Bəxtiyar Vahabzadə poeziyasında insan və zaman konsepsiyası Ədəbiyyat

Bəxtiyar Vahabzadə poeziyasında insan və zaman konsepsiyası

1-ci yazı

Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadə çoxsahəli fəaliyyəti ilə respublikamızın sərhədlərindən çox-çox uzaqlarda tanınır. O, hər şeydən əvvəl, mütəfəkkir şair, lirik, dramaturq olaraq həmişə xalqının sözünü deyib. Son dövr tariximizin yaddaşına həm də istedadlı alim, publisist, qeyrətli, cəsarətli ictimai xadim, yeni mübariz nəsil yetişdirən müdrik pedaqoq, sadə və səmimi insan kimi həkk olunan Bəxtiyar Vahabzadənin irsi - şeirləri, dramları, elmi-publisist yazıları dünyanın çox dillərinə (ingilis, rus, fransız, alman, fars, türk, polyak, ispan, macar, özbək, qazax, tacik, türkmən, eston, latış, litva, ukrayna, rumın, moldova, gürcü və b.) tərcümə edilib və böyük sevgi ilə qarşılanıb.
Əsil şeirin yaranması günəşin doğulması ilə müqayisə edilə bilər. Türkün poeziya günəşi - xalq şairi, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-ci il, avqust ayının 16-da Şəkidə doğulub. Şəki dağlar qoynunda yerləşir. Üç tərəfdən yamyaşıl, sıxyar-paqlı ağaclarla örtülmüş dağlar şəhərin keçilməz hasarlarıdır. Yalnız bir yanda - Azərbaycanın ürəyi Bakıya doğru uzanan yolların keçidində dağlar yerə yatır, bir az çılpaqlaşır - bu hissə Şəkinin Şərqə açılan pəncərələridir. O yolda bir körpü da var. El keçən körpüdür ora. Və atalarımız deyir ki, el keçən yerləri ot-alaq basmaz. Həmin alçaqlıq şəhərin elmə, biliyə, özünüdərkə, dünyaya giriş-çıxışıdı. Bu giriş-çıxış olmasaydı, bəlkə də ötən yüzillikdə Mirzə Fətəli Şəkidən Tiflisə ayaq açıb qoca Şərqin müdriklik zirvəsini fəth etməzdi. 13 yaşlı Rəşidbəy Əfəndiyev şəhəri tərk edib maarif ziyasını Azərbaycana yaymazdı...
Bəxtiyar Vahabzadə poeziyasıyla hər dəfə ünsiyyətdə olanda o yollar, el keçən körpü və dağlar yadıma düşür. Bəlkə böyük şairin başı Şəki dağlarının zirvəsi kimi ağappaq idi, ona görə?..
Şəkili qadınlar “Dədə Qorqud” qəhrəmanları kimi dağları “qayınatam” adlandırırlar. O dağlar həm də yüksəklikdir. Elə bir yüksəklikdir ki, cənnət qədər saf, təmiz və müqəddəsdir, yer üzünün bütün şərlərindən, pisliklərindən uzaq bir nöqtədir. Ən ağır dərdə düçar olan o dağların zirvəsinə çıxsa, yüngülləşər. Şəkilinin söylədiyi bir el bayatısında deyildiyi kimi:

Baş qoyan məndim, dağlar,
Sənə güvəndim, dağlar,
Yadlara əyilmədin,
Sinənə çəkdi dağlar.

Bir vaxtlar nakam şəhərdə - adamlar arasında rahatlıq tapmayıb Şəki dağlarına sığınmış, cildlərlə əsərlər yaratmışdı. Molla Cuma qayalardan süzülən “soyuq bulaq”lardan içib aşıq sənətininin elə ucalığına qalxmışdı ki, oranı da ancaq Şəkinin qarlı dağlarıyla müqayisə etmək olar. Məhz Bəxtiyar zirvəsinə illərin arxasından baxanda insan ayağı dəyməyən, yay, qış ağappaq dağ başını görürəm. Oralara heç kəsin əli çatmır. Ona görə də, tərtəmizdir. Lakin nədənsə, dağlara göz dikdikcə sonsuz kədər duyuram.
Bəxtiyar Vahabzadənin də üzünün qırışlarında dərin kədər var idi. Bu kədərin mənasını, mənbəyini də həmin dağların tamaşasına durmaqla anlamaq mümkündür. Çünki Bəxtiyar zirvəsində türk dünyasının yaxın tarixinin tam xronikası, insanların ziqzaqlı yaşantısı, duyğuları, uğurları, uğursuzluqları, dərdi, sevinci, təzadları əks olunub. Türk poeziyasının fəlsəfi istiqamətinin, mübarizə və üsyankarlığının, psixoloji lirizminin iyirminci yüzilliyin ikinci yarısında yükünü daşımaq Şəki dağlarının qoynunda boya-başa çatan, adı Bəxtiyar olsa da, xalqının bəxtiyarlığını görmədiyi üçün özünü həmişə narahat hiss edən bir şairin öhdəsinə düşmüşdü.
O, əlinə qələm alıb ana dilində yazmağı və əlifbanı Şəkidə öyrənsə də, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb, 1942-ci ildə orada orta məktəbi bitirib Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1947-ci ildə həmin fakültəni bitirdikdən sonra elmi yaradıcılığa həvəs göstərdiyindən universitetin nəzdində aspiranturaya girib. Doğrudur, şair əvvəl həkim olmaq arzusuyla Tibb İnstitutuna girib. Lakin ətrafındakı insanların fiziki sağlığının keşiyində durmaqdan çox, mənəvi xəstəlikdən qurtarmağa ehtiyaclarını duyub haqqın yolunu aramağa başlayıb, bütün həyatını sözə, istiqlal mücadiləsinə həsr edib.
Bəxtiyar Vahabzadənin uşaqlığı repressiya çağlarına, gəncliyinin ən çılğın dövrü isə İkinci dünya müharibəsi illərinə düşüb. O, qarşılaşdığı dəhşətli hadisələri daxilindən keçirdikcə, narahat ürəyinin döyüntülərini şeirə çevirib etiraz səsini ucaltmışdı. Onun ilk qələm təcrübəsi məhz dünyanı faşizm kabusu bürüdüyü illərdə sınaqdan çıxmışdır. İlk mətbu şeirləri ilə Səməd Vurğunun diqqətini özünə cəlb etmiş, onun xeyir-duasını alandan sonra bütün ömrünü poeziyaya həsr etmişdir. Şair 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. Lakin elmi-pedaqoji işdən də ayrılmayıb. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda dissertasiyasına görə namizədlik, 1964-cü ildə “Səməd Vurğunun həyat və yaradıcılığı” monoqrafiyasına görə isə filoloji elmlər doktoru alimlik dərəcəsi alıb.
Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Bakı Dövlət Universitetində dərs deyib, 1990-cı ildə təqaüdə çıxıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildən isə həqiqi üzvü seçilib.
B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Akademik Dövlət Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri, paytaxtın digər teatrlarında “Atamın kitabı” əsəri tamaşaya qoyulub. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görülüb. 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib.
Azərbaycan Yazıçılar Birliyinin böyük söz ustasının 75 illik yubileyi ərəfəsində hazırladığı məlumatda deyilir: «B.Vahabza-dənin şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.
Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.
Bədii, elmi-publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilib (1980-2000). O, hələ 60-cı illərdə başlanan milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1950-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirib, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Bu poemaya görə, 1962-ci ildə şair “millətçi” damğası ilə çalışdığı Universitetdən çıxarılıb, yalnız 2 ildən sonra iş yerinə qaytarılıb. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətinin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə edib, irihəcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirib. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər İttifaqı dağılandan sonra “Sandıqdan səslər” başlığı altında nəşr etdirib.
Qüdrətli söz ustası, cəsarətli publisist, ədəbi-bədii prosesin təşkilatçısı kimi tanınan B.Vahabzadə ömrünün son illərində xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən uydurma Qarabağ problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərmişdi. Həmçinin o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim, yorulmadan mübarizə aparıb.
B.Vahabzadənin evi, bir növ, millətin ümid qapısına dönmüşdü. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edirdi, onları dinləyir və imkanı daxilində hər birinin dərdinə əlac etməyə çalışırdı. Respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında o, xalq mənafeyinin əsl müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanıb. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilib”.
Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında narahat insan idi. Oxuculardan şikayət dolu məktublar alanda da, ünvanına yönələn qərəzli yazılar qəzetlərdə işıq üzü görəndə də, mitinqlər baş verəndə də, qonşunun - düşmənin xalqımıza qarşı iftiralarını eşidəndə də, qanlı yanvar hadisələrində sovet imperiyasının generalıyla Azərbaycan televiziyasında üz-üzə gələndə də... Nə qədər ki, dünyamızda haqsızlıq var idi, Bəxtiyar Vahabzadənin də narahatlığı bitib-qurtarmırdı...

Gözümün önündə
haqqı döyürlər,
Qışqırır,
səsinə bir səs verən yox.
Zorun arxasında
elə gizlənib,
Onu nə eşidən,
nə də görən yox...

Bəxtiyar Vahabzadədən xalq çox şey gözləyirdi. Və bəzən elə bilirdilər ki, o hər işə qadirdir. Şair Bəxtiyarın meydanında döyüş sözlə aparılırdı. O, sözünü hər yerdə həmişə demiş - özü də sərrast, açıq, özünü oda-közə vuraraq demişdi. 50-ci illərdə də, XI əsrin birinci on illiyibdə də. Üzündəki kədərin bir sirri də onda idi ki, bəzən sözü kəsərdən salırdılar. Nizamidən, Nəsimidən, Füzulinin Dədə Qorquddan miras qalan sözün qəribçiliyini, yazıqlığını görmək şair üçün böyük dərd idi. Kimlərsə qəsdən Sözün meydanını daraldırdılar. Bu halda da Bəxtiyar kəlamının dəyəri əvəzsiz idi, müdrikliyi hamımıza “tütyə” idi. Bəxtiyar Vahabzadədən ancaq şeir istənilməli idi. O ömrünün son anlarına kimi qələmini yerə qoymamışd. Şair: “Dünyaya mənim sorğu-sualım da tükənməz” – deyərək getdi.
Bəxtiyar Vahabzadə poeziyası həyat dərsliyimizdir. Onun içərisində zaman, eşq, vətəndaşlıq, mübarizlik, üsyankarlıq, mərdlik, ərənlik, qeyrət, ar, namus, düzlük, saflıq və daha nələrə çağırış var. Bu poeziyada inamsızlıq, tərəddüd, məğlubluq, üzüdönüklük yoxdur. İnsan oxuduqca düşünür, düşündükcə mətnləşir, dözümlülük, əyilməzlik tapır, Bəxtiyar Vahabzadənin “mən”ini - qəhrəmanlarını tanıdıqca özünü dərk edir, ümidsizlikdən yaxa qurtarır, vuruşmaq, qələbə çalmaq istəyir.

Ramazan QAFARLI
filologiya elmlər doktoru, professor