OLJAS SÜLEYMENOV - Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi 2-ci yazı Ədəbiyyat

OLJAS SÜLEYMENOV - Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi 2-ci yazı

“Bir çəkməçi vardı bizim aulda” şeirində O.Süleymenov təkcə kəskin deyim və ittihamları ilə diqqəti cəlb etmir, həm də ümumsovet poeziyası üçün xarakterik olmayan bir baryeri aşır, fikirlərində analitizmə geniş yer verməklə “inqilabçı” təsiri bağışlayır:

Hamıya çəkmə tikirdi,
Öz ayağının üstündə.
Ona elə gəlirdi,
Ayrı-seçkilik salmır,
Bərabərləşdirir hamın bu yolla..

Konkret məkan və zaman reallıqlarını özünə əks etdirən bu şeirdə mövcud bir rejim, o cümlədən konkret bir “ideoloq” obrazı fikri daha çox məşğul edir. Oxucu bir növ arxada qalan yaxın keçmişin reallıqlarının dəhşətlərini yenidən “yaşayır”.

Boyu vardı Bapbalaca
Napoleon sayağı.
O tikdiyi çəkmələrdə
Div boyda adamlara
Gəzmək asan deyildi
Çəkmə sıxır ayağı.
Hamı elə bilirdi
Çəkməni Allah verib
Verib ki, qoy müsəlman
Dua eləyən zaman
Ayaqlarını sıxan
Çəkmələrini çıxartsın.

“...Oljasm poetik təfəkkürü çox qədim mənbələrdən gəlir - XI-XII əsrlərdən etibarən türk poeziyasında: həm Mərkəzi Asiya, həm Ural - Volqaboyu, həm də Qafqaz - Kiçik Asiya regionunda eyni vaxtda İran motivləri, metaforaları, intonasiyası və s. qüvvətləndi, türk şeiri sərbəstliyini, nəfəs genişliyini itirdi və poetik özünüifadə əruz standartlarına tabe oldu” .
Lakin nisbətən sonrakı əsrlərdə müəyyən mənada epos sərbəstliyinə yiyələnən türk şeiri əvvəlki ənənələrə kifayət qədər yaxınlaşa bilmədi. Düzdür, XX əsrdə ümumən türk şeiri milli-ictimai baxımdan nəzərə çarpacaq dərəcədə inkişafını bərpa edə bildi. Zəngin epos təfəkkür və mədəniyyətinə qayıdış, onun sənətdə tam bərpası O.Süleymenov yaradıcılığında özünü təsdiqlədi. “Mən səni...”, “Uşaqlıq, bağ, bürkü”, “Akın Smetin son nəğməsi”, “Köçəri” və s. onlarla digər şeirləri məzmun, eyni zamanda forma, quruluş baxımından epos təfəkkürü elementlərinə xeyli yaxındır:

Vur-tut səkkiz yaşım olardı yəqin.
Uşaqlıq illəri.
Yay. Arxa cəbhə.
Yastı daxmaların yanından keçən
Köhnə arabaların cırıltı səsi.
Bürkü təntidəndə yaxınlıqda çay
Bağlar toz içində.

Bu səbəbdəndir ki, onun istər məhəbbət, istərsə də fəlsəfi lirikası tam mənada orijinal məzmun və ideyaya söykənir. Çünki burada “zamanın tələbi” ilə “sənətkarın sənət tələbi” arasında yeni əlaqə tipi ortaya çıxır:

Mən səni...
Mən səni salamlayıram,
Şeirtək doğulan düşmənçiliyim.
Daha çox gərəkdir həmişəkindən Sevgi şeirləri,
Bəlkə də indi...

Diqqətlə izlədikdə O.Süleymenovun “sevgi şeirlərində” hər şeydən azad olmuş saf məhəbbətdən söz getmir. Sözün mənası ilkin qatda deyil, daha dərin qatlarda aşkarlanır.

Su ki girdi qaba
Tələsir almağa
Qabın şəklini
Söz isə -
Elə ki, yatdı ürəyə
Dəyişmir donunu,
Necə var, eləcə salır əksini.

O.Süleymenovun poetik “mən”i çoxcəhətli aspektdə görünür. “Mən” onun şeirlərində aparıcıdır, təbiidir. Bütün etirafları səmimi təsir bağışlayır. Şairin “mən”i konkret və ümumi dəyərləri özündə ehtiva edə bilir:

Bir sözüm iki olmayıb hələ,
Boş yerə
Əl atmamışam xəncərə.
Tapmışam
Nə itiyim olubsa
Tale verdiyinə
Qane olmuşam.

Problemə bu cür yanaşma onun şeirlərində insan faktorunu və amilini əsas obyektə çevirir. Hadisələrin mərkəzində dayanan insan şairin etnoqrafik təfəkkürə bağlılığının göstəricisidir. Həmin insan şairin əcdadı, özü və müasirləridir. Məhz buna görə də insan obyekt kimi O.Süleymenovda olduqca güclüdür. O, həm də çevik və aparıcıdır. Dünənin acılarına acıyan, keçmişinin uğurlarından qürur duyan, gələcəyə ümidlə baxan şəxsdir.
İnsanın bir ölkənin deyil, həm də bəşər övladı olması məsələləri O.Süleymenov yaradıcılığında özünü qabarıq göstərir. Əsasən, şairin milli təəssübkeşlik amillərinin güclü olduğu sənətində bəşəri ideyaların da özünəməxsus planda təcəssümü milli-etnik və bəşəri tarixitəkamül problemlərinin sintezindən doğur. Artıq şairin kəşf etdiyi yeni insan “inqilabçı təfəkküründən” uzaqlaşır, düşüncələrində bəşəri dəyərlərə üstünlük verir.
Demək olar ki, keçən əsrin 80-ci illərinə qədərki yaradıcılığında O. Süleymenov insanı həm milli, həm də bəşəri platformada saxlayırdısa, 80-ci illərdən sonrakı poeziyasında o, insanı əsasən “milli-etnik müəy-yənləşmədə” təqdim edir. Sənətində bu ideyanı bayraq kimi dalğalandırmağı vacib sayır.Əlbəttə, bu nəzərə çarpacaq hal O.Süleymenov yaradıcılığı üçün tam yeni keyfiyyət göstəricisi deyildir. Bunun rüşeym və izləri onun sənətində bütün dövrlərdə bu və ya digər dərəcədə özünü göstərib, aktual mövzuya çevrilib. Lakin XX əsrin 80-ci illərdən etibarən insanın etnik məzmunu, onun etnik-psixoloji, etnik-kulturoloji amilləri şairin poeziyasında tarixi proseslər və müasir özünütəsdiq səviyyəsində təqdim olunur:

Boz örtüklü Monqolustan çölündə,
Yatır Noqayları, Bulqarları,
Qazaxların orduları.
Bizi üzü Qərbə dəfn eyləyiblər.
Bizim arxamızda sonuncu dəniz!
Fırlan, Yer kürəmiz!
Bu gün anlayıram daha çox səni.
Ağrın, acıların kaş mənə gələ.
Dolan, aynalayn, dönüm başına,
Köç edib dönürəm yolların ilə.

Lirik-fəlsəfi, lirik-psixoloji şeirlərin imkanlarından istifadə məsələləri O.Süleymenovda özünün dolğun və geniş ifadəsini tapa bilir. Şair poetik axtarışlarının nəticəsi olaraq tamamilə yeni fikirlər, yeni ideyalar ortaya atır. Əslində bu cür yeniləşmədə poetik detalların orijinallığı da az əhəmiyyət daşımır. Şair bu qrup şeirlərində mövzu və forma imkanlarının genişliyindən tam istifadə edir:

Harda söz salmaq olar
De, aclıqdan, küləkdən?
Harda hər addım başı
Deşilə bilər, görən
Minillik bir inamın
Kiçik bir qəlpələriylə
Maşınların təkəri?..

“Az-Ya” O.Süleymenov yaradıcılığında əsas yer tutur. Əsər türk etnik-kulturoloji, etnogenezis məsələlərinin öyrənilməsində, tarixi araşdırmalar nəticəsində türklərin geniş mənada “həyat qrafikinin” tədqiqində əhəmiyyətinə görə seçilir. Müəllif rus dilində yazmış olduğu bu əsərinə maraqlı və orijinal bir ad seçmişdir. “Az-Ya” əsəri yalnız adının orijinallığı baxımından deyil, məsələlərə mahiyyət dərinliyində yanaşılma, qoyulan problemlərin elmi-analitik şərhi baxımından da fərqlənir. “Az” əski slavyancada “mən”, “Ya” isə müasir rus dilində “mən” deməkdir. Yəni “mən və mən”. Eyni zamanda “az” kiril əlifbasının ilk, “ya” isə son hər¬fidir. Lakin burada məna formal “sən və mən” şərtiliyində açıqlanır. Bu şərtilik daxilində rus ədəbiyyatı və türk xalqlarının tarixi, mədəniyyəti, etnik kimliyi barədə müəyyən məlumatlar verilir, yeri gəldikcə müqayisəli təhlillər aparılır. Bu müqayisədə elmi-tarixi əsaslandırma yolu ilə türk xalqlarının tarix və mədəniyyətinin qədimliyi, üstünlüyü, başqa mədəniyyətlərə təsiri üzə çıxır. Müəllif türk mədəniyyətinin Şumer mədəniyyətinin varisi olduğunu sübuta yetirir. “İqor polku” dastanında dil, üslub və ideoloji baxımdan türk təsirinin olması üzərində xüsusi dayanılır. Əsərdə özünə yer tapan türkçülük ideyaları o vaxtkı ideoloji tələblərə uyğun olmadığı üçün rəsmi şəkildə müəllifə qarşı ittihamların irəli sürülməsinə gətirib çıxarmışdır. 1976-cı ildə Elmlər Akademiyasında keçirilən müzakirə və məhkəmə qərarlarının nəticəsi olaraq “Az-Ya” ideologiyaya zərərli, elmi faydası olmayan əsər kimi qadağan olunur.
Əsər həm də qədim türk mədəniyyətinin iki inkişaf zirvəsi olan Türk-Şumer və Türk-Sibir mərhələlərinin bir neçə minillik tarixini izləmək, onların dünya mədəniyyətində, dünya sivilizasiyasında rolunu müəyyənləşdirmək, türk mədəniyyətinin, türk mənəviyyatının, türk həqiqətlərinin zaman-zaman haqsız hücumlara məruz qalmasını və s. əks etdirmək baxımından əhəmiyyətlidir. Bütün bu məsələlərə müəl-lifin obyektiv elmi təhlil və tədqiqlərində aydınlıq gətirilir. O.Süley- menov təhlil və tədqiqlərində birtərəflilikdən uzaq dayanır. Demək olar ki, fikirlərini dünya elmi “kürəsində” bişirir, heç bir xalqın tarixi haqlarını tapdamır. İki əsas hissədən (“Qızılquşlar və Qazlar”, “Şumer- namə”) ibarət “Az-Ya” əsəri bir növ türklərin əhatə və əlaqədə olduğu tarixi yer və məkanların əhalisi, etnik tərkibi, dil və mədəniyyət nümunələri barədə fikir yürütmək baxımından xarakterikdir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor