Fətəli Xan Xoyski Ədəbiyyat

Fətəli Xan Xoyski

Azərbaycanın müstəqillik elanını dünyanın əsas siyasi mərkəzlərinə radioqramla göndərmək şərəfi ona nəsib olmuşdu



1-ci yazı

Azərbaycan xalqının milli oyanışında, milli özünüdərkində rolu olmuş şəxsiyyətlərin əksəriyyəti Rusiyanın, Avropanın ali məktəblərində təhsil almış insanlar idi. Onların təhsil aldıqları yad ölkələrdə həmyerlilər cəmiyyətləri təsis etməsindən başlamış, milli mətbuatın yaradılması, milli teatrın inkişafı üçün gördükləri işlərin böyük əhəmiyyəti var. Əksəriyyəti, ilk təhsillərini ruhani məktəblərində almış bu insanların Şərq tarixinə, ədəbiyyatına, mədəniyyətinə, islam dininə bələdliyi sonradan mənimsədikləri Avropa mədəniyyəti, düşüncəsi ilə vəhdət təşkil edib. Milli-mənəvi zəmindən başlayaraq təhsil görmüş şəxsiyyətlərin milli tərəqqi, milli istiqlal uğrunda apardığı mübarizəyə töhfəsini vermiş Fətəli xan Xoyski klassik gimnaziya, sonradan isə Moskva Universitetində professional hüquq təhsili alıb. Onun dünyagörüşünün formalaşmasına Gəncə mühiti, həmçinin peşəkar fəaliyyəti ilə bağlı rəsmi qurumların qeyri-rus, qeyri-xristian xalqlara ayrı-seçkilik münasibəti ciddi təsir göstərib. Milli fikir mərkəzi Gəncədə maarifçiliyin, xeyriyyəçiliyin rolu nə qədər önəmli olmuşdusa, Yelizavetpol (Gəncə), Kutaisi (Suxumi, Yekaterinodar, Tiflis) məhkəmələrində qazandığı təcrübə də bir o qədər səmərəli oldu. Ədliyyə sisteminin fərqli səviyyələrində sırf peşəsi üzrə çalışmış Fətəli xan Xoyskinin siyasi, dövlətçilik bioqrafiyasında ikinci Dövlət Dumasının deputatı kimi fəaliyyəti xüsusi mərhələ təşkil edir. Fətəli xan Xoyskinin bioqrafiyasını məzmununa görə iki mərhələyə bölmək olar: milli-istiqlal hərəkatında iştirakına qədərki və iştirak dövrü. Birinci dövrü mərhələlərlə səciyyələndirsək, 3 məzmunda təsnif etmək olar: təhsil illəri, peşəkar fəaliyyət dövrü və Dövlət Dumasında deputatlığı. Deputatlıq dövrü uzun sürməsə də, Fətəli xanın sonrakı peşə fəaliyyətində və istiqlalçılıq, dövlətçilik xidmətlərində təsirə malik bir təcrübə olmuşdu. Eyni zamanda, bir hüquqşünas kimi, F.Xoyskinin peşə təcrübəsi deputat mandatını Müsəlman fraksiyasının üzvü kimi doğrultmağa yararlı oldu. Hökumətin yeritdiyi ayrı-seçkilik və köçürmə siyasətinə qarşı sərt çıxışlar edən Fətəli xana Dumaya seçildikdən iki həftə keçmiş, artıq "Müsəlman parlament qrupu" adından fikir bildirmək səlahiyyəti həvalə olunmuşdu. F.Xoyski 1907-ci il aprelin 2-də Dövlət Dumasındakı ilk geniş nitqində bildirirdi ki, "rus dövlətinin ümumi əhalisinin 20 milyondan çoxunu təşkil edən müsəlmanlar" da aqrar məsələnin həllini səbirsizliklə gözləyirlər. O, dövlətin köçürmə siyasətinin mahiyyətini ifşa edərək, ruslaşdırma siyasətinin fəsadlarını göstərmişdi. "Müsəlman qrupunun nöqteyi-nəzərincə, köçürmənin torpaq məsələsinin son həllinədək dayandırılmalı olduğunu", Zaqafqaziyanın şərq hissəsində, yaxud Türküstanda" su məsələsinin ən zəruri, həyati məsələsi olduğunu, maldarlıqla məşğul olanlar üçün torpaq sahəsinin genişləndirilməsinin vacibliyini bəyan etmişdi. Fətəli xan Yelizavetpol general-qubernatorunun şəhər əhalisinə qarşı qeyri-qanuni hərəkətlərini tənqid etmiş, ikinci Dövlət Dumasının buraxılmasından 4 gün əvvəl, 1907-ci il mayın 29-da geniş məzmunlu çıxışında yerli məhkəmələrin yenidən təşkili haqqında qanun layihəsi ilə bağlı ciddi iradlarını bildirmişdi: "Biz, ucqarların əhalisi üçün, həmişə aydın idi ki, bizim bürokratik əsaslarda təşkil olunmuş hökumətimiz həmişə ucqarları nəzərə almayıb: o, (hökumət - F.Ə.) ucqarlara istismar obyekti kimi baxıb. Yerli özünüidarə orqanları olmadığı üçün ucqarlarda barışdırıcı hakim seçkilərinin keçirilə bilməməsi müddəasına qarşı Fətəli xan hüquqi və məntiqi cəhətdən əsaslandırılmış dəlillərlə çıxış edib. Yeni vergilər imperiyanın hər yerində eyni vaxtda tətbiq edildiyi, hətta ucqarlara mərkəzi quberniyalara nisbətən daha artıq vergi qoyulduğu halda, xeyirli, faydalı islahatlar olunca hökumətin ucqarların hələ gözləyə biləcəyi qənaətindən yanaşması Xoyskini hiddətləndirib. Ucqarlarda yerli məhkəmə seçkilərinə qoyulan məhdudlaşdırmalara etiraz səsini ucaldan Fətəli xan rəsmi mövqeyini yazılı surətdə də təsbit edib: "Milli və dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məhdudlaşdıran qanunların ləğvinə dair Dövlət Dumasına təqdim edilmiş qanun layihəsini imzalayan 173 deputatdan biri" olub. Fətəli xanın bioqrafiyasında parlaq səhifələrdən biri onun Bakı Şəhər Dumasının sədri seçilməsidir. 10 mindən çox səs almış müsəlman blokunu təmsil edən şəxs kimi dumanın sədri seçilməsi şəxsiyyət göstəricisi kimi yüksək meyardır. Cümhuriyyət xadimlərinin Gəncə və Bakı qanadlarının təsiri faktorunu təhlil edərkən nəzərə alınmalı məqamdır ki, Gəncənin paytaxt rol oynamadığı, Gəncə ictimai-siyasi
mühitinin güclü təsir göstərmədiyi şəraitdə, kifayət qədər potensialı və iddiaları olan Bakı müsəlman qüvvələri içərisindən məhz Fətəli xan Xoyski Bakı Şəhər Dumasının sədri seçilə bildi. Fətəli xanın liderlik qabiliyyəti kimi dəyərləndirmək olar ki, onun rəhbərlik etdiyi dövrdə Bakı Şəhər Duması, hakimiyyəti kütləvi, amansız qırğınlar yolu ilə ələ keçirməyə nail olan Bakı Sovetinin yeganə rəqibi olmuşdu. Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan 1918-ci ilin mayında V.Leninə göndərdiyi teleqramda "xain" adlandırdığı "Xoyskilərə" qarşı əldə silah mübarizə aparacaqlarını yazırdı. Seymdəki fəaliyyəti F.Xoyskinin fəal, qətiyyətli, çevik, konkret, realist və praktik məzmunlu keyfiyyətlərini göstərməyə imkan verdi. Qeyri-müəyyənliyin rəsmi bioqrafiyasında yer almadığı Fətəli xan menşeviklərin dəyişkən mövqeyindən xüsusi narahatlıq keçirmiş, Zaqafqaziyanın müstəqilliyinin bəyan ediləcəyi təqdirdə sərhədlərinin göstərilməsində israr etmişdi. Müstəqil Zaqafqaziya Federativ Respublikası elan olunduqda, aprelin 26-da təşkil olunmuş hökumət tərkibində F.X.Xoyski xalq maarifi naziri vəzifəsini tutur. Qısamüddətli fəaliyyəti dövründə Fətəli xan Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş, sonralar Azərbaycan Cümhuriyyəti dövründə Bakıda universitetin açılmasında mühüm rol oynamışdı. Bakı Dövlət Universitetinin ilk rektoru olmuş professor V.İ.Razumovski həmin dövrü xatırlayarkən yazmışdı: "…Qafqaz Zaqafqaziya Respublikası kimi Rusiyadan ayrıldı və gürcülərdən, ermənilərdən və türklərdən ibarət qarışıq hökumət təşkil edildi. Xalq maarifi naziri bakılı Xoyski idi. Biz Tiflisdə "rus universiteti"nin təşkili üçün apardığımız işdən istifadə etməyi həmin hökumətə təklif etdik. Nazir (Xoyski) bizi dinlədi, Qafqazda rus universitetinin təsis edilməsinə rəğbətini bildirdi, lakin əlavə edib dedi: "Bəs niyə Tiflisdə? Tiflisdə Politexnikum var, indi də gürcü universiteti… Bəlkə universiteti Bakıda açmaq daha düzgün olardı?" O, bizim məlumat məktubumuzu nəzərdən keçirmək üçün götürdü və bizim məqsədimiz barədə Nazirlər Şurasına məlumat verəcəyini vəd etdi". Lakin bu məsələ ilə məşğul olmağa hökumət imkan tapmadı. Bakı və Yelizavetpol quberniyalarında vəziyyətin daha da kəskinləşməsi Müsəlman fraksiyasının mayın 6-da keçirilən iclasında müzakirə olundu. Fətəli xan həmin iclasda Seym üzvü olmaqdan öncə, Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının üzvü kimi iştirak edirdi. Növbədənkənar bəyanatla çıxış edən Fətəli Xan "Daşnaksütyun" partiyasının Seym fraksiyasının nümayəndələrinin Bakı ilə bağlı şərtlərini "həyasız təklif" adlandırmış, daşnaklara bir sıra şərtlər qoymağı təklif etmişdir: "Bakıda hakimiyyəti müsəlmanlara vermək, bu hakimiyyəti müdafiə etmək üçün müsəlman hərbi hissələrini Bakıya yeritmək və tərksilah edilmiş erməni hərbi hissələrini oradan çıxartmaq". F.Xoyskinin təklifi yekdilliklə qəbul olunmuşdu. Cənubi Qafqazda siyasi vəziyyətin kəskin dəyişilməsi ilə əlaqədar Zaqafqaziya Mərkəzi Müsəlman Şurasının mayın 16-da çağırılmış iclasında Batuma göndəriləcək əlavə nümayəndə heyətinin tərkibinə F.X.Xoyskinin də qatılması təklif olunur. Seymin bütün müsəlman fraksiyalarının mayın 25-də keçirilən axşam iclasında artıq F.Xoyski iştirak edirdi. Mayın sonuncu həftəsi ərzində keçirilmiş Müsəlman fraksiyası və Milli Şura iclaslarında Fətəli Xan xüsusi məsuliyyəti ilə seçilir. Azərbaycan xalqının müqəddəratının həlli ilə bağlı qərarların legitimləşdirilməsində F.X.Xoyskinin mühüm rolu olmuşdu. Həmin qərarların müəyyənləşdirilməsi, qəbul edilməsi Batumdakı nümayəndələr də daxil olmaqla Müsəlman Fraksiyasının üzvləri tərəfindən həyata keçirilmişdisə də, amma qərarların qəbulu ilə bağlı Seym rəhbərliyi ilə müzakirələrin aparılması Fətəli xana həvalə olunmuşdu. Bu baxımdan Seymin müsəlman fraksiyasının 25 may tarixli axşam iclası Fətəli xanın üstün aktivliyi ilə müşayiət olunmuşdu. İclasa sədrlik edən Fətəli xana Seymin sədri Çxeidze ilə sabahkı – 26 may tarixli iclasın məsələlərini aydınlaşdırmaq və birbaşa xətlə Batumdakı azərbaycanlı nümayəndələrlə təcili danışıqlar aparmaq tapşırılmışdı. Üzərinə düşən vəzifəni yerinə yetirən Fətəli xan Seymin sədrinə, gürcü liderlərinə bildirmişdi ki, Gürcüstanın müstəqilliyi bəyan ediləcəyi təqdirdə Azərbaycan türkləri də müvafiq qərar qəbul edəcəklər. Bu, Seymin Müsəlman fraksiyasının sonuncu iclası idi. Mayın 27-də fövqəladə iclasa sabiq Seym üzvləri kimi toplaşan müsəlmanlar – azərbaycanlılar xalq adına taleyuklü qərar qəbul etməli idilər. Zaqafqaziya Seyminin bütün sabiq müsəlman üzvləri özünü Zaqafqaziya Müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etdi. İcraedici quruma yekdilliklə sədr seçilən Fətəli xan Xoyskinin bioqrafiyasında yeni səhifə açdı. Azərbaycanın müstəqil elan edilməsində təmkinli mövqe tutaraq dövlətlərlə sülh danışıqları aparmaq üçün tamhüquqlu hökumət təşkil etməyin tərəfdarı olmuşdu. Hərtərəfli, fəal müzakirədən sonra Azərbaycanın müstəqil demokratik respublika elan olunması haqqında "İstiqlaliyyət Aktı" bəyan edilir və hökumətin təşkili F.X.Xoyskiyə tapşırıldı. Bir saatlıq fasilədən sonra Fətəli xan hökumətin təşkili haqqında məruzə ilə çıxış edir. Azərbaycanın istiqlalı haqqında əqdə imza atan, ilk, ümumilikdə isə ardıcıl olaraq 3 hökumətə sədrlik edən Fətəli xan Xoyskinin dövlətçilik fəaliyyətinin məzmunu məhv edilmiş Azərbaycan dövlətçiliyinin bir əsrdən sonra bərpası, həm də müsəlman Şərqində – türk aləmində ilk respublika kimi qurulması prosesinin salnaməsini təşkil edir. Birinci müvəqqəti hökumət kabinəsində "rəisi vükalə və daxiliyyə naziri" olan Fətəli xan ərazisi işğal altında olan, ordusu, maliyyəsi, paytaxtı əlində olmayan, yad torpaqda elan edilmiş bir dövlətin hökumət başçısı oldu. Hətta Azərbaycanın müstəqilliyinin elan olunması haqqında teleqramı belə Tiflisdən göndərmək çətinliyi çəkən Baş nazir teleqramın rus və fransız dillərində mətnlərini xarici işlər naziri M.H.Hacınskiyə göndərmişdi ki, Batumdan radio ilə birbaşa xətlə İstanbula, oradan da digər yerlərə xəbər versin.
Azərbaycanın müstəqil respublika elan olunması haqqında dünyanın əsas siyasi mərkəzlərinə 30 may 1918-ci ildə radioqram göndərmək şərəfi hökumət başçısı F.X.Xoyskiyə nəsib olmuşdu. Hökumət, müvəqqəti yerləşəcəyi Gəncə şəhərinə köçən kimi ciddi böhranla qarşılaşdı. Azərbaycan dövlətçiliyi zərbə altında idi. Milli Şuranın 17 iyun tarixli qapalı iclasında Fətəli xan çıxış edərək kabinetinin istefa verdiyini bildirmişdi, lakin Milli Şura hökumətin təşkilini yenidən ona tapşırmışdı. "Ölkənin hökumətsiz qala bilməyəcəyi" qənaətilə F.Xoyski yeni hökumət təşkil etdi. Baş nazir vəzifəsi ilə yanaşı, o, ikinci kabinetdə ədliyyə naziri vəzifəsini tutmuşdu.



Firdovsiyyə Əhmədova
tarix üzrə fəlsəfə doktoru