AzTEST-in laboratoriyası beynəlxalq sınaqlarda yaxşı nəticə göstərib İqtisadiyyat

AzTEST-in laboratoriyası beynəlxalq sınaqlarda yaxşı nəticə göstərib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Kənd təsərrüfatı və ərzaq məhsullarının sınağı laboratoriyası "Cənubi Qafqaz ölkələrinin metrologiya və qida üzrə sınaq laboratoriyalarının gücləndirilməsi" layihəsi çərçivəsində Almaniyanın Fiziki-Texniki İnstitutu (PTB) tərəfindən keçirilən səriştəlilik sınaqlarında iştirak edib. Komitədən "APA-Economics"ə verilən məlumata görə, sınaqlarda iştirak edən Azərbaycan, Gürcüstan və Ermənistanın ümumilikdə 9 laboratoriyası arasında süd məhsullarında toksik metallar (arsen, kadmium, civə və qurğuşun) üzrə ən dəqiq nəticəni AzTEST əldə edib. Laboratoriyanın sınaq metodları həm milli (Dövlət Akkreditasiya Xidməti), həm də beynəlxalq (Almaniya Akkreditasiya Qurumu, DakkS) akkreditasiyadan keçib.
Məlumat üçün bildirək ki, ötən il DaakS auditorlarının komitənin laboratoriyasında apardıqları audit nəticəsində laboratoriyanın daha bir neçə sınaq metodu yüksək qiymətləndirilərək akkreditasiya sahəsinə əlavə edilib. Bunlara balda karbohidratların (şəkərin), qlükoza, saxaroza və fruktozanın miqdarının təyini, meyvə və tərəvəz məhsullarında pestisid qalıqlarının sınağı, suda toksiki elementlərin təyini, mikrobioloji sınaqlar, alkoqollu içkilərin daha bir neçə göstərici üzrə sınaqları aiddir. Ümumilikdə komitənin qida laboratoriyasının həyata keçirdiyi 30 sınaq metodu beynəlxalq akkreditasiya prosedurundan keçərək xarici ölkələrdə tanınması təmin edilib.
DakkS tərəfindən Azərbaycanda qurulmuş müasir sınaq laboratoriyasının akkreditasiyası ölkə sahibkarlığının inkişafı istiqamətində qazanılmış müvəffəqiyyət kimi qiymətləndirilir. Komitənin laboratoriyasının sınaq protokollarının xaricdə tanınması ilə yerli müəssisələr istehsal etdikləri ərzaq məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı zamanı heç bir maneə ilə üzləşmir, ixrac imkanlarının genişlənməsi, yerli sahibkarların xarici bazarlarda özlərinə layiqli yer tutmaları üçün əlverişli şərait təmin olunur.