“Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması - 1-ci yazı  Ədəbiyyat

“Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması - 1-ci yazı 

Yoxsa “Kitabi-türkmən lisani” oğuznaməsi?

“Dədəm Qorqud, qırx şagirdə ver nasihat!”
“Kitabi-Türkmən lisani” abidəsi

Bir neçə ay əvvəl Türkiyə tədqiqatçısı prof. Mətin Ekici elm aləminə “Kitabi-Dədə Qorqud”un yeni əlyazmasının tapılması xəbərini duyurdu. Yeni əlyazmanı “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi adlandıran alim mətnin, əsasən, soylamalardan və bir yeni boydan ibarət olduğunu göstərdi. “Boy”u “Salur Qazanın yeddibaşlı əjdahanı öldürməsi” adlandıran M.Ekici onun “Kitabi-Dədə Qorqud”un 13-cü boyu olduğunu bəyan etdi.
Xəbər Dədə Qorqud dünyasına hər hansı şəkil və dərəcədə bələd olan insanların hamısını həyəcanlandırdı. Sosial şəbəkələrdə ilkin təəssüratları əks etdirən qızğın müzakirələr başlandı. Burada hər cür münasibəti ifadə edən rəylərə rast gəlmək olurdu. Bunun əsas səbəbi əlyazmanın İranda yaşayan hazırkı sahibi Vəli Məhəmməd Xocanın mətnin, özünün dediyi kimi, nə məzmunda olduğunu anlamaq, nə kimi bir əhəmiyyətə malik olduğunu bilmək üçün İranda və Türkiyədə müxtəlif adamlara (o cümlədən prof. Yusif Azmuna) verməsi idi. Əlyazmanın “Dədə Qorqud” eposu ənənələri ilə bağlılığını görən mütəxəssislər də, təbii ki, dərhal onu nəşr etdirmək, oxuculara çatdırmaq fikrinə düşdülər. Bununla da Türkiyədə “yeni türkoloji problem”in əsası qoyuldu. Türkiyə alimlərinin arasında əlyazma haqqında kimin ilk dəfə eşitməsi, Vəli Məhəmməd Xocanın kiminlə ilk dəfə əlaqə saxlaması, kimə və kimdən nə vaxt və neçə dəfə zəng olunması, başqa sözlə, “Kitabi-Dədə Qorqud”un “üçüncü nüsxəsinin” tapılmasında birincilik şərəfinin kimə məxsus olması haqqında amansız mübahisələr başlandı. Vəli Məhəmməd Xocanın da bu prosesdə “göy muncuq kimdədirsə – odur” məsəlində olduğu kimi hərəkət etməsi sosial şəbəkələrdəki mübahisələri hətta təhqirlər səviyyəsinə qaldırdı. Türkiyə sahəsini əhatə edən və uzantıları Azərbaycanda da rezonanslar doğuran bu mübahisəyə qətiyyən qarışmadan, o cümlədən heç bir tərəf tutmadan, insaf naminə demək istərdik ki, bu yeni “Dədə Qorqud” oğuznaməsi haqqında xəbəri dünyaya ilk dəfə duyuran prof. Mətin Ekicidir. Ola bilər ki, Vəli Məhəmməd Xoca ondan əvvəl kimlərləsə əlaqə saxlayıb, əlyazmanı onlara göstərib və s., lakin onu elm aləminə ilk duyuran məhz məzkur kişidir.
Bu qızğın yarışmanın ilk mərhələsinin elm tarixi və ictimaiyyət üçün, sözün həqiqi mənasında, ən parlaq nəticəsi o oldu ki, əlyazmanın qısa bir müddət ərzində üç nəşri həyata keçirildi. Prof. Mətin Ekicinin, prof. Yusuf Azmunun və Ankara Universitetinin Sosial Elmlər İnstitutunun əməkdaşları Nasser Khaze Sahgoli, Valiollah Yaghobi, Shahrouz Aghatabai və Sara Behzadın başa gətirdikləri bu nəşrlər hər biri öz üstün tərtibat özəllikləri baxımından fərqlənməklə yanaşı, qorqudşünaslar, xüsusilə tekstoloq (mətnşünas) olmayıb, bu nəşrlər əsasında tədqiqat aparmaq istəyən müxtəlif sahə mütəxəssisləri üçün böyük töhfə oldu. Çünki hər bir tekstoloq əlyazma mətnini çapa hazırlayarkən ümumi tərtib prinsipləri ilə bərabər, öz fərdi yanaşma prinsiplərini də tətbiq edir. Bu halda isə bəzən ona əlyazmada “əhəmiyyətsiz” detal təsiri bağışlayan və üstündən etinasızcasına ötüb keçdiyi hər hansı element tarixi-mədəni baxımdan çox böyük elmi əhəmiyyət daşıya və hətta əlyazmanın özü və onun təqdim etdiyi informasiya ilə bağlı “açar” rolunu oynaya bilər. Yeni əlyazmanın birdən-birə üç nəşrinin həyata keçirilməsi və hər bir nəşrin öz keyfiyyətləri ilə fərqlənməsi xüsusi əhəmiyyət daşıyır.
Bu cəhətdən, M.Ekici nəşrində fotofaksimilə ilə transkripsiyanın yanaşı səhifələrdə verilməsi, Yusif Azmunun soylamaların ritmik-sintaktik strukturunu onun tarixi fonomelodikasına (ozan-baxşı söyləyicilik, ifaçılıq üslubuna) uyğun şəkildə transkripsiya etməsi və əlyazmanın dilinin “türkmən” (türkman) ladını qoruması, N.X.Sahgölü, V.Yaqubi, Ş.Ağatabai və S.Behzadın əlyazmanın “Azərbaycan” ladını bütün etnolinqvistik təravəti ilə inikas etdirməyə çalışmaları, xüsusilə apardıqları yüksək elmi əyara malik dilçilik tədqiqatı əlyazmanın sonrakı araşdırıcılar tərəfindən “adekvat” şəkildə dəyərləndirilməsində böyük rol oynayacaq. Doğrudan da, qısa müddət ərzində böyük işlər görülüb və biz öz adımızdan belə hesab edirik ki, bu işlərə görə elm aləmi adları çəkilən tərtibçilərə yalnız minnətdar olmalıdır.
Təbii ki, bütün bu nəşrlər, tez bir zamanda yazılan məqalələr “ilkin təəssüratları” əks etdirir. Tapılmış əlyazmanın yaratdığı həyəcan həm onun nəşrlərində, həm də bu barədə yazılmış məqalələrdə özünü, təbii olaraq, göstərdi. Əlyazma ilk andan “Kitabi-Dədə Qorqud”un yeni (üçüncü) nüsxəsi elan olundu və bu zaman “nüsxə” termininin Türkiyə türkcəsində, o cümlədən Azərbaycan türkcəsindəki onunla eyni olan açıq-aydın mənasına (“bir-birinin eynisi olan yazılı şeylər, bir-birinin bənzəri, eynisi, kopyası) əhəmiyyət verilmədi. Bu da onunla nəticələndi ki, birmənalı şəkildə şifahi “Dədə Qorqud” eposu ənənəsinə aid olan bu yeni oğuznamə mətni “Kitabi-Dədə Qorqud”un nüsxəsi, yəni onun eynisi/kopyası olmadığı halda, onun nəinki variantı, heç olmasa, versiyası belə adlandırılmadı. Oğuzların öz Oğuz adı ilə adlandırıldıqları epoxanın məhsulu olan “Kitabi-Dədə Qorqud” dastanı ilə XVIII əsrin ikinci yarısı – XIX əsr “Türkman epoxasının” məhsulu olan “Kitabi-Türkmən lisani” oğuznaməsi bütün elmi prinsiplər ayaq altına atılaraq eyniləşdirildi. “Kitabi-Dədə Qorqud”un yeni əlyazması kəşfinin müəllifi olmaq ehtirası o qədər güclü oldu ki, dastan tipologiyasına malik olan “Kitabi-Dədə Qorqud”la tam fərqli funksional tipologiyaya (bu barədə irəlidə xüsusi bəhs olunacaq) malik olan əlyazma arasında bərabərlik işarəsi qoyuldu. Ekzoterik (hamı üçün açıq olan bədii-estetik) xarakterli mətnlə ezoterik (gizli, batini) mətn (bu barədə irəlidə xüsusi bəhs olunacaq) eyni məna sırasında təqdim olundu.
“Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposu (“dastanı” – yox, eposu: bu barədə irəlidə xüsusi bəhs olunacaq) ənənəsi ilə birmənalı şəkildə bağlı olan mətndir. O, poetik strukturunun hər bir səviyyəsi və həmin səviyyəni təşkil edən elementləri ilə istisnasız olaraq bütün hallarda “Dədə Qorqud” eposu nüvəsinə gedib çıxır. Bu, inkarolunmaz və mübahisəsiz məsələdir. Bu cəhətdən, “Kitabi-Türkmən lisani” oğuznaməsi şifahi “Dədə Qorqud” eposunun “postoğuz”, yəni türkman/türkmən epoxasındakı ənənəsinə aid əlyazma mətnidir. Lakin bu əlyazma oğuz babalarımızın şifahi “Dədə Qorqud” eposunun türkman/türkmən versiyası olsa da, o, heç bir halda və heç bir şərtlər daxilində yazılı “Kitabi-Dədə Qorqud” dastanının onunla eyniləşəcək, “nüsxə”ləşəcək yeni əlyazması deyil.
Biz müzakirələri sağlam bir məcraya yönəltmək məqsədi ilə söz demək haqqımızdan istifadə edərək, fikirlərimizi məntiqi şəkildə çatdırmağa çalışacağıq. Sağlam müzakirə aparmaq hər kəsin haqqıdır, lakin bəzi özündən müştəbehlər “Bunları kim vəkil eylədi” deyərək söz demək haqqının nə üçünsə yalnız onlarda olduğunu zənn edirlər.
Əziz dostumuz və həmkarımız prof. Əli Duymaz Bakıda nəşr olunan “Türkologiya” jurnalında çap etdirdiyi “On üçüncü boy” adlanan məqaləsində yazır: “Bir də “üçüncü nüsxə” məsələsinə toxunmaq istərdik. Fikrimizcə, “Dədə Qorqud kitabı”nın Drezden və Vatikan əlyazmalarına “nüsxə” demək alışkanlığı (vərdişi – R.Q., S.R.) xüsusilə 13-cü hekayənin (“Kitabi-Türkmən lisani” oğuznaməsində Salur Qazanın əjdaha ilə vuruşmasından bəhs edən oğuznamə nəzərdə tutulur – R.Q., S.R.) yazılı mətni tapıldıqdan sonra müzakirə edilməlidir. Çünki Drezden və Vatikan əlyaz-malarının başlıqlarından tutmuş içindəki boyların seçiminə qədər bir çox məsələ şüurlu bir seçimin olması haqqında ipucları verir. Belə ki, Salur Qazan haqqında müstəqil bir dastanın olması düşüncəsi ilə tapılan bu 13-cü hekayə bu əlyazmaların “nüsxə” deyil, hər birinin orijinal bir “əlyazma” olaraq dəyərləndirilməsi zərurətini ortaya qoyur. Çünki “Salur Qazanın əjdaha öldür-məsi” boyunun əlyazma mətninin ortaya çıxması və bu mətnin öncəki əlyazmalarda olmaması “nüsxə” anlayışını da mübahisə mövzusuna çevirməyə imkan verir”.
Göründüyü kimi, Türkiyə türkologiyasında öz analitik baxışları ilə fərqlənən Ə.Duymaz bu fikri ilə yeni tapılan əlıyazmanın “Kitabi-Dədə Qorqud”un nüsxəsi olmadığını, daha doğrusu, nüsxəsi qəlibinə girə bil-mədiyini, əslində, aydın şəkildə müşahidə və etiraf edib. Alimə görə, yeni əlyazma “Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan nüsxələri ilə məhz “nüsxə” anlayışı kontekstində bir sırada dura bilmir. Çünki “nüsxə” anlayışının Türkiyə türkcəsindəki (o cümlədən Azərbaycan türkcəsindəki) açıq-aydın mənası buna qətiyyən imkan vermir.
“Türkcə sözlük”də deyildiyi kimi: “Nüsxə – 1. Bir-birinin eynisi olan yazılı şeylərin hər biri; 2. Qəzet, jurnal və sairənin sayları; 3. Bənzər, eyni, kopya (surət– R.Q., S.R.)” deməkdir.
“Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan nüsxələri ona görə bir-birinin (daha doğrusu, Vatikan Drezdenin) nüsxəsi hesab olunur ki, bir müqəddimə və 12 boy-oğuznamədən ibarət olan Drezden nüsxəsindəki həmin müqəddimə və 12 boydan 6-sı Vatikan nüsxəsində “təkrarlanır”. Lap “loru dildə” desək, Vatikan əlyazmasındakı müqəddimə və 6 boy cüzi fərqlərlə Drezdendəki müqəddimə və 6 boyun “eynisi”, “bənzəri”, “kopyası – surəti”dir. Ə.Duymaz ağlı-məntiqi yerində olan alim kimi görür ki, “Kitabi-Dədə Qorqud”dakı nə müqəddimənin mətni, nədəki 12 boydan, istisnasız olaraq, heç biri bu yeni əlyazmada yerli-dibli yoxdur. Başqa sözlə, tamamilə fərqli poetik struktura, fərqli məzmuna, fərqli funksional tipologiyaya, fərqli epoxal konsepsiyaya (bütün bu fərqlər irəlidə geniş şəkildə izah olunacaq) malik olan yeni əlyazma heç bir halda “Kitabi-Dədə Qorqud”un poetik strukturunu “təkrarlayaraq”, onun nüsxəsi, yəni “eynisi”, “bənzəri”, “kopyası – surəti” ola bilmir. Lakin təəssüf ki, qardaşımız Ə.Duymaz da “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması” havasının cazibəsindən qurtula bilməyərək, bu yeni əlyazmanı, sadəcə olaraq, “Dədə Qorqud” eposu ənənəsinin məhsulu olan yeni oğuznamə mətni hesab etmək əvəzinə, onu yenə də “üçüncü əlyazma” kimi qəbul etməkdə davam edir.
Yeni əlyazmanın “Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan nüsxələrinin “nüsxəsi” olmadığını görən prof. Ə.Duymaz “üçüncü əlyazma konsepsiyasını” əsaslandırmaq üçün orijinal bir üsula əl atır: məlum elmi gerçəkliyin və bütün qorqudşünaslığın əleyhinə gedərək, “Kitabi-Dədə Qorqud”un Drezden və Vatikan əlyazmalarının, ümumiyyətlə, bir-birinin nüsxəsi olduğunu şübhə altına alır: guya ki, bu, bir dil “alışqanlığı”dır və dünya türkoloqları, sadəcə, vərdiş etdikləri üçün bu əlyazmaları “nüsxə” adlandırırlar. Və alim çıxış yolu kimi belə hesab edir ki, “nüsxə” anlayışından imtina etməklə yeni əlyazmanı çox asanlıqla “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazması saymaq olar.


Ramazan QAFARLI
filologiya üzrə elmlər doktoru, professor

Seyfəddin RZASOY
filologiya üzrə elmlər doktoru, professor