Qorxmaz Axundov: Tar mənim üçün sadəcə musiqi aləti deyil, Azərbaycanın səsidir - MÜSAHİBƏ Müsahibə

Qorxmaz Axundov: Tar mənim üçün sadəcə musiqi aləti deyil, Azərbaycanın səsidir - MÜSAHİBƏ

Azərbaycanın Əməkdar artisti, tanınmış tarzən Qorxmaz Axundov bu il 70 illik yubileyini qeyd edir. Ömrünün yarım əsrə yaxın dövrünü Azərbaycan musiqisinin inkişafına və təbliğinə həsr edən sənətkar uzun illərdir Moskvada yaşayır və fəaliyyət göstərir. O, milli musiqimizin, muğam sənətinin və tar ifaçılığının Rusiyada tanıdılması, gənc nəslə ötürülməsi istiqamətində mühüm işlər görür.

AZƏRTAC-ın müxbiri Qorxmaz Axundovla sənət yolu, Azərbaycan tarı, milli musiqimizin Rusiyada təbliği və yaradıcılıq fəaliyyəti barədə söhbət edib.

-Qorxmaz müəllim, bu il 70 illik yubileyinizi qeyd edirsiniz. Bu münasibətlə sizi təbrik edir, sizə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq. Sənətə gəlişinizin tarixçəsini eşitmək maraqlı olardı?

-Təşəkkür edirəm. Mən 1956-cı il iyulun 22-də Naxçıvan şəhərində anadan olmuşam. Ailəmizdə musiqiyə böyük sevgi var idi. Valideynlərim peşəkar musiqiçi olmasalar da, bu sevgi bizi musiqiyə gətirdi. Böyük bacım Solmaz fortepiano, Almaz skripka, mən tar, qardaşım Çingiz isə kamança ixtisasını seçdi. Sonradan hər birimiz musiqi sahəsində öz yolumuzu tapdıq.

1972-1976-cı illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil aldım, daha sonra ali musiqi təhsilimi davam etdirdim. 1981-ci ildən Naxçıvanda müəllim kimi fəaliyyət göstərirdim.

-Tarla ilk tanışlığınız necə oldu? Niyə məhz bu musiqi alətini seçdiniz?

-Tarla ilk tanışlığım uşaqlıq illərimə təsadüf edir. Bu alətin özünəməxsus səsi və imkanları məni ilk gündən cəlb etdi. Zaman keçdikcə başa düşdüm ki, tar mənim üçün sadəcə musiqi aləti deyil, Azərbaycanın səsidir. Bu alətin səsində xalqımızın tarixi, ruhu və duyğuları yaşayır. Təsadüfi deyil ki, tar dünyada “Azərbaycan tarı” kimi tanınır. Onun müasir formada inkişafı görkəmli sənətkar Mirzə Sadıq Əsədoğlunun adı ilə bağlıdır. Mən hər zaman deyirəm ki, musiqi sərhəd tanımır. O, xalqlar arasında tərcüməyə ehtiyacı olmayan bir dildir.

-Uzun illərdir Rusiyada Azərbaycan musiqisini təmsil edirsiniz. Moskvaya gəlişiniz necə oldu?

-Həyatımda dönüş nöqtələrindən biri Ümummilli Lider Heydər Əliyevlə Naxçıvanda görüşüm oldu. Ulu Öndərin xalqla görüşlərinin birində mən də iştirak edirdim. Söhbət zamanı Moskvada hərbi xidmət keçdiyimi söylədim. Heydər Əliyev məndən soruşdu: “Tarını da özünlə aparmışdın?” Mən “bəli” cavabını verdim. O zaman mənə dedi: “Qorxmaz, burada tar müəllimləri kifayət qədərdir. Subay oğlansan, tarını da götür və Moskvaya get. Azərbaycan tarını orada tanıt”. Bu sözlər mənim üçün həyat istiqaməti oldu. 1992-ci ildə Moskvaya köçdüm və fəaliyyətimi Azərbaycan musiqisinin Rusiyada təbliğinə həsr etdim.

-Rusiyalı dinləyicilər tarın səsini və muğam sənətini necə qəbul edirlər?

-Rusiyada çıxış etdiyim illər ərzində dəfələrlə şahidi olmuşam ki, Azərbaycan tarının səsi və muğam sənəti dinləyicilərdə xüsusi maraq doğurur. Hətta dilimizi bilməyən insanlar belə bu musiqinin emosiyasını, dərinliyini hiss edirlər. Çünki muğam yalnız musiqi deyil, bir fəlsəfədir. 1996-cı ildən Moskvada Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzində fəaliyyət göstərmişəm, daha sonra yaratdığım “Azərbaycan bülbülləri” ansamblına rəhbərlik etmişəm. Kollektivimiz Rusiya Prezident Administrasiyasının, Moskva şəhərinin, Azərbaycan səfirliyinin və diaspor təşkilatlarının tədbirlərində çıxış edib. Müxtəlif festival və müsabiqələrdə uğurlar qazanmış, 70-dən çox diplom və fəxri fərmana layiq görülmüşük. Bütün bunlar göstərir ki, Azərbaycan musiqisi Rusiyada sevilir və böyük maraqla qarşılanır.

-Sənət həyatınız boyunca yaddaşınızda xüsusi yer tutan hadisələr hansılardır?

-Belə hadisələr çoxdur. 2001-ci ildə Yaroslavlda keçirilən beynəlxalq festival-müsabiqədə iştirakım mənim üçün xüsusi əhəmiyyət daşıyır. İfam yüksək qiymətləndirildi və M.Maqomayev adına “Yaroslaviya” festivalının laureatı adına layiq görüldüm.

2003-cü ildə Kremlin Sarayında keçirilən “Rusiyanın qızıl açarları” konsertində iştirakım, 2011-ci ildə Soçidə “Qızıl qayıq” beynəlxalq festivalında Azərbaycanı təmsil etməyimiz yaddaqalan hadisələrdəndir. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Moskvadakı tarixi Sütünlu salonda SSRİ Xalq artisti Vladimir Fedoseyevin rəhbərlik etdiyi P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrlə birlikdə çıxış etmək mənim üçün böyük şərəf idi.

-Azərbaycan musiqisinin Rusiyada təbliği, gənc nəslə ötürülməsi istiqamətində uzun illər fəaliyyət göstərirsiniz. Bu sahədə gələcək hədəfləriniz və həyata keçirmək istədiyiniz layihələr barədə nə deyə bilərsiniz?

-Gələcəkdə əsas məqsədlərimdən biri Azərbaycan musiqisinin, xüsusilə tar və muğam sənətinin Rusiyada daha geniş təbliğidir. Yeni konsert proqramları hazırlamaq, gənc istedadları üzə çıxarmaq və onların böyük səhnələrdə çıxış etməsinə dəstək olmaq istəyirəm. 2019-cu ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın yaratdığı Rusiya Azərbaycanlı Gənclər Birliyinin nəzdində fəaliyyət göstərən “Şuşa” Musiqi Mərkəzinin rəhbəriyəm. Burada gənclərə Azərbaycan musiqisini təmənnasız öyrədirəm.

Mənim üçün əsas məqsəd yalnız musiqiçi yetişdirmək deyil. Çalışıram ki, gənclər Azərbaycan tarixini, ədəbiyyatını və milli mədəniyyətimizi də bilsinlər. Musiqi insanları birləşdirən böyük qüvvədir. Musiqi xalqlar arasında ən gözəl körpüdür.