Azərbaycan İrana öz infrastrukturunu təklif edir Siyasət

Azərbaycan İrana öz infrastrukturunu təklif edir

Şahin Mustafayev: "İran gələcəkdə Transanadolu qaz kəməri (TANAP) layihəsinə qoşula bilər"

İran prezidenti Həsən Ruhani avqustun 4-də ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb. Görüşdə hər iki ölkənin müştərək mədəni, tarixi və dini cəhətlərinə toxunan Ruhani son iki ildə İranla Azərbaycan arasındakı əlaqələrin inkişafından məmnun qaldığını bəyan edib: "İran İslam Respublikası üçün öz qonşuları ilə, o sıradan da Azərbaycanla əlaqələrini genişləndirmək prioritet məsələlərdən biridir. Biz iki ölkə arasındakı əlaqələrin bütün sahələrdə inkişafını müsbət qarşılayırıq. Vyanadakı nüvə razılaşmasından sonra dünyanın bir çox şirkətləri İrana investisiya qoymaq istəyirlər. Aydın məsələdir ki, bu sahədə əsas üstünlük qonşularımıza, o cümlədən də Azərbaycan Respublikasına verirlir. İranla Azərbaycan bir çox sahələrdə birgə əməkdaşlığı genişləndirmək üçün böyük potensiala malikdirlər. Hesab edirik ki, şimal-cənub koridoru iki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün mühüm rol oynaya bilər. Azərbaycan Respublikası İranın Qafqaz bölgəsi ilə əlaqələrini genişləndirmək üçün darvazası ola bilər. Azərbaycan da İran yolu ilə İran Körfəzi və Oman dənizinə yol taparaq dünyanın digər məntəqələri ilə əlaqələrini genişləndirə bilər. Elə buna görə də düşünürük ki, bu potensialdan faydalanmaq üçün birgə əməkdaşlığımızı gücləndirməliyik. Həmçinin iki ölkənin Xəzər dənizinə müştərək sərmayə , neft və qazın müxtəlif sektorlarında birgə sərmayələrin qoyuluşu üçün müsbət və əlverişli bir başlanğıc ola bilər". Görüşdə Vyanadakı razılaşma münasibəti ilə Həsən Ruhanini təbrik edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev iki qonşu ölkə arasındakı münasibətlərin daha genişləndirilməsini vacib saydığını bəyan edib: "Azərbaycan hökuməti və milləti İran hökumətinin nüvə razılaşması ilə bağlı əldə etdiyi böyük nailiyyətdən sevinir. Əminik ki, bu razılaşma bölgədə və dünyada sülh və sabitliyin xeyrinə olacaq. Bu razılaşma həmçinin digər millətlərə də faydalı bir nailiyyət sayıla bilər. Azərbaycan Respublikası tam gücü ilə İranla bütün sahələrdə, o sıradan da enerji, ticarət, nəqliyyat, sənaye, kənd təsərrüfatı, neft, neft-kimiya və bank sistemi sahəsində münasibətlərini əvvəlkindən daha çox genişləndirmək niyyətindədir və bunda qərarlıdır". Qeyd edək ki, avqustun 3-də İranın kommunikasiya və informasiya texnplogiyaları naziri Mahmud Vaizinin rəsmi dəvəti ilə Tehrana səfər edən Şahin Mustafayevi Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin yüksək rütbəli şəxsləri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Socar" Şirkəti, "Azərbaycan Dəmir Yolları" Səhmdar Qapalı Şirkəti, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi,"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Şirkəti və Azərbaycan Mərkəzi Bankının nümayəndələri və bir sıra biznesmənlər müşayiət edir.
Xatırladaq ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın neft naziri Bijən Namdar Zəngənə görüşündə Azərbaycanın İrana neft və qazı dünya bazarlarına ixrac etmək üçün öz infrastrukturunu təklif etdiyini deyib.
Nazir bildirib ki, İran öz neftinin ixracı üçün Azərbaycanın infrastrukturundan, xüsusilə də Bakı-Tbilisi-Ceyhan boru kəmərindən istifadə edə bilər. Onun sözlərinə görə, İran gələcəkdə Transanadolu qaz kəməri (TANAP) layihəsinə qoşula bilər. Bundan başqa, Azərbaycan İrana qazın saxlanması və tələbatın artım dövründə ondan istifadə etmək üçün qaz anbarlarından istifadə etməyi təklif edib. Həmçinin İrana neft-qaz maşınqayırması və neft-qaz avadanlığının birgə istehsalı sahələrində əməkdaşlıq təklif edilib.
Bijən Namdar Zəngənə isə bildirib ki, İran Azərbaycan neftinin Fars körfəzi regionuna "svop" şərtlərlə tədarükünü həyata keçirməyə hazırdır. Onun sözlərinə görə, nefti Tehran NEZ-ə İranın Xəzər dənizində yerləşən Neka limanından nəql etmək olar: "Əvəzində Azərbaycan İranın cənub sərhədlərindəki nefti əldə edəcək".
Zəngənə qeyd edib ki, artıq danışıqlara başlamaq, İrana qarşı tətbiq edilən sanksiyalar ləğv edildikdən sonra isə saziş imzalamaq və işlərə başlamaq olar.
Nazirin sözlərinə görə, İran Xəzərdə neft-qaz sahəsində Azərbaycanla əməkdaşlıq edə bilər: "Biz Xəzərdə əməkdaşlıq üzrə konkret təkliflər irəli sürmüşük və Azərbaycan tərəfindən cavab gözləyirik. Əgər razılaşma əldə edilsə, dövlət başçılarının görüşündə müvafiq sənədi imzalamaq mümkün olacaq".
O, əlavə edib ki, bunu texniki baxımdan etmək çətin olmayacaq: "Şirkətlərimizin neft-qaz sahəsində böyük təcrübəsi var. Azərbaycan hökuməti onları dəstəkləsə və həmin şirkətlərin ölkədə işləməsi üçün şərait yaratsa, şad olardıq. Sizin şirkətlər də İranda işləyə bilər".
İranın neft naziri diqqətə çatdırıb ki, İran neft avadanlığının istehsalı sahəsində böyük təcrübəyə malikdir: "İran "Siemens" turbinlərini istehsal edir. Biz neft avadanlığının birgə istehsalı sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. İran neft avadanlığını Azərbaycanda istehsal etməyə hazırdır".