“Birinci mərhələdə ən azından son dəfə itirdiyimiz torpaqların geri qaytarılması haqqında düşünməliyik” Siyasət

“Birinci mərhələdə ən azından son dəfə itirdiyimiz torpaqların geri qaytarılması haqqında düşünməliyik”

Fərəc Quliyev: "Ölkəmiz gücləndikcə, Azərbaycanın tarixi coğrafi ərazisinin bərpasına qədər gedib çıxa bilərik"

Fərhad Mejtiyev: "Qərb Azərbaycanın ciddi olaraq Rusiyaya tərəf getdiyini hiss etsə, o zaman Qarabağ məsələsində rəsmi Bakını razı salacaq müəyyən addımlar ata bilər"

Son günlər Qarabağ məsələsi ilə bağlı müxtəlif versiyalar mətbuatın gündəmindən düşmür. Azərbaycanın müharibəyə başlayacağı və tez bir zamanda rayonların işğaldan azad ediləcəyi, bütün bunların isə Rusiya ilə razılaşdırlıdığı ilə bağlı bağlı fikirlər dolaşır.
Millət vəkili Fərəc Quliyev bildirib ki, Azərbaycanın hərbi sahədə mövqeyinin daha da güclənməsi nəinki təkcə işğal altında olan hazırkı ərazilərimizin, habelə hazırda Ermənistan adlanan yerdə yerləşən əzəli torpaqlarımızın da azad olunmasına gətirib çıxaracaq : "Hazırkı dünyada görürük ki, haqlı olmaq kifayət etmir. Yəni, haqlı olan heç də həmişə güclü deyil, güclü olan haqlıdır. Hazırda dünya bu yerə gəlib çıxıb. Azərbaycan 25 ildən çoxdur ki, ədalət uğrunda mübarizə aparsa da, dünya hələlik bunu qəbul etmir. BMT kimi qurum işğal olunmuş torpaqlardan erməni qoşunlarının çıxarılmasına dair 4 qətnamə qəbul edib. Amma indiyə kimi bu qətnamələrin yerinə yetirilməsinə də nail olunmayıb.
Görünür, təkcə haqlı olmaq kifayət deyil, güclü olub haqqı tələb etməyə ehtiyac var. Azərbaycan sivil əməkdaşlığı üstün tutur, beynəlxalq qanunlara əməl edir. Amma həm də güclü olub torpaqlarımızı azad etməliyik. Ordumuz sıyrılmış qılınc kimi döyüşə həmişə hazır olmalıdır. Dostlar, düşmənlər də başa düşməlidir ki, ölkəmizə xoş niyyətlə gələnlərə qucaq açacağıq, pis niyyətlə gələnlərin qarşısında isə qılınc kimi dayanacağıq. Hərbi gücümüzün artması ilə təkcə Dağlıq Qarabağ probleminin həllilə bağlı deyil, həm də digər əzəli torpaqlarımızın qaytarılması haqqında düşüncələrimizi ortaya qoyuruq.
Hesab edirəm ki, birinci mərhələdə ən azından son dəfə itirdiyimiz torpaqların geri qaytarılması haqqında düşünməliyik. Ölkəmiz gücləndikcə, Azərbaycanın tarixi coğrafi ərazisinin bərpasına qədər gedib çıxa bilərik. Ölkəmizin buna imkanı da var. Həm insan amili olaraq gücümüz var, həm də lazımı digər resurslarımız var. Hesab edirəm siyasi iradə və kurs götürülərsə istənilən nəticəyə nail olmaq mümkündür".
Dağlıq Qarabağ ətrafındakı işğal altında olan ərazilərin Azərbaycana qaytarılması ilə bağlı fikrini şərh edərkən politoloq Fərhad Mehdiyev isə deyib ki, Azərbaycan üçün əsas məsələ Dağlıq Qarabağ azad olunanadək aralıq statusun müəyyənləşdirilməsidir: "Qərb Azərbaycanın ciddi olaraq Rusiyaya tərəf getdiyini hiss etsə, o zaman nəinki Qarabağ məsələsində, digər məsələlərdə də rəsmi Bakını razı salacaq müəyyən addımlar ata bilər. ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik 6 prinsipdən danışıb. Bunlar isə indiyə qədər danışıqlar masasında olan prinsiplədir. Birincisi, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, ikincisi, qaçqınların bu əraziyə yerləşdirilməsi, üçüncüsü, Dağlıq Qarabağa keçici status verilməsi, dördüncüsü, Laçın dəhlizinin saxlanılması (o, qeyd edib ki, gediş-gəlişin rahat təmini üçün dəhliz bir az da genişləndirilməlidir), habelə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi və kommunikasiya xətlərinin bərpası. Ancaq həmsədr qeyd edib ki, tərəflər bu prinsiplərdən hansısa birini seçməkdə sərbəst deyillər. Bu prinsiplər ortaq şəkildə paket olaraq həyata keçirilməlidir. Danışıqlar da hazırda bunun ətrafında gedir. Əslində Uorlikin bu şəkildə danışığı və sözügedən prinsiplər Azərbaycanı qane etmir. Çünki burda Dağlıq Qarabağın müstəqilliyindən və yaxud da dəqiq bir referendum tarixindən danışılmır". Politoloqun fikrincə, Ceyms Uorlikin fikirləri əslində Azərbaycanı qane etmir: "Çünki onun fikri o anlama gəlir ki, aralıq statusu haqqında razılıq əldə edilmədən digər prinsiplər həyata keçirilməyəcək. Azərbaycan tərəfi isə sözügedən prinsiplərin həyata keçirilməsi ilə yanaşı aralıq statusunun müəyyənləşdirilməsinin tərfədarıdır. Ancaq Uorlikin fikri işin sülh tərəfini ləngidir. Çünki aralıq statusla bağlı tərəflər konsensusa gələ bilmirlər. Sülhməramlılara gəldikdə isə bu məsələ hələ tam müəyyənləşdirilməyib. Dağlıq Qarabağda ATƏT-in, yaxud da BMT-nin sülhməramlılarının yerləşdirilməsi, bununla bağlı maliyyə və zaman məsələsi hələ sual altındadır. Sülhməramlıların yerləşdirilməsi çox bahalı bir missiyasıdır. Bütün bunlar danışılması tələb olunan məsələlərdir. Əslində Uorlikin bu bəyanatını Qərbin addımına bağlamaq lazım deyil. Qərb Azərbaycanın ciddi olaraq Rusiyaya tərəf getdiyini hiss etsə, o zaman nəinki Qarabağ məsələsində, digər məsələlərdə də Azərbaycanı razı salacaq müəyyən addımlar ata bilər. Unutmayaq ki, Dağlıq Qarabağ məsələsinin həllində Amerika həlledici söz sahib deyil. Əsas söz sahibi Rusiyadır".
Qeyd edək ki, dünən "Vedomosti" qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan torpaqlarının geri qaytarılmalı olduğunu deyib. O, münaqişədən sonra Qarabağa sülhməramlıların yeridilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.

Əli