Ülvi İsgəndərov: Bakı klublarından təkliflər var idi, amma “Araz-Naxçıvan” mənim üçün doğmalaşıb - MÜSAHİBƏ Müsahibə

Ülvi İsgəndərov: Bakı klublarından təkliflər var idi, amma “Araz-Naxçıvan” mənim üçün doğmalaşıb  - MÜSAHİBƏ

“Araz-Naxçıvan”ın futbolçusu Ülvi İsgəndərov AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

– “Araz-Naxçıvan”la yeni müqavilə imzaladınız. Ötən mövsümü necə dəyərləndirərdiniz?

– Mövsümə kifayət qədər yaxşı başladıq. Konfrans Liqasında ilk iştirakımızda Yunanıstanın “Aris” komandası kimi güclü rəqibi mübarizədən kənarlaşdırdıq. Bu, klub üçün əlamətdar hadisə idi. Çempionatda da yanvar ayına qədər uğurlu çıxış edirdik. Daha sonra komandada müəyyən dəyişikliklər baş verdi, baş məşqçi dəyişdi. Yeni məşqçinin komandaya uyğunlaşması, futbolçuları yaxından tanıması və öz oyun sistemini formalaşdırması üçün vaxt lazım idi. Təəssüf ki, mövsümü istədiyimiz kimi başa vura bilmədik. Məqsədimiz yenidən avrokuboklara vəsiqə qazanmaq və inkişafımızı davam etdirmək idi. Bu baxımdan mövsümü uğurlu hesab etmək olmaz.

– İndi komandaya Cavid Hüseynov rəhbərlik edir. Onu əvvəlki illərdən yaxşı tanıyırsınız. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, Cavid Hüseynovu yaxşı tanıyıram. “Qəbələ”də birlikdə çalışmışıq və komanda yoldaşı olmuşuq. Futbola baxışını, iş prinsipini və peşəkarlığını yaxşı bilirəm. Gənc məşqçidir və özünü təsdiqləmək üçün böyük həvəsi var. Biz futbolçular da ona dəstək olmağa çalışacağıq ki, komanda olaraq daha yüksək nəticələr əldə edək.

– Komandada ciddi heyət dəyişikliyi baş verdi. Bunun səbəbini nə ilə izah edərdiniz?

– Ötən mövsüm rəhbərlik komandanın formalaşdırılması üçün böyük vəsait ayırmışdı. Büdcə indiki ilə müqayisədə daha yüksək idi. Bəzi futbolçuların müqavilə şərtləri də kifayət qədər böyük idi. Klub həmin şərtlərlə onları saxlaya bilmədiyi üçün yollar ayrıldı.

– Yeni mövsümdə komandanın əsas hədəfi nə olacaq?

– Mən həmişə yüksək hədəflər uğrunda mübarizə aparmağın tərəfdarı olmuşam. Şəxsi istəyim avrokuboklarda iştirak etmək və bu uğur uğrunda oynamaqdır. Amma hazırda komanda tam formalaşmayıb. Hədəflərlə bağlı rəhbərlik və məşqçilər korpusu ilə yekun müzakirələr aparılmayıb. Ona görə də bu barədə dəqiq fikir bildirmək hələ tezdir.

- Başqa klublardan təkliflər var idi?

– Bəli, Bakı klublarından təkliflər almışdım. Amma artıq iki mövsümdür “Araz-Naxçıvan”dayam və bu klub mənim üçün doğmalaşıb. Həm rəhbərliyə, həm də yeni baş məşqçiyə böyük hörmətim və etibarım var. Düzdür, ötən mövsüm istədiyim qədər şans qazana bilmədim və özümü tam göstərə bilmədim. Ümid edirəm ki, yeni mövsümdə daha yaxşı oynayacaq, komandama daha çox fayda verəcəyəm. Qarşıma qoyduğum əsas məqsədlərdən biri də milli komandaya dəvət almaqdır.

– Milli komanda ilə bağlı gözləntiləriniz necədir? Qarşıda Millətlər Liqasının oyunları var. Özünüzü yığmada görürsünüzmü?

– Milli komanda hər bir azərbaycanlı futbolçunun arzusudur. O formanı geyinmək böyük qürurdur. İnanıram ki, daha çox oyun praktikası qazansam və özümü yaxşı tərəfdən göstərə bilsəm, milli komandaya dəvət almaq şansım olacaq. Fürsət verilərsə, yığmaya da fayda verməyə çalışacağam.