Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir - YENİLƏNDİ Cəmiyyət

Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı keçirilir - YENİLƏNDİ

Dövlət İmtahan Mərkəzi avqustun 2-də Bakı və Naxçıvan şəhərlərində dövlət qulluğu vəzifələrinin B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirir.

Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılır. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün avqustun 3-dən 14-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 3-5 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

***

08:59

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupu üzrə qəbul imtahanı keçirəcək.

Bu barədə DİM-dən məlumat verilir.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana şəxsiyyətini təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi” ilə gəlməlidirlər.

İmtahan iki növbədə təşkil olunacaq. Birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Müvafiq olaraq, saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

İmtahanın təşkili üçün 12 zal administratoru, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb edilib.