Nəriman Manapbekov: “Azərbaycanın bank sektorunun güclənməsinə baxmayaraq, problemlər hələ də mövcuddur" - MÜSAHİBƏ İqtisadiyyat

Nəriman Manapbekov: “Azərbaycanın bank sektorunun güclənməsinə baxmayaraq, problemlər hələ də mövcuddur"  - MÜSAHİBƏ

1999-cu ildən bəri Azərbaycanın ən böyük inkişaf tərəfdaşı olan Asiya İnkişaf Bankı (AİB) ölkəyə dəstək çərçivəsində 5 mlrd. ABŞ dollarından çox vəsait ayırıb. AİB-in Azərbaycandakı tərəfdaşlıq strategiyası özəl sektorun inkişafını təşviq etmək, dövlət sektorunun səmərəliliyini artırmaq, infrastrukturu yaxşılaşdırmaq və insan kapitalını gücləndirmək məqsədi daşıyır. AİB həmçinin, "AccessBank" QSC-nin ən böyük səhmdarı olaraq, səhmlərin 19,9%-nə sahibdir.

AİB-in Azərbaycan üzrə meneceri Nəriman Manapbekovun "APA-Economics"ə müsahibəsi:

- Koronavirus pandemiyası (COVID-19) fonunda dünya iqtisadiyyatının hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Nə qədər tez dünya iqtisadiyyatı bərpa olacaq?

- Biz bu ilin II rübündə dünya iqtisadiyyatının kəskin azalmasını gözləyirik. COVID-19-un yayılmasına qarşı tətbiq olunan məhdudlaşdırma siyasəti, dünyanın ən böyük iqtisadiyyatları da daxil olmaqla, bir çox ölkədə iqtisadi aktivliyi yavaşladacaq. Qlobal iqtisadiyyatın bərpa prosesi çox güman ki, uzanacaq, çünki davamlı sosial məsafə qaydaları və virusun mümkün təkrar yayılması normallaşma prosesinə mane olacaq. Hətta ayrı-ayrı ölkələr öz daxili fəaliyyətlərini normallaşdıra bilsələr də, zəif xarici aktivlik və tədarük zəncirinin pozulması bərpa prosesinə maneə olacaq. AİB öz növbəsində, pandemiyanın yayılmasının məhdudlaşdırmaq üçün beynəlxalq səylərə qoşulub.

- Prezident İlham Əliyev ilə keçirilən video-konfrans zamanı AİB-in rəhbəri Masatsuqu Asakava bankın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və pandemiyadan sonra bərpa olunmasına dəstəyi davam etdirməyə hazır olduğunu bildirib. Bu istiqamətdə hansı konkret layihələr planlaşdırılır?

- Biz öz işimizdə ötən il Azərbaycan hökuməti və AİB-in Direktorlar Şurası tərəfindən təsdiqlənmiş Ölkə Tərəfdaşlığı Strategiyasını (Country Partnership Strategy – CPS), rəhbər tuturuq. Bu strategiyanın məqsədi təklif olunan geniş çeşidli metodlar, özəl sektorun bilik və işlərini genişləndirməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə və hərtərəfli böyüməsinə dəstək verməkdir. CPS iqtisadiyyatın və xarici borc götürmə siyasətinin şaxələndirilməsi üçün hökumətin strateji proqramına uyğundur. Azərbaycan hökumətinin mikro, kiçik və orta müəssisələrə yerli valyutada maliyyələşməyə çıxışını dəstəkləməyi ilə bağlı sorğusuna əsasən, AİB ilk zərər portfelini ödəməyi və mövcud agentliklərdən biri ilə bu mexanizmi idarə etməyi təklifini irəli sürdü. Ümid edirik, bu mexanizmin yaradılacağı təqdirdə AİB ona texniki yardım göstərə biləcək.

- Azərbaycanın bank sektorundakı mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

- Effektiv risk azaldılması sxemləri, yeni maliyyə alətləri, təkmilləşmiş kapital bazarı, maliyyə vasitəçilərinin istifadəsi və maliyyə vəsaitlərinə çıxış, AİB və digər beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə hələ də inkişaf edir. Azərbaycan Mərkəzi Bankının (AMB) pandemiyanın maliyyə sektoruna mənfi təsirini azaltmaq üçün həyata keçirdiyi tədbirləri alqışlayırıq. Azərbaycanda bank sektorunun güclənməsinə baxmayaraq, problemlər hələ də mövcuddur.

Bildiyimiz kimi, bəzi banklar yerli valyutada likvidlik mövqelərinin zəif olması problemi ilə üzləşib. Karantin rejimi tətbiq olunandan bəri bank sistemindən məxariclərin ümumi məbləği təxminən 900 mln. manat təşkil edib (məxariclərin müəyyən bir hissəsi bu yaxınlarda 4 bankın bağlanmasından sonra baş verib – red.). Bu problemin öhdəsindən gəlmək üçün banklar vəsait toplamaq məqsədilə depozit faizlərini artırdı, lakin bu, kifayət etməyə bilər. Bazarı aktiv şəkildə stimullaşdırmaq üçün banklararası pul bazarı platformasını yeniləmək faydalı olardı. Bu, öz növbəsində, bütün bankların likvidliyi ilə “ticarət etməsi” deməkdir.

- Əsas səhmdarı AİB olan "AccessBank"ın hazırkı maliyyə vəziyyətini necə qiymətləndirirsiniz?

- AİB "AccessBank"ın yenidən kapitallaşdırma planının icrasından bəri əldə etdiyi tərəqqidən məmnundur. Bank iddialı biznes planını bir qədər üstələdi və 2020-ci ilin I rübünü xalis mənfəətlə başa vurdu. Neft qiymətlərinin və pandemiyanın bankın müştərilərinə təsirini likvidliyə, əməliyyatlara və bank portfelinin keyfiyyətinə yaradacaq mümkün fəsadlarını diqqətlə izləyirik.

"AccessBank" xüsusilə dövlət prioritetləri baxımından yaxşı maliyyə vəziyyətinə malikdir. Bankın fəaliyyətinin əsas istiqaməti bölgələr üzrə mikrokreditlərdir ki, bu da ona gəlir bazasını qoruyan, kifayət qədər şaxələndirilmiş kredit portfelini yaratmağa imkan verdi. Əməliyyatların şəffaflığı, güclü kapital bazası və hörmətli səhmdarlar qrupu sayəsində bank artıq uzun müddətdir güclü kredit təşkilatıdır.

"AccessBank" kredit əməliyyatlarında valyuta risklərinə həssaslığı aşağıdır, lakin yeni kreditlərin artması səbəbindən bankın milli valyutaya tələbatı yüksəkdir. Ölkənin dayanıqlı iqtisadi artımını bərpa etmək üçün biznes kreditləşməsi bank üçün vacibdir.

Bundan əlavə, yenidən kapitallaşdırma planı bankın 2020-ci ildə kapital pozuntusuna səbəb ola biləcək mənfi şoklarla qarşılaşdığı təqdirdə, şərti kapitalı rezervləşdirməyi nəzərdə tutur. AİB "AccessBank"ın şərti kapitalını təmin edir və beləliklə, zərurət olduqda səhmlər blokunu artırmağa hazırdır.

- Koronavirus pandemiyası zamanı maliyyə çətinliyi yaşayan "AccessBank"ın müştərilərinə yardım göstərilməsi planlaşdırılırmı?

- "AccessBank" pandemiyanın onun müştərilərinin kredit ödəmə qabiliyyətinə mənfi təsirini aradan qaldırmaq üçün onlarla daimi iş aparır. Bank borcalanlardan kreditlərin ödənilməsi tarixlərinin keçirilməsi ilə bağlı sorğuları qəbul edib və onlar yerinə yetirilib.

Korporativ və ya pərakəndə bankçılıqla müqayisədə COVID-19-a qarşı görülən tədbirlər və mikromaliyyə kredit portfelinə təsir arasında vaxt fərqi ola bilər, lakin bankın mövcud ehtiyatları və yaxşı qurulmuş komandasını nəzərə alaraq, bank mövcud problemlərin öhdəsindən gəlməyə hazırdır.