“Bütün klublarımız Avrokubokdakı komandalarımıza dəstək verməlidi” Müsahibə

“Bütün klublarımız Avrokubokdakı komandalarımıza dəstək verməlidi”

Yunis Hüseynov: "Məşqçi yaxşı futbolçunu itirmək istəyərmi?"



"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynovun apasport.az saytına müsahibəsi

- Topaz Premyer Liqasının ilk 3 turunda 5 xal toplamağınız sizin üçün gözlənilməz olmadı?
- Bildiyiniz kimi, yeni heyətə qatdığımız futbolçuların heç biri ilk 3 oyunda iştirak etmədi. Əsasən gənc futbolçularla mübarizə apardıq. Təbii ki, çox çətin keçdi. Amma futbolda hər cür çətinliklərə hazırlıqlı olmaq lazımdı. Düzü, gənclərin əzmkarlıq göstərəcəklərini hiss edirdim. Hədəfimiz də 5 xal qazanmaq idi. Ancaq yenə də bu qədər xal toplayacağımızı gözləmirdim. Mən gənc futbolçularla ilk 3 turdakı nəticəni normal sayıram. Onlardan razı qaldım.

- Düşünmürsüz ki, daha çox xal qazana bilərdiz?
- Açığı, "Rəvan"la matçda komandamın oyunu elə də xoşuma gəlmədi. Amma "Sumqayıt"la oyunda 2 xal itirdiyimizi deyə bilərəm. Çünki bu görüşdə imkanlarımız daha çox idi, nəinki "Rəvan"la qarşılaşmada. "Rəvan"la görüşün ikinci hissəsində qırmızı vərəqə almağımız da oyunumuza mənfi təsir etdi. Məncə, 5 yox, 7 xal toplaya bilərdik.

- Yeni transferlər artıq ixtiyarınızda olacaq. Yəqin ki, bundan sonra işiniz bir qədər asan olar...
- Əksinə, çətin olacaq. Yay təlim-məşq toplanışından gələndən sonra bir yerdə yoldaşlıq görüşü keçirməmişik. Çünki çempionat başladığı üçün başımız bu oyunlara qarışmışdı. Buna görə də, yeni gələnlərin oyun praktikası baxımından bir az problemləri ola bilər. Amma onlar da təcrübəli futbolçulardı. Oyundan-oyuna "artıracaqlar". Yalnız əlimin altında daha çox futbolçunun olması işimi bir qədər asanlaşdıra bilər. Seçim imkanımız da indi daha geniş olacaq.

- Necə düşünürsüz, gənc futbolçuların ilk 3 turda özlərini doğrultmaları həm də yeni transferlərə mesaj deyil?
- Şükürlər olsun ki, çox gözəl kollektiv yaratmışıq. Təcrübəli futbolçularımızın hamısı gənclərə dəstək verir. Həm oyunlarda, həm məşqlərdə onlara dəstək olurlar. Onlar özləri də başa düşürlər ki, hər bir klubda olduğu kimi, bizdə də güclü futbolçu əsas heyətdə meydançaya çıxacaq. Məşqlərdə kim özünü yaxşı tərəfdən göstərsə, hazırlıqlı olsa, ona da şans verəcəyik.

- Vaqif Cavadovun "Qəbələ"yə keçidi gözlənilməz oldu. Onun keçidinə razılıq verməyinizin səbəbi nə oldu?
- Biz hamımız ölkə futbolunu düşünürük, Azərbaycan futbolunun inkişafına çalışırıq. "Qəbələ" tərəfi də rəhbərliyimizdən xahiş etmişdi ki, Vaqif Avropa Liqasının qrupunda onlara kömək etsin. Biz də Cavadovun keçidinə razılıq verdik. Çünki klublarımızın Avrokubokda uğurlu çıxışı ümumi Azərbaycan futbolunun uğuru sayılır.

- Digər tərəfdən çempionatda əsas rəqiblərinizdən olan "Qəbələ"nin güclənməsinə də şərait yaratdınız. Bu amil cari mövsümdə sizə problem yaratmayacaq?
- Bilirsiniz ki, biz onu "Qəbələ"yə yanvara qədər icarəyə vermişik. Vaqif təcrübəli futbolçudu. Düz qeyd edirsiniz ki, rəqiblərimizdən biri bununla güclənmiş olacaq. Ancaq bayaq da qeyd etdiyim kimi, Azərbaycan futbolunun inkişafı, Avropada uğuru naminə buna razılıq verdik.

- Cavadovun gedişi sizin üçün itkidi?
- Əlbəttə itkidi. Məşqçi yaxşı futbolçunu itirmək istəyərmi? Amma "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə adladığını unutmayaq. Təkcə "Xəzər Lənkəran" yox, bütün klublarımız Avrokubokdakı komandalarımıza dəstək verməlidi. Bütün bunlar Azərbaycan futbolunun Avropada daha çox tanınması üçündü.

- Transfer dönəmi sizin üçün bitdi, yoxsa heyəti daha da gücləndirmək fikrindəsiz?
- İnşallah, daha 2 futbolçu gətirəcəyik. Bildiyiniz kimi, yalnız azad agent statusu daşıyan oyunçuları gətirə bilərik. Düzdü, hələ kimləri gətirəcəyimizi konkretləşdirməmişik. Amma yarımmüdafiə və hücum xəttini gücləndirməyi düşünürük.