“Qısa zamanda Qarabağda sülhə nail olmaq vacib şərtdir” Müsahibə

“Qısa zamanda Qarabağda sülhə nail olmaq vacib şərtdir”

Hasan Oktay: "Türkmənçay müqaviləsinin davamı olan Xocalı hadisəsinin tarixi anlamda nə mənaya gəldiyini yaxşı dərk etmək lazımdır"


Yaxın Şərq yeni bir müharibə astanasındadır. Bu dəfəki savaş olduqca təhlükəli və genişmiqyaslı olduğundan onun nəticələrini təsəvvür belə etmək qorxulu görünür. Belə ki, Səudiyyə Ərəbistanında şiə ayətullah Nirmi əl-Nirminin edamı ilə gərginləşən Riyad-Tehran münasibətləri artıq bütün İslam coğrafiyasını ağuşuna alıb. Sünni-şiə savaşına çevrilən bu qarşıdurmanın önlənməsi üçünsə hələlik heç bir ciddi cəhd göstərilmir. Bəs görəsən Səudiyyə Ərəbistanı-İran savaşı ümumilikdə İslam dünyasına, mədəniyyətinə hansı mənfi təsirlər göstərəcək? "Olaylar"-ın bu və ya digər suallarını Türkiyədə fəaliyyət göstərən Qafqaz Siyasi Araşdırmalar Mərkəzinin ( QAFQAZSAM) sədri Hasan Oktay cavablandırım. Həmin müsahibəni təqdim edirik.
-Hasan bəy, məlum təyyarə olayından sonra gərginləşən Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumunu necə dəyərləndirirsiniz?
-Hər iki ölkə göz görə-görə başqalarının siyasətinə alət olaraq bu vəziyyətə gəliblər. Suriya məsələsi nə Rusiyanın, nə də Türkiyənin bir nömrəli məsələsi deyildi və hər iki ölkə başqalarının dəmir yolunda bir-birinin ziddinə, qarşı tərəflərdən irəliləyərək baş-başa çarpışdılar. Bu gerçəyi görə bilməyən iki ölkə lideri hazırda arenaya qapatılmış iki döyüşçü kimi bir-birilərinə ölümcül zərbə vurmaq həddindədir. Düşünürəm ki, bu savaşın qalibi olmayacaq və dünya bu iki liderdən qurtulmaq barədə fikirləşir. Hadisələri bu şəkildə dəyərləndirdiyimizdə görürük ki, Suriyadakı prosesləri dərk edə bilməyən iki liderin, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın düşdüyü vəziyyət Türk və rus xalqına baha başa gəlir. Qısa zamanda Rusiya Türkiyə əlaqələrinin düzəlməsi çətin görünür. Amma münasibətlərin normallaşması imkansız da deyil. İki ölkə arasındaki gərginliyi aradan qaldıra biləcək təbəqə isə aydınlar, kütləvi informasiya vasitələri və sənətçilərdir. Əgər qeyd etdiyim sahəni təmsil edən insanlar dövriyyəyə girməsə dünyanın güc mərkəzləri Putin və Ərdoğanı bir-biri ilə vuruşdurub iki ölkəni bitirmək istəyəcəklər.
-Sizcə Türkiyə hər an Rusiya təhlükəsi ilə qarşı-qarşıya gələ bilərmi?
-Yuxarıda da qeyd etdiyim kimi dünyanın güç mərkəzləri və cəlbedici dövlətləri Türkiyə ilə Rusiyanı baş-başa vuruşdurub hər iki dövlətin lideri və milləttindən qurtulmaq istəyir. Bunu açıq bir şəkildə ifadə etmək lazımdır və hər iki ölkənin xalqı, aydını, sənətçisi, media nümayəndəsi, qeyri-hökumət təşkilatları mənsubları bu oyuna qarşı ayıq olmalıdırlar. Risk hər zaman var və Türkiyə ilə Rusiya bir-birinə qarşı gələ bilər. Bu savaşın qalibi nə Rusiya, nə də Türkiyədir. Ankara-Moskva qarşıdurmasının tək qalibi qlobal güçlər olacaq.
-Bu arada Ankaranın İsraillə əlaqələrinin normallaşdırılmasını necə dəyərləndirirsiniz?
-Türkiyəni idarə edən AKP iqtidarı müsəlman qardaşları və vəhhabi ideologiyası ilə deyil, Türkiyənin gerçəklikləri ilə hərəkət etmək məcburiyyətindədir. Vəhhabizmin və müsəlman qardaşları hərəkatının təməlində ingilis bamağı olub. Vəhhabizmin ana hədəfi Türkləri yer üzündən silmək, onun İslam coğrafiyasındakı təsirini sıfıra endirməkdir. Təssüflər olsun ki, Türkiyədəki AKP iqtidarı uzun müddət vəhhabizmin təsirində hərəkət edib. Bu təsirin nəticəsində Yaxın Şərqdəki vəziyyət alt-üst olub. Türkiyə-İsrail əlaqələrinin pozulması da bu təsirin nəticəsində baş verib. Türkiyə tədricən yalnızlaşıb Rusiya ilə qarşı-qarşıya qalınca siyasi manevr etmək məburiyyətində qaldı və İsraillə yenidən əlaqə qurmağa məcbur oldu. Bunu da AKP hökümətinə Töğrul Türkeş məsləhət gördü və bu İsraillə yenidən əlaqələrin qurulması mərhələsi onun başlatdığı bir prosesdir. Bu mənada Türkiyə Rusiya qarşıdurmasını Türkiyə İsrail əlaqələrinin bərpası əngəlləyə bilər. Buna ən yaxşı nümunə kimi bir müddət əvvəl baş verən bir olayı göstərmək olar. Belə ki, İsrail-Türkiyə əlaqələrinin bərpa ediləcəyi ilə bağlı xəbərlər mətbuatda yer aldıqdan dərhal sonra İsrail Suriyadakı "Hizbullah" kampına hava zərbəsi endirsə də, lakin Rusiya bu hadisə ilə bağlı heç bir reaksiya bildirmədi. İran- Rusiya ittifaqının möhkəmləndiyi günlerde Rusiyanın İsrailin məlum hərəkətinə qarşı heç bir reaksiya bildirməməsini Türkiyə-İsrail əlaqələrinin bərpası kimi dəyərləndirmək olar. Görünən odur ki, Rusiya İsrail lobbisini qarşısına almaq istəmir.
-Səudiyyə Ərəbistanı ilə İran arasında yaşanan gərginlik Yaxın Şərqə əlavə hansı fəlakətlər gətirə bilər?
-Səudiyyə Ərəbistamı çaşqınlıq içərisində nə etdiyini bilmədən hərəkət etməkdədir. İran meyilli biri deyə edam ettiyi ayətullah Nimr əl-Nimrinin əslində İran, onun siyasəti ilə əlaqəsi yoxdur və o, bir şiə ayətullahı idi. Ümumiyyətlə, vəhhabizmin dini biliyi dardır və dünyanı öyrənməkdən uzaqdır. Hazırda din üzərindən İslam dünyasını bir-birinə qarşı qoymağa çalışırlar. Bu dar düşüncəli baxış səbəbindən Yaxın Şərqdə şiə-sünni savaşı təhlükəsi yaranıb. Bu zaman iqtisadi cəhətdən problemlə üzləşəcək Səudiyyə Ərəbistanı neftin qiymətlərini artırmaqla İran və Rusiyaya yeni bir nəfəs vermiş olacaq. Sədiyyəlilər bu dar düşüncəli baxış bucağından ayrılaraq dünyanı yenidən dərk etməlidirlər. Səudiyyə Əarəbistanı İranla əsl savaş deyil, neft qiymətlərini daha da aşağıya salmaqla iqtisadi sahədə mücadilə apara bilər. Müharibə İslam mədəniyyətini qısa zamanda yox edə biləcək təhlükə yaradar.
-Bu iki dövlət arasında gərginliyin yaranmasında Qərbin rolu nə dərəcədədir?
-Qərb ölkələri bir tərəfdən İranla anlaşaraq Türk-Rus savaşının başlamasına çalışır, digər tərəfdən də Səudiyyə Ərəbistanı ilə İran arasında müharibəyə yol açaraq Yaxın Şərqi yenidən şəkilləndirmək üçün hazırlıq görürlər. Bu prosesdən nə İran, nə Türkiyə, nə də Rusiya xeyir əldə edə bilər. Səudiyyəlilər fərqində olmadan İslam mədəniyyətinin yox olmasına yenidən xidmət göstərirlər. Vəhhabi üsyanları ilə Osmanlını yıxanlar indi də İslam mədəniyyətini bitirəcəklər. Bu məzhəb savaşının qarşısını ancaq Türklər ala bilər. Öncəliklə AKP iqtidarı vəhhabizm təsirindən uzaqlaşıb İslam dünyasına daha geniş bir baxış bucağından baxmalıdır. Şiə- sünni qarşıdurmasının ən çox zərərini türklərin görməsinə baxmayaraq təssüflər olsun ki, hələ də ağıllanmayıblar. Səudiyyə vəhhabizminə dəstək verib İslam mədəniyyətini yıxmaq yox, onu qorumaq, yeniden qurmaq lazımdır. Bunun yolu da Türk-İslam mədəniyyətini şəkilləndirməkdir. Bu şəkilləndirmədə məzhəbçilik deyil, qardaşlıq əsas yer tutur. Kərbəla hadisələri zamanı Türklər müsəlman bilə olmadığı halda əməvi-haşimi qarşıdurmasının İslam dünyasına verdiyi zərəri əngəlləmək Türklərə düşməlidir. Türklər bu qarşıdurmanın tərəfi olmamalıdırlar.
-Bu arada Türkiyədəki Xocalı abidəsində soyqırım sözünün qətliam ifadəsi ilə əvəzlənməsini necə dəyərləndirərdiniz?
-Xocalı hadisəsi Rusiyanın Türkistan coğrafiyasını əlində saxlamaq üçün ermənilərin əliylə törətdiyi bir əməliyyatdır. Hadisəni yaxşı oxuyub anlamaq, olayın içində boğulmamaq lazımdır. Xocalının izahı, tərifi hüquqi olmaqdan daha çox bir ölüm- qalım məsələsidir. Türkmənçay müqaviləsinin davamı olan Xocalı hadisəsinin tarixi anlamda nə mənaya gəldiyini yaxşı dərk etmək lazımdır. Qısa zamanda Qarabağda sülhə nail olmaq vacib şərtdir.