Qırğız ədəbiyyatı - 3-cü yazı Ədəbiyyat

Qırğız ədəbiyyatı - 3-cü yazı

Povestdə Tanabay və Gülsarı (at) obrazları bərabər hüquqlu qəhrəman tipi kimi düşünülüb. Müharibədən qayıtdıqdan sonra dəmirçilik edən Tanabay kolxoz sədri işləyən dostu Çoronun məsləhəti ilə ilxıçı təyin olunur. O, ilk dəfə Gülsarını da burada görür. Yazıçı Gülsarı obrazının simasında Tanabayın taleyinin “dərinliyinə” enə bilir, insan taleyinin bütöv mənzərəsini yaradır. Çünki Gülsarıdan danışılanda da insan taleyi əksini tapır. Ona görə də oxucu belə bir suala cavab tapmaqda çətinlik çəkmir. Əgər yazıçı əsərə Gülsarı obrazını əlavə etməsəydi, Tanabay surətinin bədii gücü və xarakter zənginliyi indiki səviyyədə ola bilərdimi? Cavab sadə və aydındır: Əlbəttə ki, yox. “Yazıçı sanki bizə sözsüz şəkildə deyir ki, mənim təsvir etdiyim at insan kimi görür, eşidir, hiss edir”.
Oxucu ona görə də Gülsarının taleyini Tanabayın taleyi bilir. Ta- nabayın fikirlərinə qulaq asdığı kimi onun da ürəyini oxumağa maraq göstərir. Hiss və həyəcanlarına şərik olmağı özünə borc bilir. Kolxoz sədrinin minik atına çevrildiyi və axtalandığı zaman “sınmış qürurunu onun gözlərindən oxuyur”. Ç.Aytmatov bu paralellikdə hər şeyi təfərrüatına qədər çatdırmağı bacarır.
Tanabayın ilxıçı işləməsi, onun qoyun fermasına göndərilməsi, partiya sıralarından çıxarılması və s. məsələlər təfərrüatların iç xəttində dayanır. Heç şübhəsiz, Tanabay Gülsarı paralelliyində Tanabay bir qədər öndə dayanır. Ç.Aytmatov Tanabayı bütün keyfiyyətləri ilə verməyə çalışır və buna nail olur. Tanabay hazırda üzvü olduğu, yaşadığı sosializm cəmiyyətini bir növ “özü qurub”. O, bu cəmiyyətin ideallarına inanıb və hətta qardaşının bu ideallardan kənar “hərəkətlərinə” güzəşt etməyib.
Lakin əsərdə hadisələr inkişaf etdikcə biz Tanabayın içində”öz idealına şübhə yaradan” sual görürük: “Yaşamaq haçana qədər belə pis olacaq?” Ona görə də adamlardan ancaq “işləyin, plan doldurun əmrini eşidən”, “vəziyyətin yaxşılığını yalnız nitqlərdən dinləyən” Tanabayın daxili narahatçılığının təqdimində cəmiyyətin ictimai-siyasi mənzərəsinin əks olunması heç kimdə şübhə doğurmur.
Yazıçı öz qəhrəmanını “problemlər içində” batırmır. Əslində Tanabayın iradəsi, dözümlülüyü hər şeyi həll edir. Siyasi düşüncə çevikliyi olmasa da, Tanabayın özünəməxsus təmkini ona yardımçı olur. Onun Gülsarıdan başqa dostu Çoro, arvadı Çaydar, gənc çoban Bektay, komsomol komitəsinin katibi Kərimbəyov, I katib Kaşkatayev, prokuror və s. ilə qarşılıqlı münasibətində bütün daxili aləmi açılır, arzu və istəkləri təsvir olunur. Bütün sərt təzyiq və təsirlər qarşısında Tanabayın dəyişməməsi əsərdə inandırıcı şəkildə verilir. Onun fermada prokurorla sərt rəftarına görə raykomun bürosunda partiyadan çıxarılması səhnəsində oxucu Tanabayın mənəvi-psixoloji dünyası ilə üz-üzə dayanır və nəticə çıxarır.
Əsərdə müşahidə olunan folklor qatı povestin janr imkanlarını və təsir gücünü artırmağa xidmət göstərir. “Dəvənin mahnısı” adlı folklor nümunəsi bu baxımdan səciyyəvidir. Ağ dəvə çöllərə düşüb gecə-gündüz qara gözlü balasını axtarır. Bu deyim o vaxta təsadüf edir ki, artıq Gülsarı ölmüşdü. Ç.Aytmatov povestdə Tanabay-Ağ dəvə tale oxşarlığının şərti mənalandırılmasında insan taleyinin tarix, zaman, hadisə və s. ilə qırılmaz əlaqəsini göstərmiş, konkret-tarixi şəraitdə obrazını milli-mənəvi bütövlükdə təqdim edib.
Ç.Aytmatov sənəti bir çox hallarda reallıqla mifikliyin sintezində yaranır. Düzdür, onun sırf ailə-məişət problemlərilə bağlı əsərlərində daha çox real əhvalat və təsəvvürlər özünə yer tapır. Lakin belə əsərlərdə də (məs., “Cəmilə” povestində) “rənglər silsiləsi”nin qəhrəmanların (Cəmilə və Daniyar) bu günkü və gələcək həyatlarında özünü göstərə biləcək rəmzlərə çevrilməsi müəyyən məcaziliyə uyğun gəlir. Ancaq bunlar sırf mifik anlamda qəbul edilmir.
“Əlvida, Gülsarı”, “Ağ gəmi”, “Gün var əsrə bərabər” və s. bu kimi əsərlərdə də reallıqla mifiklik paralelləşir, müəllif məqsədinə xidmət göstərmək baxımından bəzən birincinin, bəzən də ikincinin aparıcı olduğu nəzərə çarpır. Ona görə də istər “Əlvida, Gülsarı” (Tanabay, Gülsarı, Vəhşi qaz, Ağ dəvə), istər “Ağ gəmi” əsərində (Mömin baba, Ana maral), istərsə də digər əsərlərində Ç.Aytmatov obrazlara daha çox “fenomenoloji şərh verir”, onlarda “həyat əlaməti axtarır” (N. Cəfərov). Bu kəşfin, bu yeniliyin uğuru kimi biz Tanabay- Gülsarı, Mömin baba - Ana maral və s. eyniliyindən tam mənada danışa bilirik. Çünki “Ağ gəmi”də Mömin baba-Ana maral, “Əlvida, Gülsarı”da isə Tanabay - Gülsarı və s. paralelliyi obrazların və hadisələrin mahiyyətinin açıqlanmasında mühüm rol oynayır.
“Ağ gəmi”də yazıçı 7 yaşlı uşağın iki nağılının olması faktı ilə sonrakı hadisələrə keçid alır. Qeyd edək ki, bu nağıllarda təfərrüat şərtilikdə ehtiva olunur. Nağılların biri Ana maral, digəri Ağ gəmi haqqındadır. Bu nağıllar müəyyən mənada keçmiş və gələcəyin simvollarıdır. Hər iki simvolda inam və ümid yaşayır. Ona görə də 7 yaşlı uşağın balıq olub özünün ümid rəmzi Ağ gəmiyə çatmaq istəyi böyükdür. Maraqlıdır ki, əsərdə hadisələrin çətin və gərgin məqamlarında bu rəmzlər daha çox yada düşür, müqəddəs varlıq kimi onlardan kömək istənilir. Məs. Mömin babanın diləyi, “Buynuzlu ana maral, sən kömək elə, qoyma tir ilişə, qoyma at yıxıla” və 7 yaşlı uşağın yalvarışları, “Buynuzlu ana maral, Bekey xalaya buynuzunda beşik gətir! Səndən çox xahiş edirəm, ona beşik gətir. Qoy onların uşağı olsun” şəklində ifadə olunan sözlərində Buynuzlu ana maralın ümid obyektinin müqəddəsliyi təsdiqlənir. Bu mənada “Ağ gəmi”- də Orozqulun bu günkü fiziki və mənəvi işgəncələrinə məruz qalan Mömin babanın, 7 yaşlı oğlanın və Bekey xalanın haqqın əbədiliyinə inamı itmir. Əsərdə səslənən son sözlər insan idealının əbədiliyinin təsdiqinə çevrilir: “İndi mən yalnız bunu deyə bilərəm, uşaq qəlbinin barışa bilmədiklərini sən rədd etdin. Təsəllim də elə budur. Sən şimşək kimi yaşadın bircə dəfə çaxdın və söndün. Şimşəyi çaxdıran göydür. Göy isə əbədidir. Bu da mənim təsəllimdir. Bir də təsəllim budur ki, insanda uşaq vicdanı toxumun rüşeymi kimidir, rüşeymsiz dən cücərməz. Bizi dünyada nələr gözləyir, gözləsin... Haqq əbədi olaraq yaşayacaqdır...”
Əsərin sonunda Mömin babanın öz idealı olan Ana maralı məcburiyyət qarşısında qalaraq öldürməsi ilk baxışda oxucuda totalitar maraqların insan (milli) maraqlarına güc gəlməsi təsirini yaradır. Əslində burada ideya öz ifadəsini zahiri görüntüdə yox, alt qatda gizlənən fikirlərdə tapmış olur. Müəllif demək istəyir ki, Mömin babanın Ana maralı öldürməsi ilə hər şey bitmir,əsas odur ki, insan milli idealı qəlbində yaşatmağı bacarır və onu gələcək nəsillərə ötürə bilir. Gələcək nəsillər isə onu yenidən həm yaşadır və həm də ideal səviyyəsində özündən sonrakılara çatdırırlar.
Ç.Aytmatovun 1975-ci ildə qələmə aldığı “Erkən gələn durnalar” povesti 1941-1945-ci illər müharibəsi zamanı arxa cəbhədəki insanların həyatını əks etdirmək baxımından xarakterikdir. Əsərin 15 yaşlı qəhrəmanı Sultanmurad öz dostları olan Anatay, Eskinbəy, Kubatqul və digərləri ilə müharibə dövrünün acı həyatını yaşayırlar. Onun atası Bek- bay müharibəyə getmişdir. Lakin ailəsi 2 aya yaxın bir vaxtda ondan məktub gəlmədiyinə görə narahatçılıq keçirir. Kəndin kişiləri cəbhəyə getdiyi üçün burada qalanlar yalnız yaşlılar, qadınlar və uşaqlardır. Kənd camaatı aclıq çəkdiyi üçün kolxoz sədri Tınalıyev Aksay çölündə buğda əkdirmək qərarına gəlir. İşçi qüvvəsinin olmadığını nəzərə alan kolxoz sədri Sultanmuradı və onun sinif yoldaşlarını işləmək üçün sahəyə aparır. Məktəbli uşaqlar yorulmaq bilmədən işləyərək, yaza qədər bütün işləri görüb başa çatdırırlar. Yazın gəlməsinə az qalmış Aksay çölündə erkən gələn durnaların görünməsi hamını təəccübləndirir. İnsanlar təəccüblənsələr də sevinirdilər. Onlara elə gəlirdi ki, bu il məhsul bol olacaq. Lakin durnalar ovçuların onları vuracağını hiss etdikləri üçün bu sahələrdən uzaqlaşırlar. Bundan qəzəblənən ovçular gecə ikən uşaqların əl-ayaqlarını bağlayır, şum üçün istifadə olunacaq atları qaçırırlar. Bununla da uşaqların ümidləri puç olur. Müəllif bu əsərdə iki müxtəlif insan qrupunu və düşüncə tərzini üz-üzə saxlayır. Əsərdə Tinalıyev başda olmaqla zəhmətkeş kənd camaatı, o cümlədən Sultanmurad və onun sinif yoldaşları vətənpərvər və işguzar insanlar kimi təqdim olunur. Yazıçı ikinci qütbdə isə oğrular və vətəni düşünməyən insanları saxlayır. Ç.Aytmatov əsərdəki ideyanı da bu münasibətlər daxilində formalaşdırır və oxucuya çatdırır.
Ç.Aytmatov bir sənətkar kimi tarixə münasibətdə daha çox məsuliyyətli, həssas və diqqətlidir. O, bütün məqamlarda mənsub olduğu xalqın - qırğızların tarixinə, onun günümüzə qədər keçdiyi şərəfli yola, milli maraqlarına, ideallarına sədaqətli olmuş, bütün milli-mənəvi dəyərlərinə əsl vətəndaş-yazıçı mövqeyindən yanaşıb. Müəllifin digər əsərlərində olduğu kimi “Gün var əsrə bərabər” əsərində də tarix və milliliyin geniş təzahürünə rast gəlirik.
Ç.Aytmatov “Gün var əsrə bərabər” əsərində mif və əfsanələrə geniş yer versə də, yaradıcılığında onları ilk dəfə fantastik süjetlər şəklində təqdim edir. Ç.Aytmatov fantastikanı reallığa uyğunlaşdırır, nəticədə hadisələr həqiqət təsiri bağışlayır. Təsadüfi deyil ki, ədib bu barədə fikirlərini oxucularla belə bölüşür: “Mən (Ç.Aytmatov - E.Q.) bu əsərimdə də, əvvəllər olduğu kimi, yenə də həyatın, yaşayış tərzinin təcrübəsi kimi qiymətləndirilən keçmiş nəsillərdən bizə miras qalmış miflərə, əfsanələrə istinad etmişəm. Bununla yanaşı yazıçılıq təcrübəmdə ilk dəfə olaraq fantastik süjetə müraciət etmişəm. Lakin nə bu, nə də o biri mənim üçün əsas məqsəd daşımır, bu ancaq təfəkkür metodu, real gerçəkliyi öyrənmə və yozum vasitəsidir”. Ona görə də əsər boyu yazıçının “kosmik əhvalatları” öyrənmə və yozumunda əsas məqsədi “yer kürəsində yaşayan adamların gələcəkdə baş verə biləcək fəlakətinin potensial gücünü tam aydınlığı ilə təsvir etmək”dir.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor