“Asan İmza” Polşa hökumətinə təqdim olunub İqtisadiyyat

“Asan İmza” Polşa hökumətinə təqdim olunub

"Asan İmza" mobil elektron imza xidmətinin operatoru "B.EST Solutions" şirkətindən bildirilib ki, mayın 10-da Varşavada Polşanın Rəqəmsal İşlər üzrə Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyi birlikdə eID-nin mərkəzləşdirilmiş qaydada idarə edilməsinə həsr olunan seminar təşkil edilib. Seminarda nümayəndələr dövlət sektorunda eID-ni mərkəzləşdirilmiş arxitekturada idarə edəcək Paylaşdırılmış Reyestrlərin Texnologiyası (Distributed Ledger Technology - DLT) üzrə ilk təcrübi layihənin buraxılışı istiqamətində öz təcrübələri və görüşləri ilə bölüşüblər.
Qeyd edək ki, Polşanın Rəqəmsal İşlər üzrə Nazirliyində blokçeyn texnologiyasının qəbul edilməsi məsələsinə baxılıb və qeyd edilib ki, bu texnologiya dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində bir təkan olacaqdır. 2015-ci ildə yaradılan Nazirlik dövlət müəssisəsi olub, Polşanın inkişafı üçün rəqəmsal nəbzin yaradılması missiyasını daşımaqdadır. Müəssisə tərəfindən bitkoin və blokçeyn, əşyaların interneti ilə birlikdə inkişaf və tərəqqiyə təkan verməklə yanaşı əvvəllər məlum olmayan riskləri daşıyacaq sürətli və inqilabi texnologiyalara aid edilib. Seminar da bu məqsədlə təşkil edilib. Keçirilən seminar müxtəlif ölkələrdə bu sahədə son hadisələr üzrə təcrübənin mübadiləsi, milli və beynəlxalq səviyyələrdə yeni nəhəng texnoloji təşəbbüslərin irəliləyişi, eləcə də Avropa komissiyası və Polşa hökuməti ilə nüfuzlu dialoqun aparılması üçün bir platforma rolunu oynayıb.
Paylaşdırılmış Reyestrlərin Texnologiyasının müzakirəsinə dəvət olunanlar siyahısında IBM şirkətinin, Böyük Britaniyanın, Hollandiyanın və digər Avropa ölkələrinin ekspertləri ilə yanaşı "Asan İmza" mobil elektron imza xidmətinin operatoru "B.EST Solutions" Azərbaycan şirkətinin rəhbəri xanım Yana Krimpe də olub. Mobil identitet və imza xidməti olan "Asan İmza" dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz girişi təmin edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. Gələcəkdə iqtisadiyyatın bütün sahələrində əvəzolunmaz alət olan "Asan İmza" PKI (Açıq Açar İnfrastrukturuna) əsaslanaraq Azərbaycan Respublikasının "Elektron imza və elektron sənəd haqqında" Qanununa uyğun olaraq əl imzasına bərabər tutulur.