Avropa İttifaqından Azərbaycandakı kiçik fermerlərə yardım İqtisadiyyat

Avropa İttifaqından Azərbaycandakı kiçik fermerlərə yardım

Dünən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, biznes inkubator iştirakçılarının və sahibkarların iştirakı ilə "Kənd yerləri və regional inkişafa dəstək proqramının Azərbaycanda icrasına texniki yardım layihəsi"nin təqdimatı keçirilib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı və genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və hüquqlarının etibarlı müdafiəsi istiqamətində kompleks islahatların həyata keçirildiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin sayının azaldılması, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi tədbirlərinin həyata keçirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı Apelyasiya Şuralarının yaradılması, eyni zamanda regionlarda ailə təsərrüfatlarına dəstək məqsədi ilə ABAD mərkəzlərinin yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir.

Qeyd edilib ki, ixracın genişləndirilməsi iqtisadi siyasətin prioritetlərindəndir və dövlət başçısının tapşırıqlarına uyğun olaraq, rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi ilə təşviqi istiqamətində İqtisadiyyat Nazirliyi və Azpromo tərəfindən tədbirlər görülür. "Kənd yerləri və regional inkişafa dəstək proqramının Azərbaycanda icrasına texniki yardım layihəsi"nin məqsədi Azərbaycanın davamlı regional inkişafına töhfə verməkdır. Tədbirdə layihə çərçivəsində icra olunacaq tədbirlər barədə məlumat verilib.
Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev regionların inkişafı üzrə dövlət proqramları çərçivəsində Xaçmazda görülmüş işləri, həyata keçirilən layihələri diqqətə çatdırıb, layihənin icrasının regionun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin Əməliyyatlar bölməsinin rəhbəri Yerun Villems Azərbaycan və Aİ arasında həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edərək, bu texniki yardım layihəsinin Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Azərbaycanda kənd yerləri və regional inkişafı dəstəkləyən dörd layihədən biri olduğunu bildirib. Qeyd edilib ki, layihə çərçivəsində istehsal, satış, qablaşdırma, marketinq və ixracat sahələrini birləşdirən dəyər zəncirinin yaradılması yolu ilə yerli və xarici bazarlarda daha rəqabətədavamlı ola bilmələri üçün kiçik fermerlərə yardım göstəriləcək. Layihədə nəzərdə tutulmuş işlərin reallaşdırılması ilə iş yerlərinin yaradılmasına, yeni sahələrin inkişafı və rəqabətədavamlı məhsulların istehsalına dəstək göstəriləcək. Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmazı, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxı və Aran iqtisadi rayonu üzrə Göyçayı əhatə edən layihənin icra müddəti 33 aydır.
Tədbirdə həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, marketinqi, ixracının genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.