“Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər“ mövzusunda konfrans İqtisadiyyat

“Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər“ mövzusunda konfrans

Strateji Yol Xəritəsi Azərbaycanın yaxın və uzaq gələcəyini müəyyənləşdirən, iqtisadiyyatın konturlarını cızan böyük bir sənəddir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildiriblər ki, İİTKM Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutu ilə birlikdə "Strateji Yol Xəritəsi: nailiyyətlər və perspektivlər" mövzusunda elmi-praktik konfrans təşkil edib. AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli konfransın keçirilməsinin mahiyyəti barədə danışaraq bildirib ki, Strateji Yol Xəritəsi Azərbaycanın yaxın və uzaq gələcəyini müəyyənləşdirən, iqtisadiyyatın konturlarını cızan böyük bir sənəddir. Məhz bu baxımdan da həlledici dərəcədə mühüm bir sənəddir. Ona görə də Strateji Yol xəritələrində nəzərdə tutulan işlərin icrası ilə bağlı bütün məsələlər olduqca vacibdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ictimai mühazirəsi zamanı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan yeni nəsil iqtisadi islahatlar ölkədə yeni iqtisadi modelin əsasını qoyur. Fiskal siyasətdə yeni fiskal qaydalar, ortamüddətli büdcə xərcləri çərçivəsi və nəticə əsaslı büdcə prinsipinə keçid baş verir. Monetar siyasətdə üzən məzənnə rejiminə keçid və bank sektorundakı islahatlar mühüm əhəmiyyət kəsb edir. Beləliklə, fiskal və monetar siyasətin kombinasiyası qurulur. Eyni zamanda, biznes mühiti islahatlarının davam etməsi və təşviq layihələrinin həyata keçirilməsi real sektorun canlanmasına istiqamətlənib.
V.Qasımlı əlavə edib ki, yeni iqtisadi modelin qurulmasında insan kapitalının rolu mühümdür. Buna görə də təhsil və elm sahəsinin inkişafı iqtisadiyyatı həm kadrla təmin edəcək, həm də innovasiya ehtiyacları ödəniləcək. AMEA-da ölkənin elmi potensialı cəmlənib. Prezidentin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ölkənin elmi potensialının böyük töhfə vermək imkanı var. Elmi resursların mobilizasiyası, düzgün istifadəsi, bazar tələblərinə və inkişaf trendlərinə uyğunlaşdırılması böyük əhəmiyyət kəsb edir.
O vurğulayıb ki, Azərbaycanın təhsil ocaqları, o cümlədən ali və orta ixtisas təhsili analoq iqtisadiyyatdan rəqəmsal iqtisadiyyata keçid zamanı yaranmış çağırışlara cavab verməlidir. Getdikcə əmək bazarında koqnitiv, sistem, kontent yaratma və mürəkkəb problemlərin həlli qabiliyyətinə daha çox ehtiyac yaranacaq. Bunun üçün də elm-təhsil-biznes üçbucağının əməkdaşlığı daha da güclənməlidir.
Daha sonra AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Strateji Yol xəritələrinin yazılmasında AMEA-nın bir neçə, o cümlədən İqtisadiyyat İnstitutunun da fəal iştirakını xatırladaraq, "Azərbaycan iqtisadiyyatının liberallıq potensialı və Strateji Yol xəritələrinin əsas vektorları" adlı məruzə ilə çıxış edib. Yekunda AMEA İqtisadiyyat İnstitutunun müəllim-professor, elmi işçi heyəti konfransın mövzusu çərçivəsində onları maraqlandıran sualları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoruna ünvanlayıblar. Konfransda mövzu üzrə geniş və maraqlı müzakirələr aparılıb.