Fuad Muradov: Azərbaycanın uğurlarını isteməyənləri tanımalı və həqiqətləri müdafiə etməlisiniz Siyasət

Fuad Muradov: Azərbaycanın uğurlarını isteməyənləri tanımalı və həqiqətləri müdafiə etməlisiniz

“Biz ilk dəfə bu torpaqlara gələndə inanırdıq ki, Qarabağın gözəl gələcəyi olacaq. Çünki burada çalışan hər kəs öz işini ürəklə və böyük məsuliyyətlə görür. İnanırıq ki, siz də burada gördüklərinizi, yaşadıqlarınızı və hiss etdiklərinizi yaşadığınız ölkələrdə dostlarınıza, qonşularınıza, təhsil aldığınız universitetlərdə ətrafınızdakı insanlara çatdıracaqsınız”.

Teleqraf-ın Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

Sədr qeyd edib ki, regionumuz tarixən mürəkkəb geosiyasi proseslərin yaşandığı bir coğrafiyadır:

“Buna görə də siz hər zaman hazır olmalısınız. Azərbaycana qarşı təhdidlər, dezinformasiya və qarayaxma kampaniyaları ilə qarşılaşdığınız zaman ölkəmizin haqq səsini müdafiə etməyi bacarmalısınız. Təəssüf ki, xaricdə yaşayan azərbaycanlıların çox az bir qismi var ki, onlar Azərbaycanın uğurlarını istəmir və ölkəmizə qarşı mənfi mövqe nümayiş etdirirlər. Biz istəyirik ki, siz belə insanları tanıyasınız, onların fəaliyyətindən xəbərdar olasınız və həqiqətləri düzgün şəkildə müdafiə edəsiniz. Yəqin ki, yaşadığınız ölkələrdə Azərbaycana fərqli münasibətlərlə də qarşılaşırsınız. Siz bunu daha yaxşı bilirsiniz. Amma bu gün vəziyyət əvvəlkindən tamamilə fərqlidir. On il, beş il əvvəl bizim əsas məqsədimiz torpaqlarımızın azad olunmasına dəstək vermək idi. Bu gün isə artıq azad Qarabağdayıq, onun gələcəyindən, inkişafından, təhsilindən, yeni layihələrdən və quruculuq işlərindən danışırıq”.

Fuad Muradov vurğulayıb ki, bu il Yay Düşərgəsində 60-dan çox ölkədən gənclər iştirak edir:

"İldən-ilə bu layihəyə maraq artır və müraciətlərin sayı çoxalır. Əlbəttə, istərdik ki, bütün müraciət edənlər iştirak etsinlər. Ancaq həm təşkilati, həm də tədris baxımından iştirakçı sayı məhdud olur. Məqsədimiz odur ki, burada olan hər bir gənc özünü seçilmiş və bu layihənin dəyərli iştirakçısı kimi hiss etsin. Seçim prosesi kifayət qədər ciddi meyarlar əsasında aparılıb. Ümumilikdə isə indiyədək 84 ölkədən azərbaycanlı gənclər Yay Düşərgəsində iştirak edərək bu layihənin bir parçasına çevriliblər”.