“ İŞİD artıq gücünü itirib ” Müsahibə

“ İŞİD artıq gücünü itirib ”

İraq türkmənlərinin lideri: "İndi isə aydın olan budur ki, artıq məsələ hərbi olmaqdan çox, dövlətlərarası bir siyasi vəziyyətə gəlib çıxıb"


İraq türkmənlərinin lideri, Türkməneli Partiyasının sədri, sabiq millət vəkili Riyaz Sarıkahyanın Gün.Az-a müsahibəsini təqdim edirik.
- Riyaz bəy, hazırda Kərkükdə vəziyyət necədir?
- Kərkükdə vəziyyət çox qarışıq və təhlükəli bir səviyyəyə çatıb. Hər gün bir neçə insan öldürülməkdə, siyasi xarakterli qətllər və məhvetmə planı işə salınmaqdadır. Türkmənlər ilk növbədə hədəf alınıblar.
İkinci dərəcədə isə ərəblər hədəf alınmaqdadır. Qısa müddət əvvəl Kürdüstan ərəb vilayəti Məclisinin üzvü öldürüldü. İnsanlar qorxu içində yaşayırlar. Onlar evdən aparılır, türkmən uşaqlar qaçırılır, sərbəst buraxılmaları üçün isə yüz minlərlə dollar pul istənilir.
Şəhərdə iqtisadi həyat donub. Kərkük valisi Bağdad hökuməti ilə əlaqələri pozmağa səy göstərir. Məqsədi isə Kərkükün Bağdadla inzibati cəhətdən də qopmasına nail olmaqdır. Bu gün Bağdaddan gələn təlimatlar Kərkükdə etibarsız sayılır.
Bunun zərərini isə vətəndaşlar görür. Keçən ay Bağdad hökuməti 20 minlik Kərkük polisinə maaş göndərmədi. Kərkük də İraq kimi bir böhrana doğru gedir, ona görə də şəhərdə sanki həyat dayanıb. Bir çox insan Türkiyəyə, Avropaya köçmək məcburiyyətində qaldı.
- İnsanların qətlə yetirilməsi, oğurlanması İŞİD, ya başqa terror qrupları tərəfindən törədiir?
- Kərkükdə qətillər siyasi təmizləmə, türkmənlərinin səsinin kəsilməsi məqsədilə edilir. Bu qətilləri, insan oğurluqlarını heç kim üzərinə götürmür. İŞİD-lə də əlaqəsi yoxdur. Və bütün bunları edənlərə göz yumulur.
- Kərkükün kəndlərinin İŞİD tərəfindən işgalı davam edirmi?
- Kərkükün Havuca ərəb kəndi və Bəşir türkmən kəndi hələ də İŞİD-in nəzarətindədir. Lakin İŞİD artıq gücünü böyük ölçüdə itirib. Daha genişlənməsi üçün gücü qalmayıb. İndi isə aydın olan budur ki, artıq məsələ hərbi olmaqdan çox, dövlətlərarası bir siyasi vəziyyətə gəlib çıxıb. Əks halda, İŞİD-i məhv etmək çətin deyil.
Bununla yanaşı, hesab edirəm ki, problem və təhlükə İŞİD-dən sonrakı dövr üçün də qalır. Bəlkə yaxın gələcəkdə İŞİD bölgədən tamamilə çıxarıldı, bundan sonra o bölgələrin kimlər tərəfindən və necə idarəolunması açıq qalır. Çünki məzhəblər və etnik cərəyanlar, həmçinin digər problemlər təsiredici səviyyədə bölgədə və İraqda qalmaqdadır.
Eyni zamanda bölgə dövlətləri arasında gərginlik var. Bölgə barışa deyil, surətli bir şəkildə savaşa doğru gedir.
- İŞİD-ə qarşı mübarizə için qurulmuş türkmən könullu döyüşçülər mübarizəni davam etdirir?
- Türkmən könüllü qüvvələri müqavimət göstərməkdə davam edirlər, lakin İraq dövləti, kürdlər və başda ABŞ olmaqla koalisiya gücləri türkmənlərə yardım etmirlər. Ona görə ki, türkmənlərin öz torpaqlarında təsirləri olmasını istəmirlər. Halbuki Bağdadın şimal və qərbindəki bölgədə təlafərli türkmənləri İŞİD-ə qarşı döyüşə göndərirlər.
Son aylarda 500 nəfərə yaxın təlafərli türkmən qardaşımız şəhid olub, 2 min nəfər yaralanıb. Təəssüf ki, İraqda və bölgədə dövlətlər tərəfindən İŞİD-ə qarşı ciddi bir mübarizə aparılmır.
- Kürdüstan muxtariyyətində türkmənlərin siyasi statusu necədir, onların haqqı nə dərəcədə qorunur?
- Kürdüstan muxtariyyətində türkmənlərə idarə və hökumətdə həqiqi ortaqlıq yoxdur. Məqsəd isə bölgəni tamamilə bir kürd dövləti halına gətirməkdir. Buna görə də türkmənlərin haqları müdafiə olunmur.
Sadəcə bir nazirimiz və 5 millət vəkilimiz var. Bizim istəyimiz budur ki, Baş nazir köməkçisi, iki nazir türkmən olsun, türk dili rəsmi dil kimi qəbul edilsin.
- Türk ordusunun Mosula girməsi türkmənlərin durumuna necə təsir göstərdi?
- Türkiyənin təlim və dəstək məqsədilə Mosul bölgəsinə daxil olması İŞİD-in nəzarəti altında yaşayan insanları çox ümidləndirdi. Ayrıca, Mosuldan qaçan milyonlarla insana evlərinə qayıtmaq ümidi verdi.
Türkiyənin dəstəyi çox gərəklidir, bunu İraqda dəstəkləyən tərəflər də çoxdur. Bu mövzuda İraq ilə bir razılaşma və əlaqə yaradılması zəruridir. İŞİD İraq və Türkiyənin ortaq düşmənidir.
Dünyanın uzaq nöqtələrindən İŞİD-lə döyüş bəhanəsi ilə bölgəmizdə gəlirlər. Amma gerçək döyüş quru döyüş olmalıdır. Türkiyə və İraq regional maraqlar baxımından əməkdaşlıq etmək məcburiyyətindədirlər. Bölgəmiz bu əməkdaşlıq olmadan İŞİD-dən qurtula bilməyəcək.
- Türkmən Məclisinin qurulması planının aqibəti necə oldu?
- Təəssüf ki, indiki şərtlərlə Türkmən Məclisinin qurulması mümkün olmadı. Yaxın zamanlarda qurulma şansı yoxdur. Çünki prioritetlər dəyişdi, həmçinin bölgə qeyri-sabitlik artıb.
- Hazırda mövcud olan bu çətin durumundan çıxış yolunu nədə görürsünüz?
- Biz kürd partiyaları ilə bir masa ətrafında müzakirələr apardıq, insanlarımızın baş verən haqsızlıqlarda kürd qruplarını günahlandırdıqlarını bildiridik. Biz müqavimət göstərəcəyik, mübarizə aparacağıq. Amma problemin danışıqlar, sülh yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq.