“Ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində bütün imkanlar işə salınmayıb” Müsahibə

“Ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində bütün imkanlar işə salınmayıb”

Səfir: "Azərbaycan investisiyalarının Moldova iqtisadiyyatına yönəldiləcəyinə böyük ümidlər bəsləyirik"

Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İqor Bodünun APA-ya müsahibəsi:

- Cənab səfir, Moldova ilə Azərbaycan arasındakı münasibətlərin inkişaf səviyyəsini necə dəyərləndirirsiniz? Hazırda hansı proseslər gedir? Yeni layihələr gerçəkləşdirilirmi?

- Azərbaycanla Moldova arasında ənənəvi olaraq dost, tərəfdaş və strateji münasibətlər mövcuddur. 2014-cü ildə bu əlaqələrin inkişafına gəldikdə isə müəyyən pozitiv dinamikanı qeyd etmək olar. Bu il bir sıra böyük tədbirlər, o cümlədən aprelin sonu-mayın əvvəlində Azərbaycanda Moldova mədəniyyəti günləri, habelə Moldova iqtisadiyyat naziri Adrian Kandunun və Moldova baş naziri, xarici işlər naziri Natalya Germanın səfərləri gerçəkləşdirilib. İqtisadi nöqteyi-nəzərdən son 10 ayda iki ölkə arasında ticarət dövriyyəsi 5 mln. dollar təşkil edib, müsbət ticarət saldosu isə Moldova tərəfindədir. Bir sözlə, münasibətlər normal məcrada inkişaf edir, müəyyən dinamika var və biz bunu gələn ildə də möhkəmləndirmək istəyirik. Bu baxımdan biz xarici işlər nazirlərinin müavinləri səviyyəsində iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin, 2015-ci ilin ilk yarısında iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclasının keçirilməsi, habelə Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizə rəsmi səfərinin təşkil edilməsi barədə razılıq əldə etmişik.

- Siz dediniz ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıq hələlik lazımi səviyyədə deyil. İnkişaf tempində zəyifliyin əsas səbəbi nədir?

- Haqlısınız, ölkələrimiz arasında iqtisadi-ticarət sahəsində bütün imkanlar işə salınmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Məsələn, istehsal sahəsində kənd təsərrüfatı potensialı baxımından ölkələrimiz təxminən eyni məhsulları istehsal edirlər. Bu üzdən də qarşılıqlı ticarət o qədər də böyük deyil. Lakin iqtisadi tərəfdaşlığın digər maraqlı sahələri var, məsələn investisiya və istehsalat kooperasiyası sahələri. Biz Azərbaycan investisiyalarının Moldova iqtisadiyyatının müxtəlif sahələrinə, konkret olaraq dövlət əmlakının özəlləşdirilməsi, habelə müxtəlif iqtisadi layihələrə yönəldiləcəyinə böyük ümidlər bəsləyirik. Artıq konkret addımlar var. Belə ki, Azərbaycanın "Evrascon" şirkəti Çexiyanın OHL şirkəti ilə birgə Kişineu-Ungen-Skulen avtomobil magistralının rekonstruksiyası ilə bağlı tenderdə qalib gəlib. Bu yolun yenidən qurulması 80 milyon avroya başa gələcək və Avropa investisiya bankının iştirakı ilə həyata keçiriləcək. Həmçinin energetika sahəsində layilərər var. Lakin hələlik Moldova yeganə ölkədir ki, burada SOCAR-ın konkret investisiyaları yoxdur. Bəlli olduğu kimi, SOCAR dost və qonşu ölkələrdə gerçəkləşdirilən investisiya layihələrində fəal iştirak edir, məsələn Rumıniya, Ukrayna və Gürcüstanda. Moldova isə bu formatda yer almır. Fürsətdən istifadə edib, yenidən SOCAR prezidenti Rövnəq Abdullayevi, habelə şirkətin digər nümayəndələrini investisiya imkanlarının öyrənilməsi məqsədilə ölkəmizə səfərə dəvət etmək istərdik. Bu, Curculeşt limanındakı neft terminalımız, yaxud da Curculeşt neft emalı zavodunun inşası ilə bağlı imkanlar ola bilər. Qeyd etmək istərdim ki, bu və digər məsələlər hökumətlərarası komissiyasının növbəti iclasında müzakirə olunacaq.

- Yeni hökumətin gəlişi ilə hansı dəyişiklikləri gözləyirsiniz? Bu dəyişikliklər Moldovanın xarici siyasəti ilə bağlı ola bilərmi?

- Azərbaycanla münasibətlərdə dəyişikliklər yalnız onların yaxşılaşdırılması və inkişafı baxımından ola bilər. Bəlli olduğu kimi, bu ilin noyabrın 30-da Moldovada parlament seçkiləri keçirilib, yeni parlament seçilib. Yaxın vaxtlarda Moldovada yeni hökumət formalaşdırılacaq. Parlamentə 5 partiya daxil olub, onlardan üçü Moldovanın Avropa ilə inteqrasiyasına tərəfdardır. Məlum olduğu kimi, bu ilin iyun ayında Moldova Avropa İttifaqı ilə assosiasiya haqqında saziş imzalayıb. Avropa Parlamenti və bir sıra ölkələrin parlamentləri artıq bu sazişi ratifikasiya ediblər. Moldovanın yeni hökuməti isə bu sazin reallaşması ilə məşğul olacaq. Həmçinin qeyd etmək istərdim ki, Moldova ilə Avropa İttifaqı arasında vizasız gediş-gəliş rejimi mövcuddur. Bu mənada biz Avropa İttifaqı ilə vizasız rejimə malik yeganə "Şərq tərəfdaşlığı" ölkəsiyik.

- Vizasız rejim haqda saziş belə düşünməyə əsas verirmi ki, Moldova perspektivdə Avropa İttifaqının üzvü olacaq?

- Avropa İttifaqına üzvlük hələlik ölkəmizin arzusu və uzun müddətli vəzifəsidir. "Ev tapşırığı" yerinə yetirilməlidir, yəni ölkə qanunvericiliyi Avropa İttifaqı standartlarına uyğunlaşdırılmalıdır. Söhbət ədliyyə sahəsindəki islahatlardan, ilk növbədə korrupsiya ilə mübarizə, habelə dövlət institutlarının funksionallığının yaxşılaşdırılmasından gedir. Assosiativ üzvlük hazırlıqdır, ölkənin Avropa İttifaqı standartları səviyyəsinə çatdırılması istiqamətində ilk addımdır.

- Dnestryanı münaqişənin nizamlanması istiqamətində aparılan danışıqları necə dəyərləndirirsiniz?

- Danışıqlar prosesi hələlik yerində sayır, çünki qarşı tərəf vahid Moldova tərkibində Dnestryanı bölgəsinin statusu ilə bağlı danışıqları aparmaq istəmir. Dnestryanı rəsmiləri etimad tədbirlərinin möhkəmləndirilməsi məsələləri üzrə müəyyən qrupların təmaslarını danışıqların əsas predmetinə aid olmayan mövzulara bağlayırlar. Danışıqlar prosesi "5+2" formatında keçirilir, burada "2" Moldova ilə Dnestryanı, "5" isə beynəlxalq vasitəçilər – Rusiya, Ukrayna, ATƏT, ABŞ və Avropa İttifaqı deməkdir. Bu format Moldovanın ərazi bütövlüyü, suverenliyi çərçivəsində Dnestryanı bölgəsinin statusunun müzakirə edilməsi üçün yaradılmışdı. Təəssüf ki, danışıqlar prosesi çətinliklə irəliləyir, "dondurulmuş" Dnestryanı münaqişəsi isə müasir Moldovanın əsas problemlərindən olaraq qalır.

- Mətbuatda Dnestryanı bölgəsinin Rusiya Federasiyasının tərkibinə daxil olacağı haqda söhbətlər gəzirdi...

- Səfirlər adətən şayiələri və ehtimalları şərh etmirlər. Təkcə onu deyə bilərəm ki, Dnestryanı hətta hipotetik olaraq Rusiya tərkibinə daxil ola bilməz, çünki Moldovanın bu regionunun Rusiya ilə ümumi sərhədi yoxdur. Onların arasında məsafəsi 600-1000 km olan Ukrayna ərazisi var. Bu "birləşmə" yalnız Donbasda hərbi əməliyyatlar başlayandan sonra Ukraynanın cənubu ilə Odessa vilayətinədək dəhlizin yaradılacağı halda baş tuta bilərdi. Bəlli olduğu kimi, bu plan baş tutmadı. Ona görə də Dnestryanı bölgəsinin harasa daxil olması haqda söhbətlər nonsensdir.

- Beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Moldovanın Azərbaycanla müxtəlif beynəlxalq və regional təşkilatlardakı əməkdaşlığı yüksək səviyyədədir. Biz beynəlxalq arenada bir-birimiz çox gözəl başa düşürük və dəstəkləyirik. Belə ki, Moldova Azərbaycanı BMT TŞ-nin müvəqqəti üzvü seçilərkən dəstəkləyib. Həmçinin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, GUAM və Avropa Şurası xətti ilə yaxşı əməkdaşlığ edirik.

- Hazırda hansı birgə layihələr üzərində iş gedir?

- Moldova ilə Azərbaycan arasındakı müqavilə-hüquq bazası 59 saziş və müqavilədən ibarətdir. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrinə aid daha 8 layihə hazırlıq mərhələsindədir.

- Dağlıq Qarabağ danışıqları üzrə ilin yekunlarını necə qiymətləndirirsiniz?

- Qeyd etməliyəm ki, bu danışıqlar çətin gedir, irəliləyiş isə müşahidə olunmur. Təəssüf ki, bu, bütün "dondurulmuş münaqişələr"ə aid ümumi xüsusiyyətdir. Əvvəllər olduğu kimi Moldova Qarabağ münaqişəsinin Azərbaycanın dövlət sərhədləri və ərazi bötüvlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Heç kim dövlətlərin ərazi bütövlüyünü poza bilməz. Bu, həm də Ukraynanın ərazi bütövlüyünə verdiyimiz dəstəyə aiddir. Bu gün qonşumuz Ukrayna ilə bağlı baş verənlər beynəlxalq özbaşnalıqdır. Mən ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukraynaya ölkəmizin tam dəstəyini ifadə etmək istəyirəm.