Alim-general Əli ağa Şıxlinski Ədəbiyyat

Alim-general Əli ağa Şıxlinski

O generallar arasında ən yaxşı hərb alimi, ən məşhur artilleriya generalı idi

1-ci yazı
Fitri istedada malik olan tam artilleriya generalı Əli ağa Şıxlinski bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına ömrünün sonunadək sədaqətlə xidmət edib. Hərbi fəaliyyətində araşdırmalar apardıqda onun bir çox sahələrdə ilkin şəxs olduğunun şahidi oluruq. Yalnız general kimi vəzifəsini bitmiş hesab etməyən bu məşhur sərkərdə həm də hərb elminin görkəmli alim idi. Hələ əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilən "Şıxlinski üçbucağı"ndan təkcə Rusiyada deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin artilleriya məktəblərində dərslik kimi istifadə olunub.
Əli ağa Şıxlinski "Üçbucağı"nda artilleriya tarixində ilk dəfə topların gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib hazırlayıb və topların təkmilləşdirilməsi işinə bir sıra dəyərli yeniliklər gətirib. Hərb elminin mütəxəssisləri bu gün də etiraf edirlər ki, general Şıxlinski qeyri-adi fəaliyyəti ilə fərqlənmiş nadir hərbi mütəxəssislərdəndir. O, yeganə azərbaycanlıdır ki, ilk dəfə Fransanın generallara məxsus fəxri "Legion ordeni" və zabitlərə verilən "Legion xaçı" ilə təltif edilibr. Əli ağa Şıxlinski generallar arasında ən yaxşı hərb alimi, alimlər arasında ən məşhur artilleriya generalı idi.
Arxiv sənədlərindən məlum olur ki, general Əli ağa Şıxlinski 1939-cu ildən sonra alim Heydər Hüseynovla müntəzəm elmi yaradıcılıq əlaqəsi saxlayıb. Respublika Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət Arxivindən aşkar etdiyimiz 1940-cı il 15 iyul tarixli məktub da general tərəfindən alimə ünvanlanıb. İri ölçülü kağızlarda yazılmış iyirmi səhifəlik məktub-müraciətində general Əli ağa Şıxlinski alimə 852 sözün izahını və düzəlişlərini yazıb göndərmişdi. Məktubdan məlum olur ki, 1939-cu ildə Heydər Hüseynovun redaktorluğu ilə nəşr olunmuş "Rusca-azərbaycanca lüğət"i mütaliə etdikdən sonra general bu ağır zəhməti çəkib. General "Qeydləri"nin müqəddiməsində yazır: "Redaksiyanın çağırışına əməl edərək, lüğətdə mənim rast gəldiyim səhvlər haqqında bəzi mülahizələrimi təqdim edirəm. Ümumiyyətlə, lüğət çox gözəldir. Hər bir sözü ayrılıqda deyil, bütün cümlənin ümumi mənasını tərcümə etmək üçün, tərcüməçilərə kömək edəcək frazeologiya xüsusilə yaxşıdır".
Ümumi müddəalarında isə Əli ağa Şıxlinski belə qərara gəlir ki, lüğətin əsas çatışmayan cəhəti onun qısa olmasıdır. "Lüğətdə çox yerdə əsas sözlər buraxılmış, ancaq onların törəmə sözləri verilib. Bizim dilimizi ona yad olan söz düzəltmələrindən təmizləmək lazımdır. Əgər başqa dillərə məxsus sözlərdən istifadə etmək ehtiyacı varsa, onda törəmə sözlər bizim dilimizin qanunlarına uyğun olmalıdır. Bu, hər şeydən əvvəl, isimlərdən sifət əmələ gəlmə hallarına aiddir. Məsələn: a v t o m a t yazmaq olar və yazmaq da lazımdır. Ancaq a v t o m a t i k – olmaz, artıqdır. H ə r b sözü isə dilimizə çoxdan qəbul edilib, onu saxlamaq, h ə r b i sözünü isə atmaq lazımdır. Azərbaycan xalq dilinin zəngin xəzinəsində rus və Avropa sözlərinin qarışığı kimi işlətmək də məqsədəuyğundur. Məsələn: a x ı n t ı (cərəyan), s a x l a n c (ehtiyat), d ö v r ç a ğ d ö n ü m ü (dövr), d ü z g ü (quruluş), b i l g i (nəzəriyyə) və s.".
Təvazökar general məktubunun sonunda yazır: "Əgər Siz təqdim olunmuş materialın heç olmasa kiçik bir hissəsindən istifadə edə bilərsinizsə, onda mən özümü çox xoşbəxt sanaram. Sevinərəm ki, mən də öz balımın kiçik bir damlasını Sizin gözəl arı pətəyinizə əlavə etmişəm".
General Əli ağa Şıxlinskinin bu iradlarını məmnuniyyətlə qəbul edən alim Heydər Hüseynov cavab məktubunda yazır ki, lüğətin gələcək nəşrində sizin elmi zəhmətinizdən mütləq istifadə olunacaq. Alim bunun üçün generala sətir haqqı da göndərib. Akademik Əliheydər Orucov "Əli ağa Şıxlinskinin bir əlyazması haqqında" adlı məqaləsində haqlı olaraq belə qənaətə gəlir ki, generalın alim Heydər Hüseynova göndərdiyi "Qeydlər"i lüğətçilik, xüsusən də termin yaradıcılığı baxımından çox faydalıdır. İndiyə qədər hərbi mütəxəssis kimi tanınan Əli ağa Şıxlinskinin dil, lüğətçilik, terminologiya məsələlərilə maraqlanması faktının özü səciyyəvi haldır.
General Əli ağa Şıxlinski lüğətçiliklə 1940-cı ildənmi məşğul olmağa başlayıb? Xeyr! Onun şəxsi arxivində mühafizə olunan "Zabitin dəftəri"ndəki qeydlərindən məlum olur ki, o, hələ gənc zabit ikən hərb elmi ilə, dilçilik və hərbi lüğətlə, terminologiya ilə maraqlanıb və bu sahədə gərgin axtarışlar aparıb. Uzun illər – 1879-cu ildən 1917-ci ilədək həyatının çox hissəsini Azərbaycandan uzaqlarda, yüksək hərbi dairələrdə, özgə məmləkətdə və başqa dil mühitində yaşamasına baxmayaraq, general milli varlığını, ana dilini qoruyub saxlaya bilib. Orada Azərbaycan dilində mətbuatın və nəşriyyatın olmaması üzündən "Rusca-türkcə qısa hərbi lüğət"ini 1926-cı ildə Bakıda üç əlifbada – rus, ərəb və latın əlifbası ilə nəşr etdirə bilib. Bununla da ilk dəfə Azərbaycanda hərbi lüğətin yaradıcısı olub. Məhz bu əvəzsiz xidmətinə görə general Əli ağa Şıxlinski SSRİ Hərbi İnqilab Şurasının 1928-ci il 23 fevral tarixli qərarı ilə Fəxri Fərmanla təltif olunub. Şıxlinskinin lüğəti hərbi nizamnamələrin, hərbi elmi ədəbiyyatın Azərbaycan dilinə tərcümə olunmasında böyük əhəmiyyət kəsb edib. Eyni zamanda hərbi məktəblərdə, yenicə yaranmış orduda xidmət edən azərbaycanlı əsgər və zabitlər bu lüğətdən qiymətli vəsait kimi istifadə ediblər. Həmin kitabın elmi terminoloji əhəmiyyətini maraqlı faktlarla araşdıran filologiya elmləri namizədi A.Hacıyeva yazır: "Əli ağa Şıxlinskinin lüğəti geniş dil materialının dərin təhlilinin nəticəsi idi.
Azərbaycan dilinin lüğət tərkibini geniş əhatə etməsi xalq dilinə məxsus söz və ifadələrdən yerli-yerində, səmərəli istifadə olunması, bir çox unudulmuş və az işlənən sözlərə yenidən ter¬min kimi həyat vəsiqəsi verilməsi baxımından Ə.Şıxlinski lüğəti o dövrdə nəşr edilən lüğətlərin hamısından fərqlənir. … Azərbaycan dilində hərbi terminologiyanın olmaması bu işdə böyük çətinlik törədirdi. Əli ağa Şıxlinskinin lüğətinin nəşri ilə həmin çətinlik, demək olar ki, aradan qaldırıldı".
General Şıxlinskinin 1926-cı ildə nəşr etdirdiyi 280 səhifəlik "Rusca-türkcə qısa hərbi lüğət" elmi əsəri xüsusi dəyərə malikdir. Həmin lüğətin misilsiz elmi əhəmiyyətindən danışan görkəmli filosof-alim Heydər Hüseynov yazır: "...Kitabın əvvəlində general Əli ağa Şıxlinski lüğət tərtib edərkən yeddi əsas qəbul etdiyini göstərir: 1) Yad sözlərin yerinə bacardıqca, türk-Azərbaycan sözləri qoyulub. 2) El arasında işlənən türkləşmiş ərəb və fars sözləri buraxılmayıb: bu dürlü sözlər, onlar elə birmənalı türk sözlərinin yanında dırnaqlar arasında yazılıb; məsələn: ç a ğ (vaxt, zaman). 3) Türkcəyə qarışmış bəzi ərəb sözləri türkcə deyilişinə uyğun yazılıbdır; məsələn: q a l a (qələ yerinə), s a h a t (saət yerinə). 4) Kökləri ərəbcədən olan sözlərin deyilişləri türkcəyə uyğunlaşdırılıb; məsələn, v ə q t l ə r, t ə b i b l ə r, v ə z i f ə l i (evqat, ətibba, müəzzəf yerinə) və sairə…"
Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Əliheydər Orucovun "Ə.Şıxlinskinin bir əlyazması haqqında" məqaləsindən: "Yaşının ötməsinə, səhhətinin pozulmasına baxmayaraq, ge¬neral Əli ağa Şıxlinski həyatının son günlərinə qədər dilimizin vəziyyəti, terminologiya, orfoqrafiya, lüğətçilik məsələləri ilə maraqlanırdı. Onu tez-tez Lüğətlər İnstitutunda, həmin institu¬tun direktoru Heydər Hüseynovun yanında görmək olardı. Heydər Hüseynov Əli ağa Şıxlinskiyə dərin hörmət və həssas münasibət bəslərdi. İnstitutun hazırladığı lüğətlərlə onu tanış edər və bu barədə fikrini bilmək istərdi. Onun 1940-cı ildə aka¬demik Heydər Hüseynova 49 səhifədən ibarət göndərdiyi "Qeydlər"dən göründüyü kimi, ana dili ilə bərabər, klassik ədəbiyyatımızı, xüsusən, folklorumuzu çox gözəl bilirmiş. Əli ağa Şıxlinski indi ədəbi dildə işlənməyən, buna görə də müasir lüğətlərə düşməmiş, amma bəzi dialekt və şivələrimizdə işlənməkdə davam edən sözləri yada salmaqla onların yazılı dilə (lüğətlərə) keçirilməsini məqsədəuyğun hesab edir. Bu baxımdan onun özünün yeni söz və formalar yaratmaq təşəbbüsü təqdirəlayiqdir. Bugünkü şəraitdə daha böyük əhəmiyyət qazanmış bu məsələ, görünür, hələ o zaman Əli ağa Şıxlinskini düºündürmüº və fürsətdən istifadə edərək, yazdığı "Qeydlər" vasitəsilə fikrini lüğətçilərin nəzərinə çatdırıb".
O vaxtdan illər keçdi. General Əli ağa Şıxlinskinin ilk vəsait olan hərbi lüğəti bir daha işıq üzü görmədi. Totalitar sovet rejimi azərbaycanlı generalın elmindən bəhrələnməyi öz millətinə ya¬saq etdi. Az tirajla nəşr olunmuş bu kitabın nadir nüsxələri qalıb. Bu gün zaman, dövr dəyişib. Yeni yaranan ordumuz üçün həmin lüğətin əhəmiyyəti, şübhəsiz ki, əvəzsiz olardı. Ona görə də nəşriyyatlarımız böyük hərb alimi Şıxlinskinin lüğətinin yeni nəşri barədə təşəbbüs göstərməlidir.
Əlli ildən çox nizami orduda qüsursuz xidmət edən Əli ağa Şıxlinski həmişə birincilər sırasında olub. O, beş müharibənin şahidi, dördüncünün iştirakçısı olub: 1900-1901-ci illərdə Çin hərbi yürüşündə (tarixə "Boksyor üsyanı" kimi düşüb), 1904-1905-ci illərdə Port-Artur, 1914-cü il Cahan müharibəsində, 1918-1920-ci illərdə isə torpaqlarımızın bütövlüyü uğrunda daşnak Ermənistanına qarşı döyüşüb. Böyük Vətən müharibəsinin şahidi olan qoca general yenə də fəaliyyətini dayandırmayıb. O, "Xatirələrim" kimi qiymətli hərbi memuarını diktə edib yazdırıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. İnqilabdan əvvəl və inqilabdan sonrakı dövrlərlə məşğul olan hərb elminin elə bir alimi yoxdur ki, həmin kitabdan qidalanmasın, bir qiymətli mənbə kimi ondan istifadə etməsin.
Görkəmli sərkərdə Əli ağa Şıxlinskinin xalqımız üçün ən böyük xidmətlərindən biri də 1917-ci ilin noyabrında olub. Həmin ayın on beşində Qafqaza qayıdan Şıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaradıb. Bununla da o, Milli Azərbaycan Ordusunun təməl daşını qoyub. Bu barədə general "Xatirələrim" hərbi memuarında daha dəqiq məlumat verir: "Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus komandanlığı həvalə olduğu barədə əmri oxudum. Öz xalqımın, baş verə biləcək xarici təzyiqlərdən və daxili qarışıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə korpus təşkil etməyi qət edib, Tiflisdə öz qərargahımı düzəltməyə başladım…
Şəmistan Nəzirli
araşdırmaçı