OLJAS SÜLEYMENOV - Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi - 3-cü yazı  Ədəbiyyat

OLJAS SÜLEYMENOV - Müasir qazax ədəbiyyatının dünya şöhrətli nümayəndəsi - 3-cü yazı 

Təbii olaraq burada türk inkişaf xətti əsas mərkəzi xətt kimi önəm təşkil edir. Ona görə də hadisələrə, elmi-mədəni prosesin gedişinə, aşkarlanmasına tarixi və müasir prizmadan yanaşma, türklərin tarixdə yeri, onların dünya mədəniyyəti tarixində təsdiqi və inkarı problemlərinə münasibət böyük maraq doğurur: “Qədim türk mədəniyyətinin bu iki inkişaf zirvəsi [kök türk-Şumer və qədim türk-Sibir] arasında neçə minillik bir uçurum var. Tənəzzül uçurumu! Tarix elmində köçərilərin mədəni geriliyi haqqında çox yazılıb. Biz bu təyini inkar etmədən, ona dialektika baxımından daha dəqiq və tutumlu bir söz əlavə edirik: yorğunluq. Nadan mənbələr tarixi qrafikin çox kiçik bir parçasını izləyə biliblər və nadan tarixçi bu bir parçanın əsasında iddia edir ki, guya türklərin inkişaf relyefi həmişə hamar olub. Deməli, türk xalqı yarandığı gündən bədnam bir vəziyyətdə, yəni Avropa tarixçisinin hazırda onu gördüyü, daha doğrusu görmək istədiyi Vəhşi Tayfa cildində olub.
Hər bir xalqın tarixinin qrafiki kardioqramı xatırladır. Tibb elmində düz xətt ölümü bildirir. Tarixdə isə xalqın yeni sıçrayış üçün güc yığdığı zamanı. Türklərin həyat qrafiki hələ başa çatmayıb.”
O.Süleymenovun əcnəbi-xristian tədqiqatçılarının türkü köçəri, vəhşi tayfa hesab etmələrinə, köçərilərin isə bu qədər mədəniyyət nümunəsi yaratmaq imkanlarının olmamasına etirazı sözə yox, fakta və məntiqə söykənir, hind-Avropa mədəniyyətinin zənginləşməsində bu mədəniyyətin baza rolunu xüsusi qeyd edir: “Biz Ön Asiyada yaranmış Sözün və İşarənin Misir incəsənəti kürəsində bişəndən sonra Hind-Avropa mədəniyyətini necə zənginləşdirdiyinin şahidi olduq. Lakin sivilizasiyaların qaynar qazanından hind-Avropalılar da bilavasitə bəhrələnirdilər.”
Sitata diqqətlə fikir verdikdə görürük ki, alim türkə qarşı ədalətsiz iddiaları ilə çıxış edən, onun tarixi haqqına və milli hissiyyatına toxunan əcnəbi tədqiqatçılardan fərqli olaraq obyektiv elmi mühakimələr irəli sürür, hər bir xalqın tarixi-mədəni haqqını düzgün qiymətləndirir: “1791-ci ildə A.İ.Musin-Puşkin Müqəddəs Sinodun ober-prokuroru təyin edildi. Həmin il avqustun 11-də II Yekaterinanın fərmanı ilə Sinoda monastr arxivlərindən və kitabxanalardan rus tarixi üçün dəyərli olan əlyazmaları müsadirə etmək icazəsi verildi.
Bu iş A.İ.Musin-Puşkinə tapşırıldı. Təxminən 1792-ci ildə (dəqiq tarixi müəyyənləşdirilməyib) o, XVI əsrə aid bir məcmuə əldə etdi. “İqor polku dastanı”nın nüsxəsi də oradan tapıldı.
1812-ci il Moskva yanğını zamanı qrafın evi də, kitabxanası da yanıb külə döndü. XVI əsrə aid nüsxə beləcə məhv oldu. Hazırda elm aləmində Musin-Puşkinin nəşrindən və Yekaterina üçün surəti köçürülmüş nüsxədən istifadə edilir.
XVI əsr nüsxəsiylə bağlı bu maraqlı əhvalat elə həmin dövrdə rus alimlərində də, əcnəbi mütəxəssislərdə də dastanın həqiqiliyinə şübhə oyatdı; güman edilirdi ki, əldə olunan nüsxə saxtadır və bundan məqsəd keçmiş dövrlərdən alınmış dəlillərlə Yekaterinanın imperialist siyasətinə haqq qazandırmaqdır. Hətta saxta nüsxənin gümana gələn müəlliflərinin adları çəkilirdi (o cümlədən Musin-Puşkinin).”
“İqor polku dastanı” tarixinə dair” tədqiqatlarında O.Süleymenovun fikirləri elmi prinsiplərə söykənir. Burada əsas sual kimi səslənən “İqor polku dastanı” həqiqətən olubmu, yoxsa bu XVIII əsrdə düzəldilmiş saxta əlyazmadır?” sualına cavab tapmaqda O.Süleymenov üst-üstə düşən, kəsişən fikirləri götür-qoy edir, konkret cavaba tələsmir. Məqsəd isə əsl alim təmkini və obyektivliyi ilə dəqiq faktları üzə çıxarmaq, başqa bir xalqın mədəni tarixinə kölgə salmamaqdır.
Ona görə də müəllif “İqor polku dastanı” ilə bağlı çoxsaylı tədqiqatçı alimlərin fikir və mülahizələrinə diqqətlə yanaşır, onları süzgəcdən keçirir, qənaətlərini ortaya qoyur. Məlumdur ki, dastanın XII əsrdən başlayaraq ayrı-ayrı əsrlərdə (XVIII əsrə qədər) formalaşdığı iddia edilir. O.Süleymenova görə “heç olmasa bir faktı olduğu kimi qəbul etmək lazımdır. “İqor polku dastanı” ən azı iki zaman kəsiyinin — XII və XVI əsrlərin məhsulu, ədəbi abidəsidir.”
Əlbəttə, burada bir incə məqam özünü göstərir. O.Süleymenov bu fikirləri deməklə, heç də nasixlərin (əlyazma nüsxəsini köçürən şəxslərin) dastana etdikləri saxta əlavələrini nəzərdən qaçırmır. “O, (nasir nəzərdə tutulur - E.Q.) nəinki dastanın canına bir xristian ab-havası hopdurur, ən kədərlisi odur ki, öz dövrünün ruhuna uyğun olaraq, bəzi parçalara vətənpərvərlik donu geydirməyə cəhd edirdi”.
O.Süleymenov “İqor polku dastanı”nın üzü köçürülən üç nüsxəsi və bu nüsxələrin taleyi barədə məlumat verir: “Bu nüsxələrdən birini XVIII əsrdə Musin-Puşkin əldə edir. O biri nüsxə XX əsrdə Peçorada görünüb yox olur. Üçüncüsünü isə Həştərxan bazarından naməlum bir qazax alıb harasa aparır…
O.Süleymenov “İqor polku dastanı”nı nadir abidə hesab edir. O, əsərdə türkizm məsələsinə xüsusi diqqət yetirir. Türkizmlərin olmasını “İqor polku dastanı”nın XII əsr slavyan dialekti əsasında yaradılmasını sübut edən əsas dəlil kimi qiymətləndirir: “Mənə belə gəlir ki, slavyan-türk tarixinin maraqlı epizodlarından birinə həsr edilmiş “İqor polku dastanı”nın müəllifi də türk dilinin ab-havası, poeziyası hopmuş bir mühitdə yaşayıb-yaradıb.
O öz dövrü və zümrəsinin övladı idi və mətndə artıq sıradan çıxmış türkizmlərdən deyil, oxucuların başa düşməyəcəyindən qorxub-çəkinmədən canlı türk terminləri və leksemalarından bol-bol istifadə edib. Çünki o öz əsərini XII yüzilliyin ikidilli oxucusuna hesablamışdı.”
Göründüyü kimi, burada müəllif dastanda türkizmlərin işlənmə və ifadəsinə ehtiyac doğuran mühitin qismən də olsa mənzərəsini verə bilib. Məhz əsər boyu bir çox söz qruplarının etimoloji variantlarının verilməsi, bu sözlərin digər dillərdəki söz yaradıcılığında oynadığı rolun göstərilməsi diqqətdən yayınmır. Məsələn: batır-batur-bootur, boqatur-boqatır və ya buy-biy-bay-bey-boy və s.
Lakin O.Süleymenov təhlil və tədqiqlərində belə bir fikri irəli sürür ki, “bir neçə əsr sonra Rusiyada türk dili öz əhəmiyyətini müəyyən qədər itirdiyindən” türk sözlərinin işlənmə imkanları daralmağa başlayır. Ona görə də XVI əsrdə “İqor polku dastam”ı köçürən nasix əsərdəki türkizmlərin çoxunu tərcümə edib, onları şimal rus şivələrində işlənən sözlərlə əvəzləyib. O.Süleymenov bu halı, yəni türk sözlərinin əvəzlənməsinə təəssüflənir. Amma təsadüf tərcümə edilməyən türk sözlərinin mövcudluğunu isə yüksək qiymətləndirir: “Lakin köçürmələr zamanı möcüzə nəticəsində qalmış türk sözləri dastana xüsusi kolorit və dad verir. Dnepr suyunda həll olunmuş Baskançuk duzu kimi. Yaxud qan kimi. Yaxud göz yaşı kimi.”
Şumer-türk dili və tarixi əlaqələrinin, Şumer mədəniyyəti izlərinin, bu mədəniyyətin dünya mədəniyyətinə təsiri məsələlərinin öyrənilməsi O.Süleymenov yaradıcılığında xüsusi yer tutur. “Az-Ya” kitabına daxil olan “Şumernamə” hissəsində müəllif ana türklərin bir zamanlar Mərkəzi Asiyanın “mədəniyyət qazanında bişmələrini” və “Asiya çöllərinə çəkilərək şumer leksemini də özləriylə aparmalarını” qeyd edir. Burada türk sözləri, onun şumer leksemiylə bağlılığı, şumer dövründə türk dillərinin mövcudluğu tutarlı dəlillərlə sübuta yetirilir. Müəllif türk və şumer kurqanlarının atribut oxşarlığına əsaslanaraq onlar arasındakı əlaqələrin təsadüfi olmadığını nəzərə çatdırır. O.Süleymenov Şumerlərlə bağlı özünə qədərki yazılan saxtalığa qarşı çıxaraq mənbələrə kor-koranə münasibət bəsləmir. Faktlarla sübuta yetirir ki, Şumerlərlə bağlı əksər yazılarda yanlışlığa yol verilib. Həqiqət isə Şumer-Türk bağlılığının göstərilməsindədir. Əlbəttə, Şumer-Türk etnik bağlılığı fikirləri qarşısında hər cür sədd çəkən totalitar rejimin qadağaları dövründə belə bir mövzudan bəhs açmaq olduqca çətin idi. Lakin O.Süleymenovun etnik-tarixi problemlərə təəssübkeş türk qeyrəti ilə müdaxiləsi bütün çətinliklərə sinə gərməsinə gətirib çıxarırdı. Bu barədə O.Süleymenovun fikirlərini xatırlamaq olduqca maraqlı görünür: “Əgər Şumerə görə sənin ciyərini çıxarırlarsa, sən onun yolunda Vətən uğrunda döyüşdüyün kimi döyüşməlisən. Onun qarşısında Vətən qarşısında olduğu kimi cavab verməlisən. Daha yetər, Şumerlə məşğul olduğum illər ərzində yığılıb qalmış düşüncə və duyğuları kağıza köçürməliyəm.”
Qeyd edək ki, müəllifin Şumerlərlə bağlı kağıza köçürdüyü “düşüncə və duyğulan” illərdən bəri araşdırdığı və tədqiq etdiyi arxeoloji tapıntılara, e.ə. aid Çin salnamələrinə, Avropa, rus və şərq alimlərinin fikirlərinə, Avesta və qədim türk yazılarına və s. söykənir. Nəticədə “Şumer” sözünün etimologiyasından tutmuş, Şumerlərin qədim bir xalq kimi tarix meydanında keçdiyi yolun “hərəkət cədvəlinə” qədər bir çox məsələlərə aydınlıq gətirilir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor