Yaxın Şərqdə 3 yeni dövlət senarisi Siyasət

Yaxın Şərqdə 3 yeni dövlət senarisi

İndiki məqamda Türkiyə çox yumşaq davransa və ciddi səhvlər buraxmağa başlasa, ölkəni ciddi problemlər gözləyir.
Politoloq Azər Qasımlı belə hesab edir. O, Türkiyədə koalisiya hökumətinin qurulmamasının bir neçə səbəbi olduğunu bildirib: "Türkiyədə yeni seçkilər çox realdır. Koalisiyanın qurulmamasının bir neçə səbəbi var. Birincisi, Rəcəb Tayyib Ərdoğan Türkiyəni prezident respublikasına çevirmək və bütün səlahiyyətləri əlinə almaq istəyir. İkincisi, hər hansı koalisiya qısamüddətli olacaq. Bunu prosesdə iştirak edən bütün siyasi oyunçular anlayır. AKP də heç bir halda iqtidara başqa birisini buraxıb və koalisiya şəklində seçkilərə getmək istəmir. Çünki seçkilər zamanı həm inzibati resursu kiminləsə paylaşmalı olacaq, həm də son 10 il ərzində hakimiyyət daxilində baş verənlərin koalisiya ortağı tərəfindən öyrənilməsi və seçkilər zamanı aşkara çıxarılmasını istəmir. Yeni seçkilərə qədər AKP mütləq şəkildə bütün sistemi pozan HDP-ni sistem xaricinə itələyib aradan götürməliydi. Çünki HDP barajı keçmədiyi halda AKP bir daha təkbaşına iqtidar ola bilər. HDP-ni isə yalnız bir halda aradan götürmək mümkün idi: kürd açılımına son verməklə!" Politoloq hazırda regionda çox ciddi proseslərin getdiyini bildirib: "İndiki siyasi vəziyyət belədir ki, həm Türkiyənin özündə, həm regionda ciddi siyasi proseslər baş verir: siyasi krizis iqtisadi göstəricilərə təsir etməyə başlayıb; PKK yenidən silaha sarılıb və terror yenidən ölkənin siyasi gündəminə qayıdıb; İŞİD Türkiyə sərhədinə yaxınlaşıb; Suriya bir ölkə olaraq dağılmaq üzrədir; İran dünyaya açılır və Qərbin bölgədəki müttəfiqinə çevrilməkdədir; Rusiyaya qarşı sanksiyalar daha 2 il davam edəcək və ölkə yavaş-yavaş iqtisadi baxımdan çökəcək, bununla da onun dünyadakı və regiondakı təsir imkanları zəifləyəcək. Bütün bunların nəticəsi olaraq bölgədə Suriya və İraq ərazilərində 3 dövlətin yaranması ehtimalı olduqca realdır: 1. Kürdlərin dövləti, 2. Şiələrin dövləti, 3. Sünnilərin dövləti. İndiki məqamda Türkiyə çox yumşaq davransa və ciddi səhvlər buraxmağa başlasa, ölkəni ciddi problemlər gözləyir. Elə ki, kürd dövlətinin bir hissəsi kürdlərin kompakt yaşadığı Türkiyə ərazilərini də özünə əlavə edə bilər. Kürdlər bunu təbii ki, istəyirlər. Amma onları bu istəklərindən indiki məqamda yalnız sərt tədbirlərlə vaz keçməyə vadar etmək olar. Ona görə, fikrimcə, türk hava qoşunları çox aktiv hərəkətdə olmalı, durmadan PKK-nı vurmalı; İŞİD-ə qarşı ABŞ-la sıx çalışmalı, bütün hərbi bazalarını müvəqqəti olaraq onlara açmalı; bölgənin gələcəyi ilə bağlı ABŞ və Avropa ilə daimi müzakirədə olmalı və əməkdaşlıq etməli; İranla iqtisadi əməkdaşlıq və enerji sahəsində iş birliyinə start verməlidir. Bütün bunları etmək üçün türk siyasətçiləri müvəqqəti də olsa (1 illik) anlaşmalı və nə qədər çətin də olsa, koalisiyaya getməlidirlər. İndiki zamanda seçki çıxış yolu deyil və siyasətçiləri (qərar verənləri) əsas işlərdən yayındıracaq".