Türkiyə Türkmənistanın TANAP layihəsinə qoşulacağına ümid bəsləyir İqtisadiyyat

Türkiyə Türkmənistanın TANAP layihəsinə qoşulacağına ümid bəsləyir

Biz Trans-Anadolu qaz kəməri layihəsində Türkmənistanın iştirak edəcəyinə böyük ümid bəsləyirik. Bunu Türkiyənin Türkmənistandakı səfiri Mustafa Kapucu Avazada IX Türkmənistan Beynəlxalq Qaz Konqresinin (TGC-2018) qeyri-rəsmi görüşləri zamanı "МЕДИА-ТУРКМЕН ORIENT"ə müsahibəsində söyləyib. Səfir deyib: "TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üçün çox əhəmiyyətlidir və ərazisindən bu qaz kəməri çəkiləcək bütün ölkələr əsas tərkib hissələrindən biri TANAP olan "Cənub Qaz Dəhlizi" layihəsində Türkmənistanın iştirakında maraqlıdırlar. Türkmənistandan Azərbaycana Xəzər dənizinin dibi ilə boru kəməri çəkmək və Türkmənistan qazını TANAP vasitəsilə Avropaya göndərmək imkanı layihənin səmərəliliyini artıracaq".
Təbii qaz təchizatının şaxələndirilməsi strategiyasını həyata keçirən Türkmənistan üçün qaz ixracında Avropa istiqaməti öz aktuallığını itirməyib. Dövlət naziri, "Türkmənqaz" Dövlət Konserninin sədri Mırat Arçayev qaz konqresində bildirib ki, Trans-Anadolu qaz kəməri layihəsi gündəmdən çıxarılmayıb.