“Azərbaycanın illərdən bəri məruz qaldığı işğal faktının etiraf olunmasını və aradan qaldırılmasına əməldə köməklik göstərilməsini istəyirik” Siyasət

“Azərbaycanın illərdən bəri məruz qaldığı işğal faktının etiraf olunmasını və aradan qaldırılmasına əməldə köməklik göstərilməsini istəyirik”

Eldar İbrahimov: "Ancaq bunun əvəzində Azərbaycana qarşı ikili standartları, təcavüzkarın şirnikləndirilməsi cəhdlərini görürük və buna da haqlı olaraq öz sərt, barışmaz mövqeyimizi ortaya qoyuruq"


"Avroatlantik məkana inteqrasiya, beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da həmin məkanla, beynəlxalq qurumlarla əməkdaşlıq üçün bir o qədər lazımlıdır və əhəmiyyətlidir. Bu fikri də artıq neçə illərdir ki, həm dövlət, həm ölkə rəhbərliyi, həm parlamentarilər, həm siyasilər səviyyəsində dəfələrlə açıq şəkildə bəyan etmişik, prinsipial mövqeyimizi dönmədən ortaya qoymuşuq". Bunu deyən millət vəkili, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, çox qısa zaman kəsiyində sürətli və dinamik inkişaf yolu keçən Azərbaycan regionun və dünyanın lider, aparıcı, söz və nüfuz sahibinə çevrilən dövlətlərindən biri olmaqla, Avropanın və dünyanın enerji təhlükəsizliyində, sülhün və təhlükəsizliyin təmin olunmasında önəmli rola malikdir. O, qeyd edib ki, Azərbaycan müstəqil xarici və daxil siyasət kursu yeridən, heç kimin dirijor çubuğu ilə idarə olunmayan bir dövlət olaraq, beynəlxalq birlikdən, beynəlxalq təşkilatlardan, Avropa qurumlarından da onunla bərabərhüquqlu tərəfdaş kimi davranılmasını istəyir və tələb edir: "Bu, bizim haqqımızdır və heç zaman da dəyişməyəcək birmənalı mövqeyimizdir. Komitə sədri bu baxımdan hesab edir ki, Azərbaycan artıq onunla zor, təhdid, şantaj, təzyiq, diktə dilində danışılmasını qəbul etmir və bundan sonra da qəbul etməyəcək. Dəfələrlə bəyan etmişik ki, Azərbaycanla artıq heç kim, heç bir qüvvə, heç bir dövlət zor və təhdid dilində danışa bilməz və əgər kimlərsə də buna cəhd edərlərsə sərt təpki ilə üzləşəcək, qarşılığını lazımınca alacaqlar. Çünki müstəqil Azərbaycan Avropaya da, dünyaya da açıq, şəffaf bir dövlətdir. Bizim hansısa məsələdə gizlədiləcək bir şeyimiz, kimdənsə, nədənsə qorxacağımız, ehtiyat edəcəyimiz bir məqam yoxdur. Biz sadəcə, Azərbaycana qarşı ədalətli mövqe sərgilənməsini, haqqın-ədalətin ortaya qoyulmasını, Azərbaycanın illərdən bəri məruz qaldığı işğal faktının etiraf olunmasını və aradan qaldırılmasına əməldə köməklik göstərilməsini istəyirik. Ancaq bunun əvəzində Azərbaycana qarşı ikili standartları, ədalətsiz və haqsız yanaşmaları, təcavüzkarın şirnikləndirilməsi cəhdlərini görürük və buna da haqlı olaraq öz sərt, barışmaz mövqeyimizi ortaya qoyuruq. Azərbaycan bütün beynəlxalq qurumlarla bərabərhüquqlu əsaslar üzərində qurulan əməkdaşlıqda, tərəfdaşlıqda maraqlıdır, o cümlədən, Avropa İttifaqı ilə də. Artıq neçə illərdir ki, Azərbaycan Avropa İttifaqı ilə səmimi və konstruktiv əməkdaşlıq niyyətlərini nümayş etdirir, "Şərt tərəfdaşlığı"nın üzvü kimi üzərinə düşən öhdəlikləri, işləri layiqincə yerinə yetirməyə çalışır. Lakin çox təəssüflər olsun ki, çox zaman qarşılığında bunun əksini görür. Son aylar, xüsusilə, artıq tarixə çevrilmiş çox yüksək səviyyəli Birinci Avropa Oyunları ərəfəsində istər Avropa İttifaqının bəzi rəsmilərinin, istərsə də birbaşa onun nəzarətində olan Avropa Parlamentinin çox ədalətsiz addımları, qərarları ilə üz-üzə qaldıq. Xüsusilə, Avroparlament həmin ərəfədə anti-Azərbaycan kampaniyasının mərkəzində dayanan bir qüvvəyə çevrildi. İdmanı, Avropa Oyunlarını siyasiləşdirmək cəhdləri belə nümayiş etdirdi. Təbii ki, Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti də bununla bağlı öz mütəşəkkil mövqeyini ortaya qoydu, ölkəmizə yönələn məkrli cəhdləri uğurla dəf etdi. Ancaq artıq görünür ki, Azərbaycanla zor, şantaj dilində danışmağın mümkün olmamasını dərk etməyə başlayıblar. Konkret olaraq Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri göstərdi ki, bu qurum Azərbaycanla əməkdaşlıqda maraqlıdır və az qala onlar tərəfindən yandırılmış körpünü bərpa etmək niyyətindədir. Onların nə dərəcədə səmimi olub-olmadığını gələcək zaman göstərəcək. Ancaq elə bilirəm ki, bu, Azərbaycana qarşı ədalətsiz mövqe nümayş etdirən digər beynəlxalq qurumlara da bir ibrət, bir dərs olmalıdır. Onlar da artıq Azərbaycanla təhdid, təzyiq dilində danışılmasının qeyri-mümkün olduğunu anlamalı, dərk etməli və bir an öz yanlış addımlarından geri çəkilməlidirlər. Bundan yalnız onlar özləri qazana bilərlər, bunun yalnız onların özünə xeyri olar. Bir sözlə, Azərbaycan hələ uzun illər çoxlarına lazım olacaq, bizə hələ çox ehtiyac duyulacaq".
Millət vəkili Leyla Abdullayeva qeyd edib ki, Azərbaycanın heç kimə, heç nəyə ehtiyacı yoxdur, amma çoxlarının bizə ehtiyacı var və bu ehtiyaclıq hissi hələ çox uzun illər davam edəcək. Millət vəkilinin sözlərinə görə, bu fikri bir müddət öncə Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş iclasında ölkə Prezidenti İlham Əliyev də bəyan edib. "Dövlət başçısı bəyan etdi ki, Azərbaycanla diktə dilində danışmaq olmaz, Azərbaycanla zor, təhdid, diktə dilində danışmaq cəhdləri baş tutmayıb və baş tutmayacaq. Həqiqətən də, dövlət başçısının vurğuladığı kimi, Azərbaycanla diktə dilində danışmaq artqı mümkün deyil və bundan sonra da mümkün olmayacaq. Çünki indiki Azərbaycan güclü, inkişaf edən, hesablaşılan bir Azərbaycandır. Elə bunu Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Bakıya səfəri bir daha nümayiş etdirdi. O, qeyd edib ki, yəni, bu səfər onun nümayişi, əyani sübutu oldu ki, son zamanlara kimi ölkəmizə, xüsusilə də Birinci Avropa Oyunları zamanı, qarşı haqsız və ədalətsiz mövqe sərgiləməkdə olan Avropa İttifaqının özü artıq Azərbaycanla tərafdaşlığın inkişaf etdirilməsində olduqca maraqlıdır və israrlıdır". Onun sözlərinə görə, Avropa İttifaqı artıq bir daha Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Yəni, belə demək mümkünsə, Avropa İttifaqı Azərbaycanın gücünü etiraf edir, onunla təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmağın heç bir nəticə verməyəcəyini başa düşür: "Çünki başqa cür də ola bilməzdi. Biz də, Azərbaycan dövləti də dəfələrlə bunu vurğulayırdıq ki, Azərbaycana qarşı öz cılız və dar maraqlarına görə yanlış mövqedə olan dairələr, ermənipərəst anti-Azərbaycan qüvvələrlə həmrəylik nümayiş etdirənlər enində-sonunda yenidən Azərbaycanla əməkdaşlığa ehtiyac, möhtac olacaqlar. Onların başqa yolu, çarəsi də yoxdur. Onlar bizə nə qədər lazımdırsa, Azərbaycan da daha çox onlara lazımdır. Azərbaycanın iştirakı və razılğı olmadan bu bölgədə, bu regionda heç nə reallaşdırıla bilməz və ya reallaşdırılmağa cəhd göstərilsə belə, heç bir səmərəli nəticə ola bilməz. Görünür, bunu Avropa İttifaqındakılar da artıq anlamağa, bu həqiqəti və reallığı dərk, qəbul etməyə başlayıblar. Hesab edirəm ki, digərləri də bunu nə qədər gec deyil anlasalar, bir o qədər yaxşı olar, ən azı özləri üçün".