Taksi bazarı tam liberallaşdırılmalıdır İqtisadiyyat

Taksi bazarı tam liberallaşdırılmalıdır

Bazardaki qiymətləri hər hənsı formada BNA deyil, azad rəqabət mühiti formalaşdırmalıdır

Son günlər Bakı Nəqliyyat Agentliyinin (BNA) hazırladığı taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə geniş müzakirələrə səbəb olub. Hətta qurumun şöbə müdiri Hikmət Babayevin qiymətlərin ucuz olmasını, taksi xidmətlərinin imkanlı adamlar üçün nəzərdə tutulduğunu, guya bazarda aşağı tariflər səbəbindən taksi sürücülərinin gəlirlərinin və xidmətin keyfiyyətinin aşağı olmasını deməklə qiymətlərin artırılmasını əsaslandırmağa cəhd etməsi ictimai qınaqla qarşılandı. Şöbə müdiri problemlərin həlli məqsədilə vahid dispetçer mərkəzinin yaradılmasını, tarif sisteminin tənzimlənməsini və kvotanın tətbiqinin nəzərdə tutulduğunu deyirdi. Sonradan BNA Hikmət Babayevin verdiyi açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirirsə də, yeni layihə ətrafında bəzi məqamlar müzakirə mövzusudur.
BNA özü də hazırladığı yeni konsepsiya ilə bağlı deyir ki, "layihənin həyata keçirilməsi nəticəsində sərnişin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dempinqin üzərində qurulmuş rəqabətin keyfiyyət üzərində qurulmuş rəqabət ilə əvəzlənməsi, şəffaflığın təmin edilməsi, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlərin həlli nəzərdə tutulur”. Burda kefiyyətli xidmət, sərnişinin təhlükəsizliyi, işçinin sosial vəziyyətinin yaxşılaşdırılması kimi məqamlar yaxşı niyyətdir. Lakin BNA-nın dövlət nəzarətinin gücləndirilməsi kimi fikirləri tam aydın deyil. Əgər vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin tənzimlənməsi və kvotanın tətbiqi nəzərdə tutulursa, buna yol vermək olmaz. Bu BNA-nın taksi bazarını öz inhisarına alması demək olar ki, bu halda da qiymətlərin yüksəlməsi heç də sadə vətəndaşın maraqlarına xidmət eləmir. Bu cür adlar altında vətəndaşın cibinə girmək olmaz. Əgər rəqabət şəraitində insanların ucuz taksidən istifadə etmək imkanları yaranıbsa, buna mane olmaq deyil, əksinə dəstəkləmək lazımdır. Xüsusən də indiki pandemiya dövründə sərnişin daşımaları arzu edilən səviyyədə deyilsə, insanların xəstəliklə bağlı daha təhlükəsiz sayılan taksidən istifadə etməsinə şərait yaranması müsbət haldır.
Əslində hökumətin nəzəri olaraq iqtisadi siyasətində liberallaşdırma əsas prioritet istiqamətdir. Lakin BNA-nın qiymət məsələsinə yanaşması və taksi xidmətləri sektoruna nəzarətin gücləndirilməsi niyyəti həmin prioritetlərə, liberallaşma prinsiplərinə ziddir. Ümumiyyətlə, BNA-nın bu bazarda nə işi var? Əsas hədəf vətəndaşın qiymət baxımından daha əlçatan və daha kefiyyətli taksi xidmətləri əldə etməsinə şərait yaratmaq olmalıdır.
Hamının qəbul etməli olduğu çox sadə bir həqiqət var: rəqabət inkişafın hərəkətverici qüvvəsidir. Bu baxımdan rəqabət mühiti nə qədədr güclü və dayanıqlı olsa, bu, həmin seqmentin inkişafına xidmər edir, qiymət düşür, keyfiyyət artır, müştəri məmnunluğu yüksəlir. Hər hansı dövlər qurumunun hər hansı bir formada bazara müdaxiləsi isə azad rəqabətə maneədir, xüsusən də əgər bu müdaxilə qiymət artımına səbəb olursa, qətiyyən yol verilməzdir. Dövlət bazarın idarə edilməsi ilə deyil, tənzimlənməsi ilə məşğul olmalıdır.
Əslində nəqliyyat xidməti sektorunun daha da leberallaşdırılmasına, özəlləşdirməyə böyük ehtiyac var. Hətta avtovağzallar da özəlləşdirilə bilər. Dövlət niyə avtobus, taksi almalıdır ki? Bu sahələr tam özəl sektorun ixtiyarına verilməli, azad rəqəbət mühiti formalaşdırılmalıdır. Sahibkarlar qarşısında qoyulan əsas tələb isə yüksək kefiyyətli və təhlükəszi xidmət, vergilərin ödənilməsi, işçilərin əmək hüquqlarının qorunması olmalıdır. BNA-nın işi ümumi təznzimləmədir, bazarda əsas təsərrüfat subyekti kimi çıxış etməməlidir. Bu halda udan sahibkar, istehlakçı və dövlət büdcəsi olacaq. Əlbəttə, sahibkar da, taksi sürücüsü də ona yaradılan şəraitdə əldə etdiyi qazancın qarşılığında vergi və sosial öhdəliklərini vaxtında və şəffaf şəkildə yerinə yetirməlidir. Hər hansı vergidənyayınma və ya işçinin, müştərinin hüquqlarının pozulması isə inzibati qaydada cəzalandıırılmalıdr.
Ancaq BAN-nın qiymət tənzimlənməsinin bir ələ cəmlənməsi kimi niyyəti varsa, bu, qətiyyən yolverilməzdir, bu liberallaşma prinsiplərinə dabandabana ziddir, heç bir iqtisadi əsaslandırması da yoxdur. Qiyməti dövlətin müdaxiləsi olmadan bazardakı rəqabət müəyyənləşdirməlidir. Ucuz və keyfiyyətli xidmət əldə etmək istehlakçının haqqıdır. Əslində BNA-nın da məqsədi bu olmalıdır. Buna nail omaq üçün isə BNA bazarda təsərrüfat subyekti, qiymət formalaşdıran qurum kimi deyil, xidmətin kefiyyəti və təhlükəsizliyi, sosial huquqların qorunması məsələlərində tənzimləyici struktur kimi iştirak edə bilər.
Mahir Həmzəoğlu