“Heç bir məmurun qəbuluna getməmişəm” Müsahibə

“Heç bir məmurun qəbuluna getməmişəm”

Milli Məclisin deputatı: "İndiyə kimi heç bir qanunvericilik təşəbbüsü ilə çıxış etməmişəm"

Azərbaycan Milli Məclisinin 111 saylı Zaqatala-Balakən Seçki Dairəsindən deputatı Kamilə Əliyevanın APA-ya müsahibəsi

- Deputat olana qədər nə ilə məşğul olurdunuz?

- Mən 2010-cu ildən deputatam. Buna qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşam. O fakültəni də bitirmişəm.

- Necə oldu ki, deputat olmağa qərar verdiniz?

- Ümumiyyətlə, mən orta məktəb illərindən fəal olmuşam. Universitet illərində də bu davam etdi və doktorluq işimi uğurla başa vurduqdan sonra daha geniş formada xalqıma xidmət etməyi düşündüm. Bunun üçün deputat olmaq qərarını verdim. Xalq da məni seçdi.

- Seçicilərinizin etimadını doğrultduğunuza əminsiniz?

- Bunu mən özüm desəm, düzgün çıxmaz. Xalq məni tanıyır. Özümü tərifləmək istəmirəm. Seçicilər desin, mən necə işləmişəm? Amma özümün özümlə bağlı özümə verdiyim hesabat kimi desək, məncə, pis fəaliyyət göstərməmişəm. Seçicilərimin problemləri ilə maraqlanmışam, imkanım daxilində kömək etmişəm.

- Amma ictimaiyyətdə, xüsusilə jurnalistlər arasında fəal deputatlar siyahısında Sizin adınız çəkilmir, qeyri-fəal deputat kimi xarakterizə olunursunuz...

- Mən bu fikirlə qətiyyən razı deyiləm. Bəzi sorğularda fəal deputatlar siyahısında olmuşam. İstəsəniz, araşdırıb, özünüz də baxa bilərsiniz. Yaxud xalq arasında sorğu keçirilsə, o zaman görəcəksiniz ki, mənim fəallığıma necə qiymət verilir. Mənim fikrimcə, hər deputatın fəallıq dərəcəsi müxtəlifdir. Bəzi deputatlar var ki, yalnız komitə və plenar iclaslarda, deputat da var ki, seçiciləri ilə münasibətdə fəaldır. Mən plenar iclaslarda çıxış eləmirəmsə, bu o demək deyil ki, fəal deyiləm. Mən komitə iclaslarında da fəalam. Tez-tez təkliflər verirəm, çıxış da edirəm.

- Sonuncu dəfə seçicilərinizlə nə vaxt görüşmüsünüz?

- Mənim seçildiyim Zaqatala və Balakən rayonu paytaxtdan uzaq olduğu üçün əsasən yay vaxtlarında bir ay gedib həm orada yaşayıram, həm də seçicilərimlə ünsiyyətdə oluram. Başqa vaxtlarda da iki aydan bir çalışıram rayonlarda olum, seçicilərin problemləri ilə maraqlanım.

- Nəzərə alsaq ki, deputatın əsas vəzifələrindən biri də qanunvericilik təşəbbüsüdür, indiyə qədər neçə dəfə qanunvericilik təşəbbüsünüz olub?

- Çıxışlarımda müxtəlif təkliflərim olub, müsbət qarşılanıb. Bunlar müxtəlif məsələləri əhatə edib.

- Şifahi təkliflərdən başqa qanunvericilik təşəbbüsləriniz hansılardır?

- Açığı, indiyə qədər elə bir şey olmayıb. Amma bilirsiniz ki, "Elm haqqında" qanun hazırlanır və payız sessiyasının gündəliyinə salınıb. Həmin layihədə mən qanunvericiliklə bağlı təşəbbüs irəli sürmüşəm, qanunda əksini tapmalıdır. Nə olduğunu deməyəcəyəm, çünki hələ qanun layihəsi tam hazırlanaraq ortaya çıxarılmayıb.

- Şəxsi biznesiniz olduğunu da deyirlər...

- Mənim nəinki biznesim, deputat və pedaqoji fəaliyyətimdən başqa heç bir gəlir yerim yoxdur. Maaşa baxan adamam.

- Elə bir məmur, yaxud hökumət üzvü olubmu ki, deputat kimi Sizi qəbul etməsin, yaxud müraciətinizə baxmasın?

- İndiyə kimi heç bir məmurun qəbuluna getməmişəm. Ancaq yazılı müraciət etmişəm, buna da imkan olanda baxıblar.

- Gələn il parlament seçkilərinə növbəti dəfə qatılmağı düşünürsünüz?

- Düşünürəm ki, bu barədə qərar vermək hələlik tezdir.