Mücadilədən dönməyən fədakar ziyalılar Ədəbiyyat

Mücadilədən dönməyən fədakar ziyalılar

Bütöv Azərbaycan xalq ədəbiyyatının araşdırılması baxımından mühacirətdə aparılan tədqiqatların böyük əhəmiyyəti var


Azərbaycan mühacirətini təmsil edənlər – Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə, Əhməd Cəfəroğlu, Ceyhun bəy Hacıbəyli, Səlim Rəfiq Rəfioğlu, Nağı Keykurun, Hüseyn Baykara, Əbdülvahab Yurdsevər, Məmməd Sadıq Sənan, Mirzadə Mustafa Fəxrəddin, Hilal Münşi, Məcid Musazadə, Əziz Alpaut, Əziz Özər, Mustafa Haqqı Türkəqul, Yunus Lənkəranlı, Nəbi Turablı, Əli Volkan, İren Melikoff, Xavər Aslan, Turxan Gənceyi, Həmid Nitqi, Behruz Həqqi və başqaları Vətənindən uzaqlarda xalqının zəngin mənəvi sərvətlərinin düzgün, qərəzsiz tanıtdırılması uğrunda mübarizə aparıb, xalq ədəbiyyatının bütün janrlarını bu və ya başqa şəkildə araşdırıblar. Beləliklə, mühacirətdə folklorla bağlı çox zəngin tədqiqatlar yaranıb.
19-cu əsrin son onilliyindən başlayaraq Azərbaycanda baş verən siyasi hadisələr və onların dünya ölkələrindəki əks-sədası Vətəni istiqlaliyyətinə qovuşdurmaq arzusunda olan bir çox ziyalıların mübarizəni davam etdirmək məqsədilə başqa ölkələrə üz tutması ilə nəticələndi. Mücadilədən dönməyən bu fədakar insanlar xalq yaradıcılığı örnəklərinə öz azadlıq davalarının tərkib hissəsi kimi yanaşırdılar ki, bu da mühacirətdə folklorşünaslığın yaranmasını zəruri edən ən əsas şərtlərdən biri idi. Lakin bundan əlavə bir çox məsələlər də Vətəndən kənarda Azərbaycan xalq yaradıcılığı ilə bağlı fəaliyyətlərin meydana çıxmasına səbəb oldu. Onları qısaca belə ifadə etmək olar:
Azərbaycanın rus əsarətinə düşməsilə xalqın istiqlaliyyətinin itirilməsi və Vətənin hürriyyətə qovuşmasını təmin etmək məsələsinin mühacirətdəki ziyalıların ən böyük amalına çevrilməsi; Sovet ideoloji sisteminin xalq yaradıcılığına qarşı qeyri-obyektiv münasibəti, əsərlərin senzura tərəfindən "qayçılanması", hətta bəzən insanlar kimi "repressiya qurbanları"na çevrilməsi, yəni tamamilə yasaq edilməsi; Folklor örnəklərinin sovet Azərbaycanında bir çox hallarda əslinə uyğun olaraq deyil, sosialist ideologiyası fonunda yanlış tədqiq edilməsi; Digər ölkələrdə yaşamaq zorunda qalan ziyalıların senzuradan kənar, yəni azad mühitdə tədqiqat aparmaq imkanlarının olması; Xalqının itirilmiş istiqlaliyyətini bərpa etmək arzusunda olan mühacirət folklorşünaslarının bu mübarizədə folklor örnəklərinə xüsusi önəm vermələri; Sovet sisteminin bütün türkdilli xalqları, o cümlədən azərbaycanlıları öz tarixi soy-köklərindən uzaqlaşdırmaq, nəticə etibarı ilə milli dəyərlərdən təcrid etmə cəhdləri;
Azərbaycan folklor materiallarının toplanması, ümumtürk kontekstində tədqiqi, nəşri, dünya ölkələrində təbliğ edilməsi – bu, çox mühüm məsələ idi. Çünki sovet ideoloji sistemi cidd-cəhdlə türk xalqları arasındakı soy-kök bağlarını qoparmağa, onlara yeni bir tarix uydurmağa çalışırdı.
Mühacirət folklorşünaslığının elmi-nəzəri tədqiqatları bir çox hallarda həmin dövrdə sovet basqısı altında yaranan araşdırmalardan özünəməxsusluğu, obyektivliyi, metodoloji aspekti ilə ciddi şəkildə fərqlənməkdədir. Xalq ədəbiyyatının ayrı-ayrı janrları ilə bağlı sovet senzurasının yasaqladığı bir sıra məsələlərə ilk dəfə mühacirətdə diqqət yetirilib, bu və ya digər şəkildə münasibət bildirilib. Onlardan bir neçəsini xatırlatmağa ehtiyac var.
Hər şeydən əvvəl, Vətəni Quzey və ya Güney parçasına ayırmadan, daha doğrusu, Bütöv Azərbaycan xalq ədəbiyyatının tam şəkildə araşdırılması baxımından mühacirətdə aparılan tədqiqatlar çox böyük əhəmiyyətə malikdir. Bundan əlavə, xalq ədəbiyyatı örnəkləri tarixi köklərinin bağlandığı türk və dünya folklorşünaslığı kontekstində təhlilə cəlb olunub. Keçən əsrin 20-ci illərindən başlayaraq, mühacirətdə qədim türk abidələrindəki ("Orxon-Yenisey", Mahmud Kaşğarlının "Divanü-lüğat-it türk", Seyid Cəmaləddin İbn Mühənnanın "Hilyətül-insan həlbətül-lisan" və s.) folklorla bağlı məsələlər təhlilə cəlb olunub. Həmin illərdə repressiya dəhşətlərinin yaşandığı Azərbaycanda qədim türk mənbələrinin hər hansı bir şəkildə təhlilə cəlb edilməsi imkansız idi.
Qaçaqlıqla bağlı bir çox dastanvari rəvayətlər mühacirətdə sovet Azərbaycanındakı təhlillərdən tam fərqli bir prizmadan – xalqın müstəmləkəçilərə (birbaşa ruslara!) qarşı mübarizəsindən yaranması qənaətlərilə tədqiq edilib. Qaçaq Məhəmməd bəy Kavalerlə bağlı yaranan folklor örnəkləri – rəvayət və şeirlər haqqında isə yalnız mühacirətdə məlumatlar verilib. Azərbaycan və dünya (slavyan, alman, hind və s.) xalqlarının inancları mühacirətdə keçən əsrin 30-cu illərindən öyrənilməyə başlayıb ki, bu da Azərbaycandakı tədqiqatlardan bir xeyli əvvələ təsadüf etməkdədir.
Xalqın azadlıq uğrunda üsyanlarının liderləri Babək, Şeyx Şamil, Cavad xanla bağlı yaranan folklor örnəkləri və onların müəllifləri olan el şairləri ilə bağlı mühacirətdə bir sıra tədqiqatlar aparılıb. Hətta maraqlı bir fakt diqqəti cəlb etməkdədir. Əbdülqadir Süleyman 1932-ci ildə "Azərbaycan yurd bilgi"sində nəşr etdirdiyi "Türk qövmlərinin xalq ədəbiyyatında rus istilasının inikası" adlı tədqiqatında "Cavad xan" dastanının Güney Azərbaycanda iki müxtəlif variantını dinlədiyini bildirməkdədir. "Koroğlu" dastanının Paris nüsxəsilə bağlı mühacirətdə 1933-cü ildə məlumat verilib, həmin əsər Azərbaycana 1989-cu ildə gətirilib, 1997-ci ildə Bakıda nəşr edilib.
Mühacirətdə türk folklorunun müqayisəli təhlili probleminə təxminən 80 il bundan əvvəl diqqət yetirilib. Belə ki, Səlim Rəfiq Rəfioğlunun 1933-1934-cü ildə yazdığı "Azərbaycan və Anadolu hekayələrinin təhlili və müqayisəsi" əsərini görkəmli türk alimi Mehmet Fuad Köprülü məhz müqayisəli folklorşünaslığa bir töhfə kimi yüksək dəyərləndirib. Sovet dövründə bu metodologiyada tədqiqat aparmaq senzura nəzarəti altında mümkün deyildi. Təəssüf ki, yazılmasından 80 il keçməsinə baxmayaraq, hələ də həmin əsər Türkiyənin İstanbul şəhərində Bəyazid Dövlət Kitabxanasında əlyazması şəklində qorunmaqdadır. Mühacirətdə İraq türkmənlərinin – Kərkük folkloru ilə bağlı tədqiqatlar keçən əsrin 50-ci illərindən aparılıb. Məlumdur ki, Azərbaycanda bu işə 60-cı illərdən sonra başlanıb.
Bütün sadalananlarla yanaşı, "Azərbaycan antroponimisinə dair notlar" (1958), "Dədə Qorqud" hekayələrinin antroponim yapısı" (1959), "Türk onomastikasında ay və günəş ünsürləri" (1964), "Türk onomastikasında at kultu" (1965) adlı araşdırmaları ilə Əhməd Cəfəroğlu adlar sisteminə (onomastik vahidlərə) folklorşünaslıq elminin mövqeyindən yanaşma metodunun əsasını qoyub. Həmçinin İren xanım Melikoff bəzi dastan qəhrəmanlarının adlarının əbcəd hesabı ilə ədəd qarşılığını və həmin sayların müqəddəsliyini müəyyənləşdirib ki, bu təcrübəyə hələ də Azərbaycan folklorşünaslığında təsadüf etmək çətindir. Mühacir aşıqlarla bağlı yenə onlarla eyni taleni yaşayan tədqiqatçılar müəyyən qədər məlumatlar veriblər. Azərbaycanda hələ də bu barədə tədqiqat əsərləri, demək olar ki, yoxdur.
Türk mifoloji düşüncəsi keçən əsrin 30-cu illərindən mühacir ziyalıların tədqiqatlarında araşdırma mövzusuna çevrilib, ilkin ibtidai təsəvvürlərlə yanaşı, etnosun mənəvi dünyası təhlilə cəlb edilib. Bundan əlavə, etnosun ilk dini təsəvvürləri, şamanizm baxışları, musiqi mədəniyyəti, qopuz və onun təsir dairəsi haqqında Ə.Ağaoğlunun, M.Ə.Rəsulzadənin, Ə.Cəfəroğlunun, İ.Melikoffun, B.Həqqinin və başqalarının maraqlı tədqiqatları var. Sovet senzurasının yasaqladığı mövzular olması isə mühacirətdə aparılan bu tədqiqatların dəyərini daha da artırmaqdadır.
Xatırladaq ki, son illərdə türk və o cümlədən Azərbaycan mifoloji sistemilə bağlı çox dəyərli tədqiqatlar aparılıb, onların mühacirətdəki araşdırmalarla müqayisəli təhlilinə ehtiyac var. Mühacirətdə xalq ədəbiyyatına aid materialların nəşrinə xüsusi diqqət yetirilib, həbsxanalarda belə folklor örnəkləri toplanıb, beləliklə, "məhbəs folkloru" silsiləsi yaranıb, Azərbaycanda bu təcrübəyə təsadüf edilmir.
Sovet hakimiyyəti illərində nəinki mühacirətdə yaranan tədqiqatlardan bəhs etmək, hətta onların adlarını xatırlamaq belə böyük narahatlıq yaradıb. Bununla yanaşı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, Ə.Cəfəroğlu, C.Hacıbəyli və başqalarının adları sovet dövrü Azərbaycan mətbuatında ara-sıra səslənib. Lakin təəssüf ki, bu məqalələr çox vaxt onların fəaliyyətinə kölgə salmaq məqsədi daşıyıb, qeyri-obyektiv, sovet senzurasının tələbinə müvafiq olaraq qərəzli tənqid ruhunda yazılıb. Belə ki, Ə.Cəfəroğlunun "Sovetlər Birliyi türkolojisi araşdırmalarında rus kültür üstünlüyü davası" məqaləsi ilə bağlı xüsusi olaraq Azərbaycanda iclaslar təşkil edilib.
Xatırladaq ki, Əhməd Cəfəroğlunun həmin tədqiqatı 1971-ci ildə Münhendə Sovetlər Birliyini Öyrənmə İnstitutunun orqanı olan "Dərgi"də nəşr olunmuşdu. Əhəmiyyətini nəzərə alaraq, "Azərbaycan" (Ankara) dərgisi 1972-ci ildə həmin tədqiqatı yenidən nəşr etmişdi. Mühacirlər yalnız dövlət və kültür istiqlaliyyətinin birlikdə xalqın azadlığına gətirəcəyinə əminliklərini bildiriblər. Əgər bu iki mühüm amil bir-birindən təcrid edilərsə, hürriyyətin tam olmayacağına inanıblar. Onların bu fikrinin doğruluğunu bütün zamanlarda yaranan ədəbi əsərlər sübut edib, çünki bir çox hallarda, o cümlədən yaxın keçmişimizdə – sovet hakimiyyəti illərində dövlət istiqlaliyyətinin olmaması öz təsirini kültür sahəsində də göstərib.
Azərbaycan mühacirət folklorşünasları dünyanın müxtəlif ölkələrində – Almaniya, Amerika, Fransa, İsveç, Polşa, İngiltərə və başqa ölkələrdə, əsasən də qardaş Türkiyədə fəaliyyət göstəriblər.
Azərbaycan mühacirət folklorşünaslığının təxminən XIX əsrin sonlarında yaranmasını qəbul etmək olar və dörd mərhələdə təsnif etmək mümkündür:
I. XIX əsrin sonlarından Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər;
II. 1920-ci il sovet hakimiyyətinin qurulmasından İkinci Dünya müharibəsinə qədər;
III. İkinci Dünya müharibəsi dövrü mühacirəti;
IV. 1978-ci il İran inqilabından və 1991-ci il Azərbaycanın Quzeyinin müstəqilliyinin elan olunmasından sonra.
Mühacirət folklorşünaslığının ən fəal dövrü ikinci və üçüncü mərhələyə – sovet hakimiyyəti illərinə təsadüf etməkdədir. Bunun da əsas səbəbi sovet siyasi sisteminin türk xalqlarına qarşı olan qeyri-obyektiv münasibəti ilə bağlıdır.
Mühacirətdə yaşamaq məcburiyyətində qalan ziyalılar folklorun müxtəlif janrları – inanclar, ovsunlar, əmək nəğmələri, bayatılar, xalq mahnıları, atalar sözləri, tapmacalar, əfsanələr, rəvayətlər, nağıllar, lətifələr, dastanlarla bağlı tədqiqatlar aparıblar.


Almaz Həsənqızı,
filologiya üzrə elmlər doktoru