“Məqsədimiz dialoqu gücləndirməkdir” Müsahibə

“Məqsədimiz dialoqu gücləndirməkdir”

ATƏT sədri: "Qarabağda baş verə biləcək eskalasiyanın qarşısını almaq üçün əlimizdən gələni edəcəyik"

Yanvarın 1-dən ATƏT-ə sədrlik edəcək Avstriyanın xarici işlər naziri Sebastian Kurzun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Gələn il ATƏT-ə sədrliyi dövründə Avstriyanın həlli uzanan, o cümlədən Dağlı Qarabağ münaqişəsinin həlli ilə bağlı prioritetləri nədir?

- Hesab edirəm ki, ATƏT məkanında indiyə kimi minlərlə insanın qurbana çevrilməsinə, yerdəyişməsinə və məhvinə səbəb olan hərbi toqquşmalar Avropanın bu gün təhlükəsizliklə bağlı üzləşdiyi əsas çağırışlardan biridir. Bu səbəbdən mövcud münaqişələrdə gərginliyin azaldılası Avstriyanın ATƏT-ə sədrliyinin əsas prioritetlərindən biridir. ATƏT-in fəaliyyətdə olan sədri kimi mən şəxsən ərazidəki vəziyyətlə bağlı ilk əldən məlumat əldə etmək üçün bu hadisələrdən əziyyət çəkən regionlara səfər edəcəyəm. Bizim Sədrlik mövcud münaqişələri sülh yolu ilə həll etmək üçün mövcud formatları, həmçinin xüsusi nümayəndələrin fəaliyyətini dəstəkləyəcək.
Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərindən mütəmadi məlumatlar almışıq və tərəflərlə mütəmadi kontaktdayıq. Bu səbəbdən də orada vəziyyəti sıx izləyirik və müxtəlif mövqeləri daha yaxşı anlayırıq. ATƏT-dəki beynəlxalq tərəfdaşlarımızla birlikdə əmininik ki, bu münaqişə yalnız sülh yolu ilə həll oluna bilər və bu istiqamətdə işləmək bizim əsas prioritetimizdir.

- Bu ilin aprelində Dağlıq Qarabağda vəziyyətin ciddi eskalasiyası baş verdi. Avstriya bu kimi eskalasiyaların baş verməsinin qarşısının alınması üçün hansı tədbirləri görməyi nəzərdə tutur?

- 2016-cı il aprelin 5-də ATƏT-ə növbəti il sədrlik edəcək dövlət kimi Avstriya münaqişənin eskalasiyası ilə bağlı həmsədrlərin qəbul etdiyi bəyanata qoşuldu. Biz təmas xəttində bu görünməmiş zorakılığı qınadıq və tərəfləri güc tətbiq etməkdən dərhal çəkinməyə çağırdıq. Biz həmçinin qeyd etdik ki, münaqişə yalnız sülh yolu ilə həll oluna bilər. Mən bunu dəfələrlə təkrarlamışam.

Biz həmçinin münaqişədən əziyyət çəkən bütün ailələrə başsağlığımızı bildirdik. Qeyd etmək istəyirəm ki, bundan əziyyət çəkən əhalinin təhlükəsizliyi və mühafizəsi prioritet olmalıdır. Onlar münaqişədən daha çox əziyyət çəkən insanlardır. Biz münaqişənin sülh yolu ilə həlli istiqamətində işləyərkən bunun diqqətdə saxlamalıyıq. Avstriya Sədrliyi öz məsuliyyətini tam olaraq anlayır və Minsk qrupunun vasitəçilik səylərini dəstəkləməklə bu prosesdə aktiv iştirak etmək niyyətindədir. Biz həmçinin Minsk prosesinin digər elementlərinə də diqqət ayıracağıq. Bu baxımdan səfir Anjey Kaspşik mənim şəxsi nümayəndəm olacaq, avstriyalı polkovnik Hans Lampalzerin rəhbərlik etdiyi Yüksək Səviyyəli Planlaşdırma Qrupu işini davam etdirəcək. Biz gələcəkdə baş verə biləcək eskalasiyanın qarşısını almaq üçün əlimizdən gələni edəcəyik. Bu, birlikdə sıx işləməklə əldə oluna bilər. Buna görə də biz daha çox diplomatiyaya, daha aktiv dialoqa və mövcud təklifləri həyata keçirmək üçün hansı növbəti addımların atılması məsələlərinə diqqət ayıracağıq.

- Ötən il Almaniya Sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 7 maddəlik təklif planı irəli sürdü. Sizin də bu kimi xüsusi təklifiniz varmı?

- Avstriya uzun müddətdir, vicdanlı vasitəçi və körpü yaradıcı rolunu oynayır və biz tərəflərə tez bir zamanda bunu təklif edə bilərik. Avstriya hər zaman vacib danışıqlar üçün istifadə olunub. Buna lap yaxın zamanlarda İranla nüvə danışıqları və Suriya münaqişəsi üzrə danışıqları misal gətirə bilərəm. Biz mədəniyyətlərarası dialoqda zəngin təcrübəyə malikik. Əgər azərbaycanlılar və ermənilər bizdən yardım istəsələr, bunu təmin etməyə hazırıq. Bizim məqsədimiz mövcud Minsk qrupu formatını dəstəkləməkdir, yeni format açmaq deyil. Biz sülh prosesini gücləndirə biləcəyimiz konkret sahələri müəyyənləşdirdiyimiz halda ATƏT-in Minsk qrupu həmsədrləri, səfir Anjey Kaspşik, o cümlədən tərəflərlə koordinasiyalı şəkildə bunu icra edəcəyik. Bizim ümumi məqsədimiz dialoqu gücləndirmək və bütün həyati məsələlərin diplomatik yollarla danışıqlar masasında müzakirə olunmasını təmin etməkdir.