“Qohumlarını Suriyada axtaranlar bizə müraciət edib“ Müsahibə

“Qohumlarını Suriyada axtaranlar bizə müraciət edib“

Deniz Duran: "Saxlanılan şəxsləri saxlamaq və ya azad etmək qərarını BQXK yox, münaqişə tərəfləri verir"

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Deniz Duranın APA-ya müsahibəsini oxucularımıza təqdim edirik


- Dəniz xanım, BQXK nümayəndəliyinin builki fəaliyyətini necə qiymətləndirirsiniz? Bu il nümayəndəlik Azərbaycanda hansı işləri görüb?

- BQXK cəbhə xəttindəki vəziyyəti yaxından izləyir. Vəziyyətin pisləşdiyi zaman biz bunu hiss edirik, çünki bizim işimizə təsir edir. Əməkdaşlarımız hər həftə orada işləyərək, atışmalara ən çox məruz qalan və ehtiyacı olan bəzi kəndlərə iqtisadi yardım göstərirlər. Biz evləri cəbhə xəttinə yaxın yerləşən ailələrə köməklik göstəririk, evlərinin cəbhə xəttinə çıxan qapı və pəncərələrini kərpiclə hörürük. Bəzi hallarda evlərinin bir hissəsinin ətrafında mühafizə divarı tikirik ki, atışma başlayanda ən azından bir otaqda təhlükəsizlik təmin olunsun. Həmin insanların həyatını ən çox təhlükəyə salan addım atışma zamanı evdən çıxıb qaçmalarıdır. BQXK-nın köməkliyi ilə qapı-pəncərələrinin yerinin dəyişdirilməsi onlara təhlükəsiz otaqda gizlənmək və atışmanın sona çatmasını gözləmək imkanı verir.

Keçən ildən bəri cəbhə xəttində gərginliyin artdığını və bunun cəbhə xəttinə yaxın yaşayan kənd sakinlərinin həyatına göstərdiyi təsiri görürük. Mülki əhalinin atışma nəticəsində yaralandığı və ya mina partlayışından zərər çəkməsi hallarında BQXK-nın sahə komandaları onlara baş çəkir və köməyini təklif edir. Bəzən bu kömək maliyyə dəstəyi, bəzən isə həmin ailələrə köməklik göstərə biləcək xidmət təminatçıları ilə müzakirələr aparılması formasında olur. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) rayon bölmələri də münaqişənin təsirinə birbaşa məruz qalmış bu qurbanların vəziyyətini izləyirlər. AZQAC və BQXK son aylar ərzində məhz bu işlə çox məşğul olub və mən bunu davamlı humanitar missiyamızın çox mühüm bir hissəsi kimi nəzərdən keçirirəm.

Bundan əlavə, itkin düşmüş şəxslərin ailələri və Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə işimizi də davam etdirmişik. Bildiyiniz kimi, bir çox insanlar müharibə nəticəsində öz əzizlərini itiriblər və onlar qəribə bir vəziyyətdə yaşayırlar. Bir tərəfdən ailə üzvlərinin hələ də sağ olduğuna inanmaq istəyirlər, digər tərəfdən isə bu qədər ildən sonra əzizlərinin təəssüf ki, həyatda olmaması ehtimalı çox böyükdür, lakin ailələrə ölüm xəbəri verilməyib. Beləliklə, ailələr, xüsusilə də analar və həyat yoldaşları əzizlərinin taleyini tam əminliklə bilmədən, qeyri-müəyyənlik vəziyyətində yaşayırlar. Belə vəziyyət psixoloji cəhətdən çox ağırdır. BQXK onlara eyni kədəri yaşayan insanlarla görüşməkdə kömək edir və bəzi gündəlik problemlərinin həlli üçün onları müşayiət edir. BQXK ailələrin vəziyyətini həqiqətən də anlaya biləcək itkin düşmüş ailə üzvü olan şəxsləri, əsasən ana və həyat yoldaşlarını seçir və müşayiətçi olmaları, o cümlədən hər bir ailənin vəziyyətindən və ehtiyaclarından asılı olaraq onlara dəstək göstərə bilmələri üçün həmin qadınlara təlimlər keçir.

Bu il həmçinin, itkin düşmüş şəxslərin qohumlarından bioloji nümunələr toplamağa başlamışıq. Nümunələr Milli Təhlükəsizlik Nazirliyinin hospitalında saxlanılacaq ki, bir gün ekshumasiya edilə biləcək insan qalıqlarının identifikasiyası üçün DNT müqayisəsi aparılsın və ailələrə qaytarılsın. Beləliklə, ailələrin bəziləri əzizlərinin taleyi barəsində öyrənə və bu matəm kədərini yaşaya biləcəklər. Bütün bioloji nümunələrin toplanması üçün bir neçə il lazım olacaq. Təxminən 3700 azərbaycanlı itkin düşüb və identifikasiyanın aparılması üçün hər bir itkin düşmüş şəxsin 3-6 bioloji ailə üzvündən nümunələr toplanmalıdır. Bu, BQXK və Dövlət Komissiyasının birgə həyata keçirdiyi böyük bir işdir.

Ümumilikdə, münaqişə hələ də həll edilmədiyindən və insanlar onun dəhşətli nəticələrindən hələ də əziyyət çəkdiyindən, BQXK Azərbaycanda çox iş görməyə davam edir. Bizim bu qədər çox iş görə bilməyimizin səbəblərindən bir hissəsi də hökumətin bizə fəal olmaq və ölkədəki humanitar missiyamızı həyata keçirmək imkanı verməsidir.

- Ötən il Azərbaycan və Ermənistan tərəfindən neçə əsir qaytarılıb?

- BQXK 2014-cü ildə bütün tərəflərin müraciəti əsasında neytral vasitəçi qismində 1 azərbaycanlı və 9 erməni mülki şəxsin cəbhə xəttində təhvil verilməsinə şərait yaradıb. Bundan əlavə, iki insanın qalıqları (1 azərbaycanlı və 1 erməni) təmas xətti və beynəlxalq sərhəddə təhvil verilib. Keçən il hərbi əsirlərin təhvili həyata keçirilməyib. Girov sözü mətbuatda tez-tez düzgün istifadə edilmir və mən bu fürsətdən istifadə edərək terminologiya ilə bağlı izah vermək istərdim.

Cenevrə konvensiyalarına əsasən Dağlıq Qarabağ müharibəsində iştirak edən tərəflərin saxladıqları şəxslər girov hesab edilmir. Həmin şəxslər silahlı qüvvələrin üzvü olduqda hərbi əsir hesab olunur. Saxlanılanlar mülki şəxsdirsə, onlar internə edilmiş mülki şəxslər hesab edilir. Cenevrə konvensiyalarında ya "hərbi əsir", ya da "internə edilmiş mülki şəxs", bəzən isə "saxlanılan şəxs" və ya sadəcə, "himayə olunan şəxs" terminlərindən istifadə olunur.

- Hazırda Azərbaycan və Ermənistan tərəfdə neçə şəxs saxlanılır?

- Hal-hazırda Azərbaycan hökuməti 2 erməni hərbi qulluqçunu saxlayır. Dağlıq Qarabağda isə 2 azərbaycanlı tanınmamış hökumət tərəfindən saxlanılır.

BQXK tez-tez hər iki tərəfdə yüzlərlə insanın gizlədildiyi barədə iddialar eşidir. Bu növ iddiaları eşidəndə hər zaman konkret məlumat istəyirik. Belə olan halda aldığımız cavab həmişə bu olur: "Bir nəfər dedi ki kimsə…" Beləliklə, bu iddiaların həqiqətə uyğun olduğunu düşünmək üçün heç vaxt tutarlı səbəb olmayıb. BQXK belə bəyanatların ailələrə nə qədər əzab verdiyini görür, çünki onlar itkin düşmüş əzizlərinin bəlkə sağ olduğunu və əzab çəkdiyini düşünməyə başlayırlar. Təəssüf ki, itkin düşmüş şəxslərin əksəriyyətinin həyatda olmadığı düşünülməlidir və bu növ bəyanatlar ailələr üçün çox ağrıdıcıdır. BQXK-ya hər hansı bir ciddi məlumat ötürülsə, onu diqqətlə nəzərdən keçirəcəyik. Lakin indiyə kimə heç bir ciddi iddia, məlumat bizə verilməyib.

- Hazırda sizin siyahınızda itkin düşmüş şəxs kimi neçə nəfər qeydiyyatdadır?

- Ailələr itkin düşmüş qohumları barədə məlumat əldə etmək üçün BQXK-nın Dağlıq Qarabağdakı missiyasına, Azərbaycan və Ermənistandakı nümayəndəliklərinə müraciət etdikləri zaman BQXK onları qeydiyyatdan keçirir. BQXK-nın qeydiyyat meyarı birlikdə işlədiyi dövlət komissiyalarının meyarlarından fərqlənir. Bu səbəbdən də, BQXK-da olan rəqəmlər münaqişə tərəflərində olan rəqəmlərlə eyni deyil. Eyni meyardan istifadə etmədiyimizə görə, bu, tamamilə normal haldır. BQXK bütün tərəflərdən təxminən 4500 nəfər itkin şəxsi qeydiyyata alıb.

- BQXK-nın Azərbaycandakı nümayəndəliyi fəaliyyət göstərdiyi illər ərzində neçə şəxsin əsirlikdən azad olunmasına yardım edib?

- BQXK-nın Dağlıq Qarabağdakı missiyası, Azərbaycan və Ermənistandakı nümayəndəliklərinin köməkliyi ilə münaqişə tərəflərindən 700 nəfərdən çox insan azad edilib.

- Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmaları ilə bağlı hansı işlər görülür?

- BQXK saxlanma şəraitini və onlarla rəftarı qiymətləndirmək və ailə üzvləri ilə əlaqə saxlamalarına şərait yaratmaq məqsədilə saxlanılmış şəxslərə müntəzəm olaraq baş çəkir. Saxlanılan şəxsləri saxlamaq və ya azad etmək qərarını BQXK yox, münaqişə tərəfləri verir. Saxlayan tərəf kimisə azad edib geri qaytarmaq qərarını verdikdən sonra BQXK beynəlxalq sərhəd və ya təmas xəttində təhvil vermə prosesinə şərait yaratmaq üçün neytral vasitəçi qismində iştirak edə bilər. Cenevrə konvensiyalarında təsbit edilmiş bu qaydalar bütün münaqişə tərəflərinə şamil edilir.

Belə vəziyyət onların ailələri üçün olduqca ağırdır, lakin beynəlxalq münaqişə vəziyyətində qarşı tərəfin vətəndaşlarının saxlanılma və həbs edilmə halları baş verir. Cenevrə konvensiyaları qarşı tərəfin saxlanılmış vətəndaşları ilə rəftar və onların müdafiəsi üzrə minimum standartları müəyyənləşdirib. BQXK yalnız beynəlxalq humanitar hüququn ona verdiyi mandata əsasən fəaliyyət göstərə bilər. Buna saxlanılmış şəxslərə baş çəkmək, saxlanma şəraitinin və onlarla rəftarın Cenevrə konvensiyalarına uyğun olduğuna monitorinq etmək daxildir. Azad edilmə və geri qaytarılma məsələlərinə gəldikdə isə, BQXK yalnız saxlayan tərəfin saxlanılmış şəxsləri geri qaytarmaq haqqında qərar verməsindən sonra fəaliyyət göstərə bilər.

- Suriya hadisələri başlayandan çoxlu sayda Azərbaycan vətəndaşı orada döyüşlərdə iştirak edir. Həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi barədə sizə hər hansı müraciət edən olubmu? Ümumiyyətlə, həmin insanların taleyi ilə maraqlanırsınızmı?

- Bir neçə ailə BQXK-nın Azərbaycandakı nümayəndəliyinə yaxın qohumlarının Suriyada axtarışı üçün müraciət edib. Ailələrin Suriyada olan Azərbaycan vətəndaşları barədə ətraflı məlumat verə bildiyi halda BQXK-nın Bakı ofisi axtarış sorğusunu aça bilər. Təəssüf ki, həmin ailələr ətraflı məlumat vermə meyarını qarşılamayıblar. Suriyada vəziyyət olduqca təhlükəlidir və BQXK-nın axtarış fəaliyyəti əhəmiyyətli çətinliklərlə üzləşir.

- BQXK-nın Azərbaycan nümayəndəliyinin ötən il ərzində xərcləri nə qədər olub və Azərbaycan dövləti tərəfindən quruma nə qədər maliyyə yardımı edilib?

- BQXK-nın Azərbaycandakı əməliyyat büdcəsi 8 200 000 İsveçrə frankı (təxminən 8 800 000 AZN) təşkil edir. Bu maliyyə vəsaitləri Bakı, Bərdə və Dağlıq Qarabağ ofislərimiz vasitəsilə xərclənir.

Hökumət BQXK-ya hər il maliyyə vəsaitləri ianə edir. Azərbaycan bütün dövlətlər kimi, Cenevrə konvensiyalarına qoşulub və BQXK-nın münaqişə hallarında bütün dünyadakı fəaliyyətinə şərait yaradılmasında marağı var. Dünyada insanların mühüm humanitar böhrandan əziyyət çəkdiyi zamanda beynəlxalq ictimaiyyətin həmrəyliyi mövcuddur və BQXK digərlərinin işləyə bilmədiyi ən çətin yerlərdə işləyir. Dövlətlər isə BQXK-nın gördüyü işə dəstək olmaqla humanitar öhdəliyin bir hissəsi olmağa sövq edilir. Azərbaycan hökumətinin verdiyi ianələr barəsində davamlı müzakirələr aparılır və ianələrin məbləğinin artacağına ümid edirik.

- Bir neçə gün əvvəl Azərbaycana gələrək sığınacaq istəyən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan sentyabrın 18-də Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, BQXK-ya müraciət edib. O, Ermənistanda qalan ailə üzvlərinin incidilməsindən narahat olduğunu bildirib və BQXK-dan onların taleyi ilə maraqlanmağı xahiş edib. Bununla bağlı hansı tədbir görülüb?

- Həmin şəxs bizə müraciət edib və biz onunla görüşmüşük. Həmişəki kimi, aparılmış şəxsi müzakirələr barədə məlumat ictimailəşdirilmir.