XIX-XX əsrin əvvəllərində ədəbi hərəkat Ədəbiyyat

XIX-XX əsrin əvvəllərində ədəbi hərəkat

2-ci yazı
Artıq Tənzimat fərmanından sonra Türkiyədə bir-birinin ardınca "Cərideyi-havadis" (1840), "Tərcümani-əhval" (1860), "Təsviri-əfkar" (1862), "Müxbir" (1867), "Hürriyyət" (1868), "İbrət" (1871), "Tərcü- mani-həqiqət" (1878) qəzetləri və "Məcmuəyi-fünun" (1862), "Məlumat" (1893) və s. jurnalları çap olunmağa başladı. Əsasən, bu qəzet və jurnallar Tənzimat hərəkatının cücərtiləri olduğundan daha çox Avropadan təsirlənir, Avropa mədəniyyəti ilə bağlı yazılara daha çox yer verilirdi. Ancaq proseslərin ilk dövrlərində N.S.Banarlının dediyi kimi Avropa təsiri bir "baskı" şəklində özünü göstərirdi. Bu baskı, sanki Şərqdə heç nə yoxmuş kimi hər nəyi yenidən başlamaq şəklində fəaliyyətini davam etdirmək istəyirdi. Əlbəttə, bunu Avropa marağı tələb edirdi. Ancaq minillər boyu mədəniyyət abidələri ilə öyünən Şərq tarixə bəzək olmağı ilə fəxr etmiş, yeri gəldikcə dünya mədəniyyətinə təsiri ilə fərqlənmişdi. Fəlsəfə, nücum, riyaziyyat və s. elmlərin inkişafında Şərq payının böyüklüyü inkar edilə bilinməyən faktlardandır. Bizə elə gəlir ki, Hegelin aşağıdakı fikirləri mübahisə predmeti ola bilməz: "Asiyada ruh şölələndi və bununla da dünya tarixi başlandı".
Şərq və eyni zamanda onun tərkibi olan türk fəlsəfi-mədəni tarixinə nəzər saldıqda görürük ki, məhz qədim və orta əsrlərdə yaşayıb-yaratmış İbn-Ərəbi, Cəlalədin Rumi, Əbu Hənifə, Qəzali, Fəxrəddin Razi, İbn-Sina, N.Tusi, Ö.Xəyyam, M.Uluğbəy, Söhrəverdi və s. kimi şəxsiyyətlər Şərq elminin inkişafında böyük xidmətlər göstərmişlər. Lakin Şərqin istər siyasi, istər iqtisadi, istər elmi-mədəni ənənələri olsa da, XIX əsrdə Avropa bu ənənələri qabaqlayaraq bütün sahələrdə özünü dünya üçün model anlamında qəbul etdirə bildi. Əbu Turxanın sözləri ilə desək: "Bu gün Şərq özünün dərin ginetik qatlarında uyuyan böyük ruhani gücün qayıdışına nail olmaq üçün Qərbin köməyinə ehtiyac hiss edir". Tənzimat qanunlarına uyğun "avropalaşmaq ehtiyacının" səbəblərinin bu istiqamətində bir həqiqət var. Lakin bu da bir həqiqətdir ki, Qərb aparıcı dövlətlərinin marağı dairəsində 1856-cı ildə Osmanlı dövlətinin qəbul etdiyi İslahat fərmanı bir növ Avropanın Osmanlıya (geniş mənada Şərqə) özünü diqtəsi, eyni zamanda Osmanlının təzyiqlərə dözməyərək Avropa qarşısından qeri çəkilməsi idi.
Tənzimat ədəbiyyatı dövründə ədəbiyyat yeni problemlərlə qarşılaşmış və tamamilə yeni bir səpkidə inkişaf etmişdi. Bu dövrdə əski türk ədəbiyyatı ilə yeni türk ədəbiyyatı arasında böyük bir mübarizə başlamışdı. Birinci tərəf ədəbi meydandan çıxmamaq, ikinci tərəf isə qalib gələrək öz mövqelərini möhkəmləndirmək məqsədi güdürdü. Tənzimat ədəbiyyatının əsas təəssübkeşləri yeni ədəbiyyatı tam müdafiə etməklə yanaşı, klassik ədəbiyyatın da müəyyən xüsusiyyətlərinə olan maraqlarını gizlətmirdilər. Şinasi, Ziya Paşa, Namiq Kamal, R.Əkrəm, Ə.Hamid və s. sənətkarlar əski ədəbiyyatın dil, forma və s. cəhətlərinə hörmətlə yanaşır, hətta onu müdafiə edirdilər. Türk ədəbiyyat tarixçiləri bu cəhəti həmin sənətkarların formalaşdıqları klassik şeir zövqü və ma¬rağının təsiri, eyni zamanda bu ədəbiyyatın onların nəzərində böyük və gözəl olması qiyməti ilə bağlayırdılar.
XIX əsrin II yarısında yaranmış Tənzimat ədəbiyyatının forma, mövzu və ideya baxımından formalaşmasında dövrü mətbuatda çap olunan məqalələrin böyük təsiri olmuşdu. İ.Şinasi, N.Kamal, Ziya Paşa, R.Əkrəm və digər tənzimatçıların ədəbiyyatla bağlı dövrü mətbuatda çap etdirdikləri məqalələr yeni ədəbiyyata dair fikir formalaşdırmaqda əhəmiyyət kəsb edirdi.İ.Şinasinin "Cərideyi-havadis" və "Təsviri-əfkar"da dil və sənət barədə görüşləri yeni nəzəri fikir tarixində xüsusi maraq doğururdu.
N.Kamalın "Təsviri-əfkar" qəzetində "Lisani Osmaninin ədəbiyyatı haqqında bəzi mülahizatı şamildir", Ziya Paşanın "Hürriyyət" qəzetində "Şeir və inşa" məqalələrində ədəbiyyatın yeni istiqamətləri, ənənə və novatorluq məsələləri müzakirə obyektinə çevrilirdi. Tənzimat ədəbiyyatın yaranması ilə Türkiyədə poeziya, nəsr və dramaturgiya yeni inkişaf mərhələsinə qədəm qoydu. XIX əsrin birinci yarısının sonlarında yazılmış "Vaqiəyi Acibe və Havadisi qəribeyi kefşgər Əhməd" və Xeyrulla Əfəndinin "Hekayeyi-İbrahim Paşa be-İb- rahim Gülşəni" (1844) adlı dram nümunələri olsa da, İ.Şinasinin 1859- cu ildə yazdığı, lakin 1860-cı ildə "Tərcümani-əhval" qəzetində dərc etdirdiyi "Şair evlənməsi" əsəri avropasayağı ilk dram sayılırdı. Qeyd etmək lazımdır ki, M.F.Axundov Azərbaycan ədəbiyyatında yeni tipli komediyanın əsasını İ.Şinasidən 9 il əvvəl qoymuşdu.
N.Kamalın "Vətən, yaxud Silistrə", "Gülnihal", "Akif bəy", "Cəlaləddin Xarəzmşah", R.Əkrəmin "Vüslət, yaxud sürəksiz sevinc", "Atala yaxud, Amerika vəhşiləri", "Çox bilən çox yanılar", Ə.Hamidin "Macəraye-eşq", "Səbrü-səbat", "Hind qızı", "Nesteren", "Əşbər" və s. dram əsərlərində müəyyən orijinallıqlar olsa da, Fransa teatr ənənələrinin, məxsusi olaraq Molyer və Kornel təsirini açıqca görmək mümkündür. Məsələn, İ.Şinasinin "Şair evlənməsi" komediyası xarakter yaratmaq, hadisələrə sosial dəyər vermək, obrazların mənsub olduqları zümrənin dili ilə danışmaq, həm həqiqətin, həm də gülüş obyekti ol¬mağın bu ifadələrlə tamaşaçıya çatdırılması və s. cəhətlərdən Molyer komediya tiplərinə uyğun gəlir.
Tənzimat ədəbiyyatının tələb və ölçüləri nəsrin janr imkanlarının genişlənməsində əhəmiyyətli rol oynayırdı. İlk baxımdan nəsrin xarakter yaratmaqda ənənəvi poeziya ilə müqayisədə üstünlükləri bu janrın ədəbiyyata gəlişinə həm ehtiyac yaratdı,həm də güclü təkan verdi. Türkiyədə nəsrin inkişafına Qərb nümunələri tərcümələrinin böyük təsiri oldu. 1864-cu ildə "Cərideyi-havadis"də V.Hüqonun "Səfillər", daha sonra D.Defonun "Robinzon Kruzo", Teodor Kasarın "Monte Kristo", Lesagenin "Topal şeytan" və s. əsərlərin Osmanlı türkcəsinə tərcüməsi Tənzimat ədəbiyyatında nəsrin yeni tələblər daxilində formalaşmasına güclü təsir göstərdi. Türkiyə ədəbiyyatında Avropa təsirli ilk nəsr əsəri Əhməd Midhət Əfəndinin 1870-ci ildə yazdığı "Lətaifi-rəvayət"lə başlamışdır. Bu istiqamətdə ikinci əsər isə Emin Nihadın 1873-cü ildə qələmə aldığı "Müsamərətnamə" hesab edilir. Qeyd edək ki, Əhməd Midhət Əfəndinin "Yeniçərlər" romanı ilk tarixi roman kimi qiymətləndirilir.
Avropanın nəsr ənənəsinin Türkiyə ədəbiyyatına təsirini Namiq Kamalın "İntibah" (1876), "Cəzmi" (1880), Recaizadə Əkrəmin "Araba sevdası" (1889), Sami Paşazadənin "Kiçik şeylər" (1890), Xalid Ziyanın "Nemidə" (1889) və s. əsərlərində də görmək mümkündür. Ancaq adı çəkilən Tənzimat yazarlarının yaradıcılığında Qərb təsiri müşahidə edilsə də, onların əsərlərində milli özünəməxsusluğun da olduğu aydın görünürdü. Qeyd edək ki, bu sənətkarlar forma, məzmun, metod və s. baxımdan müxtəlif qruplara bölünürdülər. Məsələn, Namiq Kamal, Recaizadə Əkrəm, Sami Paşazadə Sezai öz əsərlərində daha çox ziyalı təbəqəni seçirdisə, Əhməd Midhət Əfəndi, Şəmsəddin Şami, Nəbizadə Nazim sadə kütləyə səslənirdi.
Tənzimat dönəmində Qərbin daha böyük təsiri poeziyada hiss olunurdu. İlk növbədə nəzərə almalıyıq ki, Şərqdə poeziyanın həm tarixi qədim idi, həm də ənənələri güclü idi. XIX əsrə qədər Şərq-Türk poeziyası keçdiyi çoxəsrlik tarixi yolda Nizami, Xaqani, C.Rumi, Y.İmrə, Nəsimi, Füzuli, Fəraqi və s. şəxsiyyətləri ilə fəxr etmişdir. Lakin divan şeir ənənəsinin Avropa şeir ənənəsi ilə əvəzlənməsini şərtləndirən Tənzimat dönəmində böyük ənənəsi olan bu poeziya istər-istəməz Qərb şeirindən çox şeyləri əxz etmək məcburiyyətində qaldı. Şinasi ilə başlayan, Ziya Paşa ilə möhkəmlənən, N.Kamal ilə dərinləşən Qərb şeir ənənəsi Türkiyə poeziyasında yeni forma və yeni mövzuların tətbiqini zəruri etdi.
Tənzimat dönəmində əski şeirlə yeni şeirə münasibət daxilində mü¬bahisələr genişlənir. Tənzimat ədəbiyyatında şeirdə ictimai varlıq və ictimai təfəkkür birinci sırada dayanırdı. Əski şeirdə özünü göstərən həyəcan indi "millət üçün duyulan və ya duyulmağa çalışan faydalı və inqilabçı həyəcana" çevrilirdi. Yeni şeir "çılpaq təbiət gözəllikləri qarşısında duyğulanan, fərd və cəmiyyət daxilində insan macəralarıyla bağlanan, fəlsəfi misralarla əks etdirilən" nümunələr şəklində təzahürünü tapırdı. Ziya Paşa "Şeir və inşa" və "Xatirat" məqalələrində, Namiq Kamal "Təhribi-xarabat" və "Lisani Osmaninin ədəbiyyatı haqqında" yazılarında, Recaizadə Əkrəm "Təlimi-ədəbiyyat"ın ön sözündə divan şeiri ilə yeni şeirə olan münasibətlərini açıqlayırdılar. Tənzimat şeirində ilk dəyişiklik şeirin şəkil dəyişikliyi hesab olunur. Artıq bu dövrdən başlayaraq şeirdə əruzla yanaşı hecaya da yer verilir.
1860-1895-ci illəri əhatə edən Tənzimat ədəbiyyatı əsasən iki mərhələyə bölünür: 1860-1880-ci illəri əhatə edən I və 1880-1895-ci illəri əhatə edən II mərhələ. Tənzimatın I mərhələsinin nümayəndələri olan İ.Şinasi, N.Kamal, Z.Paşa, Əhməd Midhəd Əfəndi, Şəmsəddin Sami və başqaları "sənət cəmiyyət üçündür" prinsipi ilə fəaliyyət göstərirdilər. Ədəbi prosesi sənət və cəmiyyət problemləri daxilində inkişaf etdirən İ.Şinasi, Z.Paşa, N.Kamal və başqaları dövlət və cəmiyyət işlərinə qarışmaqla ədəbiyyatda yeni ideologiya formalaşdıra bildilər. Mədəniyyətçilik, Osmanlıçılıq və İslamçılıq ideologiyası məhz bu ədiblərin müdafiə etdikləri yeni ideologiya hesab olunurdu.


Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor