Yunanıstanda yanğınsöndürən helikopterlər toqquşdu: 2 ölü Dünya

Yunanıstanda yanğınsöndürən helikopterlər toqquşdu: 2 ölü

Afina qərbində yanğının söndürülməsi zamanı iki Yunanıstan yanğınsöndürən helikopteri havada toqquşub — onlardan biri qəzaya uğrayıb, heyətin iki üzvü həlak olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat verir.

Toqquşma bazar günü Afinanın qərbindəki Psafa rayonu üzərində baş verib. "Bell" markalı iki helikopterin dörd heyət üzvündən ikisi — bir yunan və bir danimarkalı həlak olub. Daha iki nəfəri — bir yunan və bir britaniyalını isə sağ xilas etmək mümkün olub.

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis həlak olan yanğınsöndürənlərin ailələrinə başsağlığı verib.

Güclü külək alovu Yunanıstan paytaxtı regionunun daha dərinliyinə doğru aparır və yeni təxliyələr həyata keçirməyə məcbur edir. Tüstü dağların üzərini bürüyərkən hakimiyyət orqanları Kandili, Agiya Skepi və Tutuli kəndlərini təxliyə etmək barədə göstəriş verməli olub. Korinf körfəzində yerləşən Porto-Germeno sahil qəsəbəsi xüsusi narahatlıq doğurur.

Yanğın cümə günü Agios-Vasileos yaxınlığında başlayıb, daha sonra Porto-Germeno və Afinanın qərbindəki meşəlik dağlara keçib. Xilasedicilər cümə günü dəniz yolu ilə 254 nəfəri, şənbə günü isə daha 12 nəfəri təxliyə ediblər — alov və tüstü sahil icmalarına aparan azsaylı yolları bağladıqda bu, tez-tez yeganə xilas yoluna çevrilir.

Güclü külək aviasiyanın bir hissəsinə dənizdən su götürməyə imkan verməyərək əməliyyatın bir hissəsini iflic edib — əməliyyata 500-ə yaxın yanğınsöndürən və 23 uçuş aparatı cəlb olunub.

Məryəm Quliyeva