
“Ölkədə aparılan islahatlar həyatımızın hər bir sahəsini əhatə edir və daha çevik və şəffaf idarəetmə sisteminin qurulmasına xidmət edir. Biz dövlət idarəetmə sitemində struktur və institusional islahatların aparıldığını və onun müsbət nəticələrini görmüşük. İndi isə bu islahatların davamı olaraq dövlət qulluqçularının əmək haqlarının da təkmilləşdirilməsinə və daha rəqabətqabiliyyətli bir sistemin formalaşdırılması aparılır. Bu baxımdan dövlət başçımızın imzaladığı yeni qanunvericlik aktları yuxarıda qeyd etdiyim istiqamətləri daha təkmil qurmağa, vahid struktur əsasında daha optimal və balanslı effektiv modelə keçməsinə yol açacaq”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov söyləyib.
Deputatın bildirdiyinə görə, belə ki, dövlət qulluğu əməkhaqqı sistemindəki mürəkkəbliyi aradan qaldırır: “Yəni əməkhaqqına əlavə olunan bonus və artım sistemi ləğv olunaraq vahid bir vəzifə maaşları formalşacaq. Bu da bəzi sahələrdə bonus şəklində edilən ödəmələrlə bağlı disproporsiyanı aradan qaldıracaq və dövlət qulluğu sistemində işləyənlərə şəffaf şəkildə müəyyən olunmuş tariflərə görə əməkhaqlar ödənilən yeni bir modeli formalaşdıracaq. Daha ədalətli və rəqabətli əməkhaqqı sistemi dövlət qulluğuna daha savadlı və ixtisaslı kadrların cəlb olunmasına şərait yaradır. Bu da idarəetmə keyfiyyətini yüksəldər”.
A.Badamov vurğulayıb ki, bu həm də dövlət qulluğu sistemində əməkhaqların özəl sektorla rəqabətli səviyyəyə gəlməsinə və bu sektorda daha peşəkar kadrların cəlb olunmasına stimul yaradacaq: “Bu dəyişiklik ancaq sosial xarakter daşımır, həm də dövlət idarəçiliyində effektivliyi artıracaq. Əməkhaqqı sisteminin təkmilləşdirilməsi və vahid şəkilə salınaraq şəffaf mexanizmlərin tətbiqi qeyri-rəsmi gəlir axtarışını azaldaraq dövlət qulluğunda korrupsiyanın azalmasına və daha şəffaf bir idarəçiliyin qurulmasına xidmət edəcək. Belə bir əməkhaqqı modelin tətbiqi dünya ölkələri təcrübəsində mövcuddur. Məsələn, Gürcüstan, Sloveniya, Latviya, Estoniya, Sinqapor, Honq-Konq, Avropa ölkələrində dövlət qulluğunda vahid vəzifə maaşı sisteminin tətbiqinin müsbət nəticələrini görürlər”.
O həmçinin deyib ki, görünən odur ki, yeni modelə uyğun olaraq əməkhaqqının iş nəticələrinə uyğun müəyyən olunması, dövlət qulluqçularının daha məsuliyyətli və səmərəli işləməsinə səbəb olur: “Bu həm də rəqabətli maaşlar dövlət sektorundan özəl sektora keçidin qarşısını qismən alır və təcrübəli kadrların sistemdə qalmasını təmin edir. Həmçinin motivasiyalı və peşəkar kadrların vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artmasına töhfə verəcək. Əməkhaqların vahid vəzifə maaşı səviyyəsinə gətirilməsi əməkhaqqı fondunun düzgün planlaşdırılması və optimallaşdırılmasına imkan verməklə dövlət xərclərinin effektivliyini artıraracaq. Bu, əməkhaqqı sisteminin daha stabil və düzgün proqnozlaşdılan bir modelə keçid edilməsinə yol açacaq. Sonda qeyd edə bilərəm ki, bu islahat dövlət qulluğunu daha şəffaf, effektiv və vətəndaşyönümlü sistemə çevirərək idarəetmənin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldə bilər”.
Röya İsrafilova