - "Dövlət sosial müavinətləri haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" qanunlar) əsasında fəaliyyət göstərməkdədir. İndi əsas məqsəd Azərbaycanın pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığına və pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaqdır. Bunun üçün isə milli pensiya sisteminin inkişafında beynəlxalq tendensiyaları nəzərə almaq və pensiya təminatını daim yenilənən müasir tələblərə uyğunlaşdırmaq zəruri sayılır. Bu baxımdan, Prezidentinin 4 noyabr 2014-cü il tarixli 827 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın icrası mühüm əhəmiyyətə malikdir. Belə ki, sözügedən sənəd yuxarıda qeyd etdiyimiz mühüm vəzifələrin icrasını hədəfləməklə, növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edir və ölkənin pensiya sistemini təkcə sosial öhdəliklərdən çıxış edən təsisat kimi deyil, bütövlükdə iqtisadiyyatın əsas həlledici həlqəsi kimi nəzərdən keçirir".

Dövlət büdcəsinin üzərinə düşən yük...

O deyir ki, hazırda Azərbaycanda real yığıma əsaslanan pensiya planlarının tətbiqi həyata keçirilməkdə olan islahatların əsas istiqamələrindən birini təşkil edir və qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım əsasında təşkilinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşlara əlavə pensiya təminatı yaradacaq mexanizmlərin formalaşdırılmasını nəzərdə tutur: "Ümumiyyətlə, sadə dillə desək, keyfiyyətli pensiya təminatı sistemində vətəndaşların bilavasitə özlərinin onlarda bu sahədə konkret maraq yaratmaqla yaxından iştirakına nail olunmalı, bu sahədə dövlət büdcəsinin üzərinə düşən yük tədricən azaldılmalı, hər bir vətəndaşın özünün gələcəkdə pensiya təminatı üçün zəruri olan vəsaitin formalaşmasında məhz həmin vətəndaşın müvafiq gəlirlərindən yığımlar əsas baza təşkil etməlidir. Yeri gəlmişkən, bu məqsədlə beynəlxalq ekspertlərlə birgə ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində hazırlanan dövlət sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqinə dair və qeyri-dövlət pensiya fondlarının fəaliyyətinin təşkilinə aid iki yeni qanun layihəsinin hazırlandığı da deyilir. Həmin qanun layihələrində könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, o cümlədən, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər əks olunacaqd. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlərin tətbiqinin də nəzərdə tutulduğu gözlənilənlər sırasındadır... Bir sözlə, ölkədə pensiya təminatı sistemində uzunmüddətli maliyyə dayanıqlığına və ədalətli pensiya ödənişi ilə yanaşı, pensiyaçıların davamlı sosial müdafiəsi məqsədlərinə çatmaq üçün hökumət tərəfindən çox işlər görülür və bu, getdikcə daha da genişləndiriləcək. Ancaq əsas hədəfə çatmaq üçün isə şübhəsiz ki, müəyyən zaman tələb olunur...".
Onu da əlavə edək ki, ölkəmizdə yoxsulluq probleminin aradan qaldırılmasının mühüm vasitələrindən biri də pensiyaların davamlı artırılmasıdır. Bu baxımdan da ölkə prezidentinin sözügedən davamlı artımla bağlı qəbul etdiyi ardıcıl qərarların nəticəsində pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini ilbəil üstələyir. Bu tendensiyanın davamlı olması vacib şərtlərdəndir...

Habil Hüseynov

Yazı Dövlət Sosial Müdafiə Fondunun "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.