“Bizim vaxtımızda “Qəbələ” kimi klub olmayıb” Müsahibə

“Bizim vaxtımızda “Qəbələ” kimi klub olmayıb”

Valeri Timoxin: "Azərbaycanda özümü evimdəki kimi hiss edirəm"

Stend atıcılığı üzrə Azərbaycan millisinin sabiq üzvü, iki dəfə dünya rekordçusu, üç Olimpiya Oyunlarının iştirakçısı, Avstraliya yığmasının baş məşqçisi Valeri Timoxinin apasport.az saytına müsahibəsini oxucularımıza təqdim edirirk

- Əvvəlcə baş məşqçisi olduğunuz Avstaraliya millisinin çıxışı haqda fikirlərinizi bildirərdiniz…

- Dabl-tpapda olan gənc idmançımız dünya rekordçusudu. 20 yaşlı atıcımız gənclər arasında dünya rekordunu 3 ay əvvəl müəyyənləşdirib. Qəbələdə bir az uğursuz çıxış edir. Amma əsas planlarımız Rio Olimpiadası ilə bağlıdı. Görək orda necə alınacaq.

- Ümumilikdə stend atıcılığı üzrə baş məşqçisi olduğunuz yığmanın digər üzvlərinin nəticələrini necə qiymətləndirirsiz?
- Skitdə yetirmələrimdən biri çox yaxşı başlamışdı. Lakin sonda həyəcan sözünü dedi. Nəticə qazanmağa can atırdı. Lakin yekunda uğurlu alınmadı.

- Qəbələdə keçirilən Dünya Kuboku haqda nə deyə bilərsiz?
- Burda hər şey əla, çox yüksək səviyyədə təşkil olunub. İki dəfə Qran-Pridə, bir dəfə isə təlim-məşq toplanışında olmuşuq. Həm özüm, həm idmançılar burdan razı qalmışıq. Özümü evimdəki kimi hiss edirəm. Burada olduğum müddətdə "Qəbələ" İdman Klubunun, klubun vitse-prezidenti Elvin İsmayılovun, federasiyanın dəstəyini hiss edirəm.

- Təbii ki, belə olmalıdı. Axı siz 1996-cı ilədək Bakıda yaşayıb, Azərbaycan millisinin şərəfini qoruyurduz və yenidən bura qayıtmaq özünüz üçün də xoş olmalıdı...
- Əlbəttə, hər dəfə yarışa, toplanışa, ya da tətildə Azərbaycana gələndə çox şad oluram. Özümü evimdəki kimi hiss edirəm. Mənə olan münasibət həmişə sevindirir.

- Atıcılıq mərkəzinin səviyyəsini necə qiymətləndirirsiz?
- Qəbələdəki mərkəz bütün standartlara cavab verir. Digər ölkə təmsilçiləri – idmançılar, məşqçilər, federasiya nümayəndələri ilə danışanda onlar da burdan məftun olduqlarını bildirirlər. Onların sözlərinə görə, buranın ən yaxşı arenalarından biri, bəlkə də, birincisidi. Şəxsən mən Bakıdakı atıcılıq mərkəzini görməmişəm. Deyirlər ki, Azərbaycandakı bu iki kompleks ən yaxşılardandı.

- Maraqlıdı, sizin idmançı olduğunuz vaxt Azərbaycan atıcılığındakı şəraitlə indiki arasında fərq böyükdümü?
- Yerlə göy qədər. Bu fərq çox-çox böyükdü. Əvvəl atıcılıq üçün yerimiz var idi. O da elə-belə, zəif bir yer idi. 1990-cı ildən sonra isə o da olmadı. Həmin vaxt mənim və Zemfira Meftəhətdinovanın stend atıcılığında çıxış etdiyimiz vaxt idi. Mən 1996-cı ildə karyeramı başa vurdum. 1990-96-cı illərdə federasiyamızın, yığmamızın atııcılıq üçün heç bir yeri yox idi. Çox ağır dövr idi. Həm mənim, həm Zemfira xanım, həm də stend atıcılığımız üçün.

- Elə bu üzdən karyeranızı başa vurub, məşqçilik fəaliyyətinə başladız?
- Həmin vaxt Küveytə yollanıb, 4 il məşqçi kimi çalışdım. 4 il də Qətərdə işlədim. 2006-cı ildən Avstraliyadayam. Artıq 9 ildi indiki postumda işləyirəm. Hazırkı müqaviləm gələn il Rio Olimpiadasından sonra başa çatacaq.

- Bakını tərk edəndən sonra dəfələrlə ölkəmizə qayıtmısız. Hansı dəyişiklikləri müşahidə etmisiz?
- İlk dəfə gedəndən təxminən 3-4 il sonra vətənə gəldim. Çox dəyişikliklər gördüm. Yeni tikililər, hər sahədə inkişaf. İndi də ildə 2-3 dəfə Azərbaycana gəlirəm. Hər gələndə müsbət dəyişiklik görürəm. Bütün bunları görmək xoşdu. Hər şey çox gözəl görünür.

- İndiki Azərbaycan atıcıları haqda nə fikirdəsiz?
- Azərbaycanda çox yaxşı, perspektivli idmançılar var. Onlar gələcəkdə yaxşı nəticələr qazana bilərlər. Bu idmançılarda yaxşı potensilar var. Sadəcə vaxt lazımdı. Mən Emin Cəfərov və Nurlanə Cəfərovanı nəzərdə tuturam. Emin Azərbaycan rekordu müəyyənləşdirib. O, buna 124 xalla nail olub. Dünya Kubokunun finalına yüksələn idmançımız medallara da çox yaxın olub. Nurlanə də həmçinin nəticələrini yaxşılaşdırır. Skitdə də bir istedadlı idmançınızı gördüm. Sadəcə olaraq, vaxt lazımdı. Bizim idmanda belədi ki, istedadlı gənc varsa, onun nəticə verməsi üçün təxminən 5 il vaxt lazımdı.

- Atıcılıq idman növünün inkişafında "Qəbələ" İdman Klubunun gördüyü işləri necə qiymətləndirirsiz?
- Bu haqda yalnız xoş sözlər demək olar. Əvvəlki illərdə belə klubumuz olmayıb. Atıcılığın inkişafı üçün hər cür şərait yaradılıb. Burda əla səviyyəli atıcılıq mərkəzi inşa olunub. Beynəlxlaq səviyyəli yarışlar təşkil edilir. Görülən bütün işlər Azərbaycan idmanının inkişafına xidmət edir.

- Dediklərinizə əsasən, stend atıcılığında Timoxin, Meftəhətdinova kimi idmançılar görmək mümkün olacaq?
- Əlbəttə olacaq. Mən buna əminəm.

- Sizi yetirməsi və vətəndaşı olduğunuz Azərbaycana dəvət etsələr, məşqçi kimi vətəndə çalışmağa razı olarsızmı?
- Əvvəl dəvət olmalıdı ki, sonra fikirləşim.

- Belə çıxır ki, 19 illik məşqçilik karyeranızda belə təklif almamısız?
- Hələ ki, almamışam.

- Lakin evdə - vətəndə çalışmaq yaxşı olardı. Ölkəmizin idmanının inkişafına xidmət edərdiz...
- Hər yerdə yaxşıdı, amma evdə daha yaxşıdı.

- Yarışda iştirak edən könüllülər Avstraliya yığması Qəbələyə gələrkən onlar arasında Azərbaycan dilində danışan baş məşqçini görəndə çox təəccübləndiklərindən danışırlar. Yaşıl qitədən gəlib, bu dildə danışmağınız bir çoxları üçün gözlənilməzdi...
- Gənclərin məni tanımaması, bu üzdən təəccüblənməsi mümkündü. Lakin həm onların, həm də məni unutmayanların - idmançılar, federasiya, sizlərin münasibəti çox xoşdu. Bütün bunlar mənə özümü evimdə hesab etmək şəraiti yaradır.