Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıb İqtisadiyyat

Sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanıb

Onlar dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək

Tərlan

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İmişli rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. SKMF-dən verilən məlumata görə, İmişli rayonu üzrə sahibkarlıq subyektlərindən kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzin yaradılması, müasir çörək zavodunun yaradılması, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması, intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Qeyd edək ki, 2012-ci ildə SKMF tərəfindən 200 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulsa da, əvvəllər verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitləri hesabına güzəştli kreditlərin ümumi həcmi nəzərdə tutulduğundan 9% çox olub və 218 mln. manat təşkil edib. 2013-cü ildə sahibkarlara verilən güzəştli kreditlərin ümumi həcmi 2012-ci ildəkinə nisbətən təxminən 50% çox olub və 300 mln. manat təşkil edib.
SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 31 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 10 min manat, maksimal məbləği isə 5 mln. manat təşkil edir. Əslində iqtisadiyyatın daha böyük həcmdə əlverişli və uzunmüddətli kreditlərə ehtiyacı var. Bununla yanaşı, sahibkarın öz məhsulunu emal etməsinə, maneəsiz bazara çıxarmasına da əlverişli və təşviqedici mühit yaradılmalıdır. Sahibkarların rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xaricə satmaq imkanları var.
"Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilib, nazirlik tərəfindən göstərilən xidmətlər elektronlaşdırılıb. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır.
2013-cü ildən Azərbaycanda sadələşdirilmiş vergiyə cəlb olunan sahibkarlıq subyektlərinin əhatə dairəsi də dəyişib. Vergilər Məcəlləsinə dəyişikliklərə əsasən, sadələşdirilmiş vergiyə cəlb olunan dövriyyə ilə bağlı hüquqi və fiziki şəxslər üçün nəzərdə tutulan fərqlər aradan qaldırılıb. Belə ki, həmin vaxtadək illik dövriyyəsi 150 min manat olan hüquqi şəxslər və illik dövriyyəsi 90 min manat olan fiziki şəxslər sadələşdirilmiş vergiyə cəlb olunurdu. Vergilər Məcəlləsinə dəyişikliklərdə isə bu məbləğ hüquqi şəxslər və fiziki şəxslər üçün eyni həddə - 120 min manat nəzərdə tutulub.
Hər halda yaxın perspektiv üçün vergi xidmətinin əsas hədəfləri - vergi sisteminin sabitliyi, vergi inzibatçılığının biznes iştirakçıları üçün maksimum rahat və əlverişli olması, iqtisadiyyatın strukturunun formalaşdırılmasında və innovasiyaların dəstəklənməsi sayəsində vergilərin stimullaşdırıcı rolunun artırılmasıdır. Vergilərin ödənilməsinə də nəzarət işi gücləndirilir. Vergilər Nazirliyi vergitutma bazasının genişləndirilməsi, vergilərdən yayınma hallarının minimuma endirilməsi məqsədilə vergi nəzarətinin müasir texnologiyalarını tətbiq etməyə başlayıb. Ölkədə mövcud olan vergitutma potensialından tam istifadə olunması hələ də mümkün deyil və qarşıdakı illərdə vergi siyasəti əsasən bu potensialın üzə çıxarılmasına xidmət edəcək. Qarşıdakı illərdə qeyri-neft sektorunda iqtisadi aktivliyin artırılmasını və sahibkarlığın genişləndirilməsini təmin etmək məqsədilə indiyədək aparılan vergi siyasətinin davam etdirilməsi, vergidən yayınma hallarının azaldılması, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi borclarının ləğv edilməsi işlərinin davam etdirilməsi, vergi güzəştlərinin sayının azaldılması və digər tədbirlər vergi siyasətinin əsas istiqamətlərindən olmalıdır.