Nazirlik Xaçmazda zona müşavirəsi keçirib İqtisadiyyat

Nazirlik Xaçmazda zona müşavirəsi keçirib

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Xaçmaz rayonunda bu rayonun və Quba, Qusar, Şabran, Siyəzən rayonlarının Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK), səhiyyə müəssisələrinin, həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə müşavirə keçirib. Tədbirdə məqsəd tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar əlillik müayinəsi sisteminin, o cümlədən səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi nəticələrinin müvafiq beynəlxalq təsnifata uyğunlaşdırlması sahəsində qarşıya çıxan məsələlərin səhiyyə müəssisələri ilə birgə müzakirəsi olub.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirliyin fəaliyyət sahələrində əhaliyə göstərilən xidmətin müasir tələblərə uyğun qurulması, bu sahələrdə iş mexanizmlərinin şəffaflaşdırılması yönündə son bir ildə aparılan işləri diqqətə çatdırıb. Bu işlərdən biri kimi, ƏƏSMN-nin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqindən söz açılıb. Bildirilib ki, burada əsas məqsəd tibbi-sosial ekspertiza xidmətinin avtomatlaşdırılması yolu ilə əlillik təyinatlarında məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəfafflığın təminatıdır. Sistemin tətbiqi ilə əlaqədar əlillik müayinəsi üçün göndəriş formaları təsdiq edilib və artıq səhiyyə müəssisələri tərəfindən əlillik müayinəsinin aparılması üçün həmin göndəriş formaları elektron qaydada TSEK-lərə göndərilir. Hazırda qarşıda duran əsas məsələlərdən biri də həmin göndəriş formalarının tərtib olunması qaydasının təkmilləşdirilməsi, əlillik müayinələrinin nəticələrinin rəsmiləşdirilməsində xəstəliklərin beynəlxalq təsnifatından irəli gələn prinsiplərə istinad olunmasıdır.
Müşavirədə qeyd olunan məsələlər ətrafında müzakirələr aparılmaqla, əlillik müayinəsi üçün göndəriş formalarında əsas və yanaşı diaqnozun, xəstəliyin ağırlaşması hallarının düzgün müəyyən olunması, göndərişlərdə əlilliyin müəyyən olunması üçün daha dəqiq və obyektiv yanaşmalara imkan verən diaqnozun əksini tapması ilə bağlı da fikir mübadilələri aparılıb.