“Seçkilərdə kiçik bir faiz də yığa bilmirsənsə…” Müsahibə

“Seçkilərdə kiçik bir faiz də yığa bilmirsənsə…”

Rafael Cəbrayılov: "Ailə, məhəllə, küçə, kənd partiyalarının yaradılmasına son qoymaq lazımdır"

Milli Məclisin (MM) deputatı Rafael Cəbrayılovun Gün.Az-a müsahibəsi

- Əvvəla, onu qeyd etmək istəyirəm ki, mən özüm heç bir partiyanın üzvü deyiləm. Ona görə də siyasi partiyaların maliyyələşməsi ilə bağlı məsələ mənim maraq dairəmdə deyil. Amma eyni zamanda, siyasi partiyalar cəmiyyətin siyasi sistemini təşkil etdiyinə, onun siyasi sisteminin bir elementi olduğuna görə onların maliyyələşdirilməsi məsələsi dünya təcrübəsinə olmalıdır və uyğundur da. Siyasi partiyaların maliyyələşdirilməsi həm də müxtəlif məqsədlərlə Azərbaycana gəlmək, burada yerləşmək, ölkənin istər milli təhlükəsizliyinə, istər daxili sabitliyinə ziyan vurmaq istəyən qüvvələrin, belə demək mümkünsə, donor olmasını istisna edən bir haldır.
Odur ki, siyasi partiyaların maliyyələşdirilməsi məsələsinin birmənalı şəkildə tərəfdarıyam, eyni zamanda xatırladım ki, bununla bağlı ilk dəfə parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı siyasi partiyalara maliyyə vəsaiti ayrılanda mən buna səs vermişdim. Bu baxımdan, bu günləri bu vəsaitin artırılmasına da normal baxıram. Çünki Azərbaycan artıq inkişaf etmiş, varlı bir dövlətdir. Hər il infrastrukturdan tutmuş digər maliyyə ayırmalarına qədər bunların artım istiqamətində davam etməsi normal bir haldır. Demək istəyirəm ki, bununla siyasi partiyalar öz fəaliyyətlərini gücləndirə, Azərbaycanda demokratiyanın inkişafına öz töhfələrini verə bilərlər.
Bilirsiniz, ən azından müxalifət statusunu sivil bir səviyyəyə qaldıra bilərlər. Çünki müxalifət statusunun özü artıq Azərbaycanda bəzi insanlar arasında müəyyən qədər ikrah hissi doğurur. Bəzi müxalifət partiyaları "sən get, mən gəlim hakimiyyətə şüarı" ilə ortalığa düşürlər ki, hansı ki, bu, müxalifət demək deyil. Əslində isə onların heç heç birinin düz-əməlli bir taktiki planı da, proqramı da yoxdur...

- Bildiyiniz kimi, maliyyələşmə ancaq parlamentdə təmsil olunan partiyalara şamil olunur, digər partiyalar bundan kənarda qalır. Məsələn, AXCP, Müsavat və digər partiyalar buna etiraz edərək bildirirlər ki, onlar parlamentdə təmsil olunan əksər partiyalardan daha tanınmış və daha güclüdürlər, seçkilərdə ümumilikdə onlardan daha çox səs qazanırlar və sair...

- Bu gün hələ elə bir detektor icad olunmayıb ki, partiyaların həqiqi sosial bazasını öyrənə, ortaya qoya, tədqiq edə bilsin. Bəzi insanlar deyir ki, partiyanın üzvlərinin sayı onun sosial bazasını əks etdirən bir güzgüdür. Amma mən elə düşünmürəm. Çünki burada subyektiv hallara, əyrintilərə, saxtakarlıqlara yol verilir, bəzi insanlar var ki, heç o partiyanın üzvü olduğundan xəbərləri belə yoxdur.
Ona görə mənim fikrimcə, partiyanın fəaliyyətinin, sosial bazasının əyani göstəricisi onun seçkidə iştirak etməsidir. Yoxsa, dövlətin partiyalara ayırdığı vəsaitdən bir pay almaq üçün hər hansı bir siyasi partiya yaradıb, sonra ora da qondarma üzvlər yazmaqla istədiyin məqsədə nail olmaq mümkün deyil, bu, qəbuledilməzdir. Düşünürəm ki, əgər doğrudan da hər hansı bir siyasi partiya varsa və o, özünün sosial bazası olduğunu iddia edirsə, o zaman ölkənin ictimai-siyasi həyatında, daha doğrusu, seçkilərdə iştirak etməli və özünü göstərməlidir. Nəyə qadir, hansı sosial bazaya malik olduğunu nümayiş etdirməlidir. Bunun da əyani göstəricisi seçkidir.
Əgər sənin seçkilərdə iştirak edəcək bir nəfər belə namizədin və ya sənin parlamentdə deputatın yoxdursa, yaxud da bələdiyyə seçkilərində heç nəyə nail ola, prezident seçkilərində kiçik bir faiz də yığa bilmirsənsə, onda hansı vəsait almaqdan danışa bilərsən? Ümumiyyətlə, partiyalar var ki, elə yalnız özünün ailə üzvlərindən ibarət olan partiyalardır ki, hansı ki, bunu da hələ utanmadan siyasi partiya adlandırırlar.

- Həmin partiyalar qeyri-bərabər imkanlar və şərtlər daxilində mübarizə apardıqları və ya qazandıqları səslərin səsvermənin nəticələrində olduğu kimi əksini tapmadığı üçün cəmiyyətə sosial bazalarını və nəyə qadir olduqlarını əyani nümayiş etdirə bilmədiklərini iddia edirlər....

- Bilirsiniz, müxalifət partiyaları içərisində bəzi partiyalar var ki, özləri zamanında hakimiyyətdə olublar, bu gün də özlərini əsas müxalifət hesab edirlər. Amma mən düşünürəm ki, belə radikal şəkildə müxalifət olmaz. Onların əgər dedikləri düzdürsə, o zaman məlum toplantılarına, nümayişlərinə, piketlərinə, küçə yürüşlərinə niyə çoxlu sayda insan gəlmir?
Onların toplantılarına baxın, görün nə qədər adam gəlir? Yaxud da, bu yaxınlarda Müsavat Partiyasının qurultayı keçirildi. Baxın, görün orada nələr baş verdi? Bu partiyanın özünün içində normal bir siyasi mühit yarada bilmirlər, ancaq bunu bir kənara qoyub seçkilərin obyektivliyindən və qeyri-obyektivliyindən danışırlar. Bu gün iqtidarda olan partiya YAP-dır. Bəs digər partiyalar? Onlar necə gedib parlamentə düşüb və ya bələdiyyələrdə təmsil olunublar? Deməli, seçkilər obyektiv, demokratik olub ki, onlar da parlamentdə və ya bələdiyyələrdə təmsilçilik əldə edə biliblər. Ona görə düşünürəm ki, onların arqumenti haqsız bir arqumentdir. Sadəcə, gözdən pərdə asmaq, özlərinə siyasi qüvvə imici yaratmaq üçün irəli sürülən gülünc bir arqumentdir.

- Yeri gəlmişkən, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək üçün hər bir partiyanın ən azı min nəfər üzvünün olması tələb olunur. Ancaq bu rəqəmin artırılması, hətta 5 və ya 10 minə qaldırılması təklifləri də irəli sürülməkdədir...

- Şəxsən mən də həmin o limitin qaldırılmasının birmənalı şəkildə tərəfdarıyam. Bununla ən azı ailə partiyalarının, məhəllə partiyalarının, küçə partiyalarının yaradılmasına bir son qoyula bilər. İkincisi, Azərbaycan çox sürətlə inkişaf edən bir dövlətdir. Azərbaycan artıq lokal inkişaf səviyyəsindən çıxıb qlobal inkişaf səviyyəsinə qədəm qoymuş bir dövlətdir. Azərbaycanda ictimai-siyasi proseslər o qədər sürətlə gedir ki, artıq bu proseslərə nüfuz edə biləcək, buna təsir edə biləcək siyasi qüvvələr lazımdır.
Əlbəttə, vaxtilə həmin limit Azərbaycanın mövcud inkişafı üçün keçərli idi. Amma Azərbaycanın bugünkü müasir inkişafı üçün bu limit keçərli deyil. Axı, bütün qanunlarımıza dəyişiklik olur, niyə də "Siyasi partiyalar haqqında" qanuna bu məsələ ilə bağlı dəyişiklik olmasın? Hətta, bankların nizamnamə kapitalı belə qaldırılır. Çünki Azərbaycanın hazırkı inkişaf səviyyəsi və hazırkı inkişaf tempi bunu tələb edir. Buna görə siyasi partiyaların qeydə alınması üçün tələb olunan imzaların sayının artırılması və bu yöndə müvafiq qanuna dəyişiklik edilməsinə mən də tərəfdaram.
Yenə deyirəm, artıq lokal partiyaların yaradılmasına son qoymaq lazımdır. Baxın, görün dünyaya meydan oxuyan supergüc Amerikada nə qədər partiya var, cəmi 2-3 partiya var. Ancaq Azərbaycan kimi balaca bir ölkədə partiyaların say-hesabını bəlkə heç statistika da bilmir. Odur ki, artıq yalnız dövlətin ayırdığı vəsaitdən pay almaq məqsədilə partiya yaradılmasına son qoyulmalıdır. Ailə, məhəllə, küçə, kənd partiyalarının yaradılmasına son qoymaq lazımdır. Yaradılan partiya Azərbaycanın hazırkı inkişaf səviyyəsinə və hazırkı inkişaf tempinə uyğun olmalıdır.