Rusiya bazarları od tutub yanır İqtisadiyyat

Rusiya bazarları od tutub yanır

İqtisadi böhran bahalaşmaya səbəb olub

Cavid

Qərbin iqtisadi sanksiyaları və neftin qiymətinin ucuzlaşması Rusiyanı çökdürüb. Artıq son günlər ölkədə günü-gündən bahalaşmanın müşahidə olunması əhali ilə yanaşı Putin hakimiyyətini də təşvişə salıb.
Belə ki, ictimai nəqliyyatda gediş haqları təxminən 7 faiz bahalaşıb. Paytaxt Moskvanın nəqliyyat departamenti bu barədə açıqlama verib.
Departamentin müdir müavini Alina Bisembayeva qeyd edib ki, sərnişinlər bütün nəqliyyat vasitələrindən istifadə etməyə imkan verən vahid nəqliyyat biletindən bir dəfə istifadəyə görə 40 rubl deyil, 50 rubl, 2 dəfə istifadəyə görə isə, 80 deyil, 100 rubl ödməli olacaqlar.
Rusiyada sonuncu dəfə gediş haqqı tarifləri 2014-cü il iyun ayının 1-də bahalaşmışdı.
Rusiyada ərzaq məhsullarında da rekord həddə bahalaşma qeydə alınıb. Rusiya regional prokurorluqlarının əməkdaşları tərəfindən mağazalarda yoxlamalar aparılıb.
Prokurorluqlara ticarət şəbəkələrində mallarda qiymətləndirmə mexanizmini aydınlaşdırmaq, qiymətlərin qalxmasının əsaslanmasını təhlil etmək və hesabatları hazırlamaq tapşırılıb.
Aparılan araşdırmalardan məlum olub ki, 2014-cü ilin avqust ayı ilə dekabr ayının qiymətləri arasında kəskin fərq ortaya çıxıb. Belə ki, kələm 353%, xiyar 544%, istiot isə 654% bahalaşıb. Həminki dövr üçün qarabaşağın dəyəri 276% artıb.
Ət məhsulları, donmuş balıq, pendir, xama və kartofun qiymətində isə 50%-dən artıq bahalaşma qeydə alınıb. Yanvar ayında da qiymətlərdə artım davam edib. 22 gün ərzində pomidor 26%, xiyar 48%, kök 58%, üzüm 85% bahalaşıb.
İndiyəcən orta təbəqə hesab olunan ruslar birdən-birə qəpiklərini saymağa başlayıblar.
Sankt-Peterburqda yaşayan Yuliya Kolıxanova müəllimədir. Əvvəllər o, maaşının bir hissəsini toplayar, yay tətilini harda keçirmək haqda düşünərdi.
İndi isə o, maaşı maaşa calayır və məvacibinin hamısını ərzağa xərcləməli olur. Deyir ki, sabah necə olacağını bilmir: "Yaşayarıq, görərik... Şirniyyat, hisə verilmiş balıq, zeytun kimi delikateslərdən imtina etməli olmuşuq. Kələm, kartof, kök... Bunların hamısı elə bahalaşıb ki... Kələmin kilosu 9 rubl idi, indi isə 40 rubla satılır. Bir kələmin qiyməti 100 rubla, yəni 1,5 dollara çıxır".
Amma Y.Kolıxanova deyir ki, məsələ heç də onun şokolad, pendir kimi ərzaqlardan imtina etməsi ilə bitmir: "Ən pisi odur ki, mən həyatımda yaranmış sabitlik hissini itirirəm".
Qərb ölkələri Ukraynaya təcavüz etdiyi üçün Rusiyaya sanksiyalar qoyduqdan sonra prezident Putin də buna cavab olaraq Avropa və Amerikadan gətirilən ərzağa embarqolar tətbiq etməyə başladı. Nəticədə Rusiya bazarlarında qıtlıq, bunun da nəticəsində qiymət artımı baş verdi. Üstəlik də sanksiyalara görə rubl iki dəfə qiymətdən düşdü.
Qiymətlərin artımının qarşısını almaq üçün dövlət orqanları supermarketlərdə reydlər etməyə başladılar. Amma bunun effekti az oldu.
Məsələn, Sankt-Peterburq rəsmiləri deyirlər ki, yoxlama nəticəsində ərzağın 21 faiz bahalandığı aşkarlanıb. Vətəndaşlar isə bahalaşmanın bundan xeyli çox olduğunu bildirirlər.
Samarada yoxlamardan sonra bəzi supermarketləri cərimələyiblər də.
Samara sakini Olqa İvanova 8,500 rubl (123 dollar) pensiya alır. Deyir ki, nadir hallarda ət yeyə bilir: "Yayda həftədə bir dəfə toyuq budu ala bilirdim. Kilosu 80 rubla idi. İndi isə 170 rubladir. Daha ala bilmirəm".
İvanovanın qonşusu Yelena Vasilyeva mühəndisdir, 12 yaşlı oğlu var. Onun mühəndis maaşı 20 min rubldur (290 dollar). Deyir ki, əsasən "tuşonka" alır. Daha ucuzdur deyə. Evdə yeyilən əsas yemək "tuşonka" əti və qızardılmış kartofdur.
"Ən ucuz tuşonkanı alıram - 50 rubla" - deyə Vasilyeva etiraf edir.
Çelyabinskdə yaşayan Roza Sedıx da təqaüdçüdür. Allahına şükür edir ki, ötən ilin dekabrında 50 kilo şəkər alıb. Onda kilosu 34 rubla idi. İndi 40 faiz bahalaşıb.
"Hər şey bahalaşıb - qaz da, işıq da, istilik də, su da" - deyə R.Sedıx şikayətlənir.
Roza və əri deyirlər ki, ikinci dərəcəli saydıqları bütün planları təxirə salıblar. O cümlədən evlərinin təmirini. Ümid edirlər ki, dövlət tezliklə pensiyaları qiymət artımına uyğun indeksləşdirəcək. Bundan sonra çoxdandır almaq istədikləri yeni çaynikə də pul tapacaqlar..."
Rusiya prezidenti Putin isə bildirb ki, ölkənin üzləşdiyi problemlərin alverçilərin qazanc mənbəyinə çevrilməsinə imkan vermək olmaz.
"Problemlər var, lakin müşahidə edilən qiymət artımını həmin problemlərlə müqayisə etmək mümkünsüzdür", Vladimir Putin Rusiya regionlarının qubernatorları və merlərilə görüşündə bəyan edib.
Bundan əvvəl Rusiya Baş prokuroru Yuri Çayka aparılmış yoxlamalar nəticəsində ölkədə son bir neçə ay ərzində ərzaq və dərman məhsullarına qiymətlərin 400% artdığını bildirmişdi.
İngiltərənin məşhur "The Guardian" qəzeti Rusiya iqtisadiyyatı, bu ölkədəki əmək miqrantlarının remittansları (əmək miqrantlarının ölkələrinə göndərdikləri pul iqtisadi termin olaraq "remittans" adlanır) və bu ölkələrin ÜDM-ləri (Ümumi Daxili Məhsul) barədə yazı hazırlayıb.
Dünya Bankının ekspertlərinin hesablamalarına görə, Rusiya rublundan və ümumiyyətlə Rusiya iqtisadiyyatından asılı MDB ölkələrində 2015-ci ildə Rusiyadan remittans və maliyyə köçürmələrinin ümumi həcmi 10 milyard dollar azala bilər.
Qərbin Ukrayna hadisələrini əsas tutaraq Rusiyaya tətbiq etdiyi maliyyə sanksiyalarının nəticəsində Rusiyadan asılı digər ölkələrdə iqtisadi geriləmə müşahidə olunmasa da, ÜDM-in səviyyəsi və xüsusilə də Rusiyada yaşayan əmək miqrantlarının vətənlərinə yolladıqları maliyyə kütləsinin həcmində ciddi azalma müşahidə olunacaq. Ümumi azalma hətta 50%-ə də çata bilər.
Dünya bankının hesabatında bildirilir ki, Ermənistanın ÜDM-inin təxminən 21%-i, Gürcüstanın - 12, Qırğızıstanın - 31.5, Moldovanın - 25, Tacikistanın - 42, Ukraynanın - 5.5, Litvanın - 4.5, Özbəkistanın 12 və Azərbaycanın ÜDM-inin 2.5%-i Rusiyadan göndərilən remittansdan asılıdır.
Qərbin iqtisadi sanksiyaları, dünya bazarında neftin və qazın qiymətinin aşağı düşməsi Rusiya iqtisadiyyatını zəiflədib. Bunu Rusiyanın rəsmi şəxsləri də etiraf edirlər. Onlar bildiriblər ki, bu il iqtisadiyyatın daha 4-5 faiz azalacağı gözlənir.
Yenicag.az anspress-ə istinadən bildirir ki, ölkənin baş naziri Dmitri Medvedev Rusiya üçün anti-böhran planı hazırlayıb və imzalayıb. Planın mətni hökumətin saytında yerləşdirilib.
Maliyyə naziri Anton Siluanov ötən gün deyib ki, anti-böhran planına əsasən, hökumətin xərci dondurulacaq və struktur islahatları həyata keçiriləcək.
Xatırladaq ki, baş nazir D.Medvedevin bu gün Rusiyanın regional administrasiya rəhbərləri ilə görüşündə plan barədə geniş məlumat verəcəyi gözlənilir.
Onu da qeyd edək ki, Rusiya hökuməti iqtisadi böhranla mübarizə üçün 2,34 trilyon rubl (35 mlrd. ABŞ dolları) xərcləməyi planlaşdırır. Fins.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya baş naziri Dmitri Medvedevin təsdiqlədiyi sənəddə- iqtisadi böhranla mübarizə paketində qeyd olunub.
İqtisadi paketdə büdcədə 10 faiz kəsir olacağı, kiçik və orta müəssisələrin dəstəklənməsi, işsizlik fondlarının gücləndirilməsi və digər tədbirlər nəzərdə tutulub. 2016-2018-ci illərdə isə büdcə kəsiri 5 faiz təşkil edəcək.
İqtisadi böhranla mübarizəyə xərclənəcək 35 mlrd. dolların böyük hissəsi bankların xarici borclarının ödənilməsinə yönəldiləcək. İşsizliklə mübarizəyə isə 1 mlrd. dollara yaxın vəsait xərclənəcək. Rusiya büdcəsinin önəmli bir hissəsini təşkil edən müdafiə xərclərində isə heç bir azalma olmayacaq.
Qeyd edək ki, hökumətin hazırladığı paket bu həftə parlamentdə müzakirəyə çıxarılacaq. Sonra isə prezident Vladimir Putinə təqdim olunacaq.